Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Tehran Əlişanoğlu. Tənqidçinin yay günü


TEHRAN ƏLİŞANOĞLU


TƏNQİDÇİNİN YAY GÜNÜ


Dünən Məqsəd Nurun “Şəhər meri” romanı haqqında yazımı Azadlığın “Oxu Zalı”na göndərib, bugünü yenə yay istilərinin üzünə açdım.

Çoxdandır ANN-ə yazı göndərmirəm.

Komp-da Şərif Ağayar haqqında yazını açdım. Tamamlayıb, göndərim.

Yaman istidir. Heç xoşuma gəlmədi yazdıqlarım. O qədər istilik qoymuşdum bura; hara getdi? Yazı “Aftafalı antrakt” kitabı üzərində idi.

Kultaz xəbər verir ki, Şərifin təzə romanı çıxıb: “Haramı”. Mən yenə Şərif Ağayara uduzuram.

Tənqidin Ədəbiyyata uduzması mənasında. “Aftafa” haqqında gərək ki, elə bir söz deyilmədi, izlədiyim qədər. Heyf, 13 min işarəm getdi işinə.

İstilər də bu yandan. ANS daha da istilər vəd edir. Nəsə yüngül bir şey yazmaq gərək. Oxucu məndən yorulub; Ədəbi Tənqid mənasında. Azadlığın “Oxu Zalı”na girib, Rafiq Tağının təzə hekayəsinə girişirəm: heyvanlar haqqında. Oxu-ha-oxu: “Heyvanlar üçün karvansara”.

Bu virtual şöhrət də, deyən, Rafiqi alıb-aparır-ha. Nə desə, nə yazsa, verəsidirlər. Lap adını çıxar, dəyirmanda otur, köhnələri Anarı-Fikrət Qocanı… yada gətirir.

Nəsə gərək belə olmasın. Rafiqə indi elə bil bir az yazmamaq gərəkdir. Amma əlbəttə, özü bilər. Fikirdi də, gəldi, yazdım.

“Haramı”nı oxumasam, əlimdəki cızma-qaranın bir mənası yox. Hökmə bax: “Şərif Ağayarın Antraktı”. Yazıya bu adı vermişəm.

Çox qəliz gədədir bu Şərif. Həmişə tərs addımlar atır. Guya yazmırdı; onu-bunu oxuyub, qeydlər deyir, müsahibələr verirdi.

Elə “Aftafa”nın təqdimatında idi ki; öz aramızda, Əjdər Ol dedi ki, Şərif yaman darıxır, yaş ötür, ortada ciddi bir şey yox. Amma gör, müsahibə verməyi ilə romanın çıxmağı bir oldu ki.

Özü də verdiyi vədə bax. Yunan mifologiyası-filan… Nəsə, romanı oxumaq gərək.

Feysə (“Facebook”-a) girirəm, bəlkə feyz almalı nəsə tapdım. Baho… Qismətin şeirinə nə çox şərhlər var. Penelopa-Odissey filan.

Əsəd Qaraqaplan demiş: yenə yunan mifologiyası… Yaradıcılıq fakültəsi – Ədəbi məktəb uşaqları nə yaman girişib bura.

Bu II Qismətin yamanca lirik həssasiyyəti, yəni Şeir içi var; Şair xassəsi-xüsusiyyəti-xasiyyəti də demək olar buna; yaşadığı predmetin Şeirini dərhal görür. Bəs Əli Kərim-şünas Cavanşir Yusifli əbəs sezməmiş ki onu. Amma bu bəh-bəhlər qoysalar. Feysi deyirəm.

Özü də tərslikdən, Şeir qurtaran yerdən başlayır təriflər. Əqli icadla Şeir olmur ki. Bunu yazıram şərh yerinə. Xasiyyətimdir, “əmma” qoymasam olmaz. Ədəbi Tənqid mənasında.

II Qismət, 3-cü Qismət. Bir Azər Məmmədov vardı, yəni yenə də var-ha; nasirlər qıta çəkildiyi 90-cı illərdə bu imzanı məxsusi fərqləndirmişdim də. O gün təzədən peyda olub.

Yəni zəng eləyib. Ki, YeniSiyə bir hekayə göndərirəm, xoşuna gəlsə, sayta qoy. Dedim, göndər. Amma yeniSi nə gəzir, yaxşı olsa, deyərəm, Kultaza təklif edərsən.

Baxıb-görürəm bu da imzasını eləyib Azər Qismət. Olsun. 2002-də yazılmış bir hekayədir: “Təmiz adam”. İstidir deyə, qalıb. Qoy oxuyum… Bir az essevarilik varsa da, hekayəliyi də var.

Bir az da şərtilikdə əyib; hekayə 12 yaşlının beynindən yazılıb, amma beyin və qənaətlər daha yetkindir. Gedər, məncə. Bu oğlanda Ədəbiyyat var idi.

Neyləməli, götürdü-getdi, o TV, bu TV, indi deyir: Az TV-dəyəm. Ədəbiyyat bizdə nostaljidir də, hamıda var, ortada yox.

Sevinc Çılğın da burda qeyd edib ki: çoxları Feysdə elə dost qəbul etmək üçündür; nə bir şərh var, nə bir “layk”. “Nravitsya” yəni, “xoşum gəlir”.

