Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:05

10 il latın əlifbası ilə


Məktəb dərsliyi
Məktəb dərsliyi
10 il əvvəl -2001-ci il avqustun 1-də Azərbaycanda bütün sahələr üzrə rəsmən latın əlifbası tətbiq olunmağa başlayıb. Aradan xeyli müddət keçməsinə baxmayaraq bu əlifbada yazmaqda və oxumaqda çətinlik çəkənlər var. 51 yaşlı İlqar Müseyibov deyir ki, o, latın əlifbasının tətbiqinə qədər necə yazırdısa, elə də davam edir:

«Mən kiril əlifbası ilə yazıram. İşdə də ərizə, izahat deyirlər, elə yazıram. Deyirlər latınla yaz, deyirəm onu bilmirəm. Gözümü açıb bu hərfləri görmüşüm. Latını öyrənməyə meylim yoxdur, heç öyrənəsi də deyiləm. Çətindir, yadımda qalmır, bir hərfdə o qədər nöqtə olmaz».

Bakı sakinlərinin isə Azərbaycanın latın əlifbasına keçməsinə münasibətləri birmənalı deyil. Xüsusilə də yaşlı nəslin nümayəndələrinin.

«MƏN BU ƏLİFBAYA ÖYRƏŞƏ BİLMİRƏM»

82 yaşlı Tahirə xanım deyir ki, ona orta məktəbin 1-ci sinfində latın əlifbası ilə dərs keçiblər. Sonradan kiril əlifbası tətbiq olunmağa başlayıb:

«Məncə latın əlifbasının bərpası lazım deyildi. Çünki mən bu əlifbaya öyrəşə bilmirəm».

Sabir Əsgərov:

«Yazmaqda və oxumaqda çətinlik çəkirəm. Amma yavaş-yavaş yazıram da, oxuyuram da. Yadımdadır ki, mən orta məktəbdə ingilis dili öyrənəndə, anam deyirdi ki, bax bu hərflər, bizim köhnə əlifbamızdır. Mən hesab edirəm ki, latın əlifbasına keçilməli idi. Çünki bu bizim köhnə əlifbamızdır».

Sona xanım:

«Latına keçidi normal qəbul edirəm. 30-cu illərədək bizimki bu əlifba olub. Mən latın əlifbası ilə rahat yazıb oxuyuram».

Firudin Cəlilov
Onu da deyim ki, gənclər arasında latın əlifbasında yazıb oxumaq məsələsində heç bir problem yoxdur. Hətta rusdilli məktəblərdə təhsil alanlar da bu əlifbada sərbəst yazıb oxuya bildiklərini deyirlər.

PROSES 1990-CI İLDƏ BAŞLADI...

Azərbaycanda əlifba islahatı 1990-cı ildən başlayıb. Hələ o vaxtdan Azərbaycan qəzetində bu barədə müzakirələr aparılıb. Həmin vaxt AMEA-nın Əlyazmalar İnstitutunda bu işlə məşğul olmaq üçün ictimai komissiya da yaradılaraq cəmiyyətin əlifba islahatına münasibəti öyrənilib. Vəziyyət aydınlaşandan sonra isə hökumət «Dövlət Əlifba Komissiyası» yaradıb.

O illərdə «Dövlət Əlifba komissiyası»nın məsul katibi, parlamentə «Elm, təhsil və mədəniyyət komissiyası»nın sədri olan dilçi alim Firudin Cəlilov deyir ki, uzun müzakirələrdən sonra nəhayət 1991-ci ilin dekabrında parlament 1939-cu ilə qədər Azərbaycan respublikasında istifadə edilən latın qrafikalı əlifbanı rəsmən bərpa edib:

«Parlamentin qərarında göstərilmişdi ki, tədris müəssisələrində, mediada və sair, tədricən bu əlifbaya keçilməlidir. Bu işin yekunlaşması üçün 5 il nəzərdə tutulmuşdu. 1996-cı ildə proses başa çatmalı idi. Biz 1992-ci ildən başlayaraq orta məktəb dərsliklərini latın əlifbası ilə nəşr etdik. Bəzi mətbu orqanlarında da bu iş gerçəkləşməyə başladı. Amma qəzetlərin adları, yazıların başlıqları latın əlifbası ilə verilsə də tam olaraq bu əlifbaya keçmirdilər. Görünür oxucularını itirmək istəmirdilər».

Firudin Cəlilov deyir ki, bu əlifbanın bərpasına bir neçə qüvvə mane olurdu: «Kiril əlifbasının qalmasını istəyən köhnə kommunistlər, «X», «Ə» və sair hərflərin olmasına qarşı çıxan cəbhəçilər, həmçinin Azərbaycanın latın əlifbasına keçməsindən narahat olan İran dövlətinin emissarları idi».

Nizami Cəfərov
...2001-DƏ BAŞA ÇATDI

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, dilçi alim Nizami Cəfərov isə deyir ki, məhz prezident Heydər Əliyevin göstərişi ilə 2001-ci ildə təxminən 10 il davam edən bu prosesi başa çatdırmaq mümkün olub:

«Məktəblər, dövlət idarələri latın əlifbasına keçdi. Sonra tədricən başqa sahələr və sonda mətbuatın latına keçməsi ilə bu proses başa çatdı. Çünki mətbuatın latın əlifbasına keçməsi tam kütləvi və bütövlükdə cəmiyyətin bütün təbəqələrini əhatə edən bir hadisə idi. Odur ki, bu prosesin sona çatdırılması çox sistemli şəkildə - bir neçə ayda baş verdi».

Nizami Cəfərovun sözlərinə görə, ümumilikdə bu iş ölkədə çox uğurla həyata keçirilib və bir neçə il sonra Özbəkistan, Qazaxıstan və digər türk respublikaları latın əlifbasına keçərkən Azərbaycanın təcrübəsindən bəhrələniblər.
XS
SM
MD
LG