Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:15

Goga Ashkenazi və prezidentin kürəkəni



Ashkenazi qazaxstanlı gənc iş adamıdır.
Onu beynəlxalq oliqarxlarla, Hollivud ulduzları ilə tez-tez yanaşı görmək olar.

Qazaxıstanın Cambul vilayətinin Taraz şəhərində su təsərrüfatı mühəndisi ailəsində anadan olan bu qızın meteor kimi yüksəlişinə səbəb nədir?

Bəlkə Qazaxıstan hamıya bərabər imkanlar verir?

Əsil adı Göhər Berkalieva olan bu qız Oksford Universitetini bitirib. Londonun prestijli Holland Park rayonunda evi var.

Onun biznes imperiyası bir neçə ölkəni əhatə edir.
Özü isə bu biznesi Londondan idarə edir.

31 yaşlı Goganın uğuru Britaniyada və Rusiyada geniş müzakirə mövzusudur.

Ancaq onun yüksəlişini Qazaxıstanda prezident ailəsinə özünməxsus yaxınlığı ilə bağlayanlar var.

Qazaxıstanda Ashkenazi haqda bilən azdır. Çünki media nəzarətdədir. Bu barədə danışmağa qoymurlar.

K+ TELEVİZİYASININ PREZİDENTƏ AD GÜNÜ “HƏDİYYƏSİ”

Bu il iyulun 6-da , Qazaxıstan prezidenti Nazarbayevin anadan olduğu gündə Qırğızıstanda yerləşən K+ televiziyası prezidentə “hədiyyə” etdi.

İlk dəfə idi ki, Ashkenazinin prezidentin kürəkəni ilə əlaqəsindən veriliş verilirdi.

Prezidentin kürəkəni, milyarder Timur Kulibayev 20 ildən çoxdur ki, Nazarbayevin qızı Dinara ilə evlidir. Onların 3 uşağı var.

Ancaq televiziyada göstərilən sənədli proqramdan məlum oldu ki, 4 il əvvəl Timur Kulibayevin Goga Ashkenazidən də övladı olub.

Azadlıq Radiosu Askenazidən bu sənədli film barədə müsahibə istəyəndə Ashkenazi imtina etdi.
Ancaq o heç vaxt Timur Kulibayevlə əlaqələrini gizlətməyib və onu da gizlətmir ki, 2007-ci ilin dekabrında Londonda anadan olan oğlu Adamın atası Kulibayevdir.

Britaniya mətbuatının yazdığına görə, Kulibayevlə Goga 2005-ci ildə ilk dəfə görüşüblər. Onda Goga Kaliforniyalı hotel maqnatı Stefan Ashkenazi ilə ailəli idi.

O vaxtdan Goga ərindən boşanıb, Kulibayevsə prezidentin qızı ilə hələ də evlidir.

“YA QADAĞAN OLUNUB YA DA QORXURLAR”

Qazaxıstanda media və rəsmilər Ashkenazi barədə bir söz belə demirlər. Çünki bu, həm də neft sektoruna Ashkenazinin çıxışı barədə suallar yaradacaq”- bunu iş adamı və müxalifətçi Bulat Abilov deyir.

“Ashkenazinin Timur Kulibayevlə qeyri-rəsmi əlaqələrini bilən hökumət mediası və özəl mətbuat Ashkenazi barədə heç nə yazmır. Media buna toxunmağa ya qorxur ya da mediaya bu qadağan olunub”.

Ancaq ədalət naminə demək lazımdır ki, Ashkenazinin özü də bu yüksəlişinə xeyli əmək sərf edib.

ASHKENAZİNİN YÜKSƏLİŞİ

Goganın 13 yaşı olanda onu İngiltərədə özəl məktəbə göndərdilər.
O, məktəbi qurtarıb Oksford Universitetinə daxil oldu və burda müasir tarix və iqtisadiyyat öyrəndi.
İlk işgüzar əlaqələrini o universitetdə qurub.

Onun universitet yoldaşları indi söz düşəndə Ashkenazinin ağlını çox yüksək qiymətləndirirlər.

Neftdən pullar gələndə bəzi qazaxstanlılar Britaniyada əmlak almağa başlayanda, Ashkenazi artıq uğurlu iş adamı idi.

İndi Ashkenazi Britaniyanın ən yüksək dairələrinə, hətta kral ailəsinə də daxildir.

Ashkenazi Qazaxıstanda da iş görür. O MunaiGas Engineering Group adlı neft və qaz şirkətini yaradıb. MMG Global Consulting Groupun direktorudur.

Bu yaxınlarda isə deyib ki, Qazaxıstanın qızıl mədənlərinə marağı var.

Kulibayevlə münasibətləri ona Qazaxıstanın neft və qaz sektoruna unikal çıxış verir.

BƏS KULİBAYEV?

Nazarbayevin yerinə ən real varis hesab olunan Kulibayevə bu münasibətlər xələl gətirmirmi?

Qazaxıstanlı politoloq Aidos Sarym : “Qazaxıstanda mənəvi məsələlərdə ikili standart var. Hamı bilir ki, siyasətçilərin, biznesmenlərin kənarda uşaqları var. Ancaq bu onların imicinə heç bir ziyan vurmur. Bizdə elə mədəniyyət formalaşmayıb ki, onların imici bundan zərər görə bilsin”.

Qazaxıstandakı Alga partiyasının sədri Vladimir Kozlov deyir:
“ Nazarbayevin özünün kənarda bir neçə uşağı var. Ona görə məntiqlə düşünəndə onun varisi də elə bu qəbildən olan adam olmalıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG