Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Azərbaycan təyyarəçilərinin cəsədləri ekspertizadan keçiriləcək


İL-76
İL-76
İyulun 6-da Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin tanınması üçün DNT ekspertizasının aparılacaq. Bu məqsədlə də həlak olanların qohumlarından analizlər götürülür.

Bu barədə hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının üzvü Adil Qasımov bildirib:

«DNT ekspertizası nəticəsində tanınması mümkün olacaq cəsədlər qohumlarına veriləcək. Tanınması mümkün olmayanlar itkin düşmüş elan ediləcəklər».

Adil Qasımov deyib ki, ekipaj üzvlərinin meyitləri yaxın vaxtlarda Bakıya gətiriləcək.

Azərbaycanın Pakistandakı səfirliyinin 3-cü katibi Çingiz Qəribli də «APA»ya bildirib ki, hazırda meyitlərin qalıqlarının Azərbaycana göndərilməsi üçün sənədləşmə işləri aparılır:

«Çalışırıq ki, sənədləşmə işlərini yekunlaşdırıb, tez bir zamanda meyitləri Bakıya göndərək».

Azərbaycanın «Silk Way» aviasiya şirkətinə məxsus «İL-76» təyyarəsi iyulun 6-sı Bakı vaxtı ilə 02:10 radələrində Baqram hava limanına enməyə hazırlaşarkən onunla rabitə kəsilib və radarlardan itib.

9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşıdır.
XS
SM
MD
LG