Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:11

Arif Qasımzