Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 17:36

Günel Şamilqızı. Hisslərimiz də bir içimlik çay idi



ÇAY

Nəlbəkidə soyuyan çayın
bir qurtumu sənindi,
bir qurtumu mənim.
Mən dəmlədim,
sən tökdün.
Çay tünddür,
xasiyyətin də.
Hisslərimiz də bir içimlik çay idi.
Soyuyur nəlbəkidəkindən də tez.
Tüstüsü başımdan çıxır,
yadımdan çıxmır.
Belə ailələr çoxdur:
- nəlbəkisi tüstülənən,
- ya əzəldən çayı soyuq.
Bizim bir dərdimiz də var:
- Evimizdə qənd qurtarıb.
Çayını iç get yat.
Yuxun şirin olsun.
Heç olmasa, yuxun.



GÖZ YAŞINA MƏKTUB

Öz yağışını tapmışdı bağban
içində,
üzündə,
ovcunda gəzdirirdi.
Yağış küsdü bağbandan
- onu daha gözləmədiyi üçün.
Bağban küsdü yazdan
- gecikdiyi üçün.
Yaz da incidi açılmağa qabil hər şeydən
- onsuz da yumulacaqdılar nə vaxtsa...

Sən belə şeyləri başa düşən deyilsən.
Sən
nə çiçəksən,
nə yazsan,
nə də bağban.
Bağban küsdü yazdan...



BİLMİRSƏN

Bilirəm ki,
qara rəngdədir dişinin dibindən çıxan
- qulaqlarımı tutmasam.
Bilirəm ki,
eynəyin kimi şəffafdır ürəyin
- tez-tez tozunu silməyə icazə versən.
Bilirəm ki,
hərdən sevməyi bilirsən,
hərdən sevdiyimi bilməyi.
Ancaq bilmirsən,
səni nə üçün sevirəm?
- Heç kəs sənin kimi öldürmür!
XS
SM
MD
LG