Diksinib, dərhal qabağıma çıxan Feyziyyənin şeirinə komment yazıram. Bu qızın İçi var, az-çox Şeirlərinə də gətirib bunu. (Yenə “az-çox”!, ax bu Tənqidçi bədgümanlığı…)

Amma Azadlığın “Oxu Zalı”nda Şeirini elə oxuyur ki, elə bil Beyrəyin Banuya tənbehini eləyir.

Şeirin içi tamam başqadır axı. Bəlkə mən çaşdırmışam…

Yazıya qayıdaq. isti olmağına istidir. Şərifin “Antrakt”ı da heyf oldu bu yay günündə.

Halbuki bunu mən böyük Antrakta yozmuşdum, lap Qarabağ savaşına bərabər. Özü günahkardır. Deyir, romanda üç mətn var…

Baho, yenə paraleloqram, 7 gün, 12 əhvalat, rəqəm əmsalı… İndi Şərif də MKM qalibi Pərviz kimi Oxucunu yükləyəcək Orta əsrlərə; gəl indi oxu da bu “Yad dili”. Gündəlik-detektiv-pornoqrafik… üstəlik, ermənilərlə təmas xətti. Bu lap “Quqark” oldu ki.

Yox, Seymur Baycan daha hünərlidir. Düz ermənilərin içinəcən gedir; qucaqlaşmalar filan. Bu guya Ədəbiyyatımızın ümumbəşəri humanistliyə yüksəlməsidir…

Uşaqlar nəsə notları çaşdırırlar… “Xürrəm”i internetdən oxumuşam; əsl Antrakt hekayəsiydi, götürüb bunu da kitaba salıb Şərif Ağayar…

Pah, mən nə edirəm, bütün bunları yazıram axı. Şərif deyəcək, oxumamış romanımı anti-reklam eləyir; bu kişinin mənnən qərəzi var.

Günahlar “Antrakt”dadır hamısı. Gül kimi yazıydı. Şübhəyə düşürəm; bütün bu, ANN oxucusu üçün nə dərəcədə maraqlıdır? Ədəbi Tənqid mənasında. Tənqidçinin boş-mənasız həyatı-filan. Yüngül bir şey. Doğrusu, ciddiyyətdən yorulmuşam.

Ciddi olduqca hamı səndən qaçır, kənardan baxmağı üstün tuturlar. Heç Feys də kömək eləmir. İstidir. ANS-in vəd verdiyi olmasa da, yenə istidir.

Saat hələ üçdür. Yəni 15-00. Bayaqdan bəri beynimi deşən nigarançılığın açarını nəhayət tapıram. Geyinib şəhərə çıxmaq gərək. “Haramı” üçün. Şəhərin bütün dükanlarında olduğunu yazıb Kultaz…

(bir müddət sonra qeydlərin davamı)

“Azadlıq radiosu”nun Bakı ofisindən qonorarımı götürüb, “Əli və Nino”nun Fəvvarələr bağındakı dükanına çatanda saat 18-00 radələri idi. “Ən yeni ədəbiyyat” seriyasından Şərif Ağayarın “Haramı”sını soruşanda, var dedilər: 5 AZN. Məqsəd Nurun “Şəhər meri”ni xəbər aldım, MKM onluğu seriyasından; təzəcə çıxacağını eşitmişdim.

Hələ yox idi, əvəzində Aslan Quliyevin “Sonuncu”sunu gördüm həmin seriyadan; sevindim: deməli, seriya davam eləyir – 2.80 AZN; təqdimatında ola bilmədim, barı kitabxanamda olsun.

Daha bir təzə kitab – Elnaz Eyvazlının “Kişi etirafı” – 4 AZN; söz vermişəm, gərək tanış olam bu kitabla. İkinci dəfədir kitab bazarlığımı beləcə diqqətə çatdırıram.

Qoy deməsinlər, Tənqidçi havayı-yeyəndir, yazıçı zəhmət çəkir, Ədəbiyyat yolunda can qoyur, Tənqidçi isə onun yazı-pozusu hesabına dolanır.

Metroda “Haramı”nı ora-bura çevirdimsə də, içinə girməkdən qaçındım. Şərif Ağayar gözləyər dedim; əsas odur ki, qeydlərimin dadı-duzu qaçmasın.

Amma bu qalınlıqda gözləmirdim kitabı: 304 səhifə. Normal olduğunu görüb, kağızından şübhələndim.

Evə çatan kimi eləmədim tənbəllik, “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” sırasından buraxdığı digər kitablarla uzlaşdırdım. Nəsə “Haramı”nın vərəqi daha qalın dəydi barmaqlarıma.

Məsələn, Rasim Qaracanın 352 səhifəlik “Əyri evin qadını” kitabı bundan daha yığcam və zərif idi. Keçmə Şahbaz Xuduoğlunun bu işləklərindən.

Saat 21-00 radələridir. Yazının işarələrinə baxıram. 13 min deyilsə də, 6 mindən yuxarıdır. Bəsdir, məncə.

Sabah səhər nəzərdən keçirib, Zahir Əzəmətə göndərim, qoysun ANN-ə. Qoy ölkə ədəbiyyat zəhmətkeşlərinin də “Antrakt”da olmadığından xəbər tutsun; həm Ədəbiyyat, həm də Ədəbi Tənqid mənasında.

29.07.2011
ANN.Az
XS
SM
MD
LG