Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:02

Sahibkarına 6-7, xaricə isə 1 faizlə kredit verən ölkə


Foto: Arxiv
Foto: Arxiv
“Aygün” xalçaçılıq firmasının direktoru Fatma Ağamirzəyeva həm kreditlərin faizindən, həm də qaytarılma müddətindən narazıdır. Deyir bir neçə il əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan illik 7 faiz olmaqla 5 il müddətə aldığı 100 min manatlıq kredit alıb. İki ildə faizləri normal qaytarsa da sonradan işləri xeyli çətinə düşüb. Vaxt daraldıqca sahibkar faizi qaytarmaqla biznesini necə inkişaf etdirmək dilemması qarşısında qalıb.

“BEŞ İLƏ KREDİT QAYTARMAQ OLMAZ”

İndi krediti qaytara bilməyən sahibkar müxtəlif çıxış yolları axtarır:

“Beş ilə sahibkar krediti qaytara bilməz. Sahibkar öz fəaliyyətini formalaşdırmadan götürdüyü kreditin faizini necə qaytarmaq haqqında fikirləşir. Mən bu barədə müşavirələrdə o qədər demişəm ki, amma eşidən yoxdur”.

Sahibkarlar, fermerlər dövlətdən illik 6-7 faizdən aşağı kredit ala bilməsə də Azərbaycan bəzi xarici ölkələrə uzun müddətli, həm də xeyli aşağı faizlə kredit ayırır. Misal üçün 2011-ci ildə Azərbaycanın Gürcüstanla Belarusa ayırdığı üst-üstə 1 milyard dollardan artıq kreditin illik 1 faizlə verildiyi bildirilir.

SİYASİ KREDİT

Oktay Haqverdiyev
Nazirlər Kabinetinin maliyyə- kredit şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev Azərbaycan hökumətinin bu addımını iqtisadi baxımdan səhv sayır. Onun deməsinə görə, dünyanın heç bir ölkəsində belə kredit siyasəti yoxdur. Oqtay Haqverdiyevə görə, xarici maliyyə qurumlarından illik 3-5 faizə kredit alan ölkənin digər ölkəyə xeyli aşağı faizlə uzun müddətli kredit verməsi təzadlı görünür.

“Əgər hansısa ölkə digərinə kredit verirsə, bu zaman ümumi qaydalara istinad edilir. Dünya kapital bazarında ən aşağı faiz 3 faizdən 5 faizə qədər olur. Gürcüstanla Belarusa xeyli aşağı faizlə uzun müddətli kredit verilməsi iqtisadi yox, daha çox siyasi bir məsələdir”.

Bu səbəbdən də Oqtay Haqverdiyev Azərbaycanın iki ölkəyə verdiyi krediti “siyasi kredit” adlandırır.

“DÜNYANIN HEÇ BİR YERİNDƏ BELƏ AŞAĞI FAİZ YOXDUR”

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan hər il sahibkarlıq subyektlərinə orta hesabla 100 milyon manatdan artıq kredit ayrılır. Ötən il bu məbləğ 130, 2011-ci ildə isə 125 milyon manat olub. İndi Sahibkarlığa Kömək Milli Fondu güzəştli krediti illik 6 faiz olmaqla 7 il müddətinə verir. Sahibkarlar kreditin faiz dərəcəsindən və qaytarılma müddətinin qısa olmasından narazılıq etsələr də Fondda hesab edirlər ki, dünyanın heç bir yerində belə aşağı faiz yoxdur.

Vuqar Bayramov
GÜRCÜSTANDAN 6 DƏFƏ BAHA

İqtisadçı Vüqar Bayramov isə bu fikirlə razılaşmır. O, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda sahibkarlara təqdim edilən kredit faizləri daha yüksək hesab edir.

“Misal üçün Avropada sahibkarlara təqdim edilən güzəştli kredit faizləri illik 2-4 arasında dəyişir. Bundan başqa ABŞ-da kiçik və orta müəssisələrə faizsiz kreditlər verilir. Misal üçün Kanadada kiçik müəssisələr kreditləri illik 1 faizlə verilir”.

İqtisadçıya görə, Azərbaycanda sahibkarlara verilən kredit Gürcüstana verilən kreditdən 6 dəfə bahadır. Bundan başqa Vüqar Bayramov ayrılan kredit məbləğinin az olduğunu da deyir. O, Belarusa 300 milyon dollar ən aşağı faizlə kredit verildiyi halda ölkə sahibkarlarına ildə 130 milyon manat kredit ayrılmasını o qədər də yüksək məbləğ hesab eləmir.

İNFLYASİYA NƏZƏRƏ ALINSA...

İqtisadçı Qadir İbrahimli isə deyir ki, sahibkarlıq subyektlərinin illik kredit tələbatı 400-500 milyon manat olduğu halda, Azərbaycan hökuməti bunun 120-130 milyon manatını ödəyir. Qalan sahibkarlar isə krediti illik 18-24, bəzən 30 faiz olmaqla kommersiya banklarından götürməyə məcbur olurlar. İqtisadçıya görə, yaxşı olar ki, xaricə illik 1 faizlə uzunmüddətli kredit verən dövlət ölkə daxilində bu tələbatı da ödəsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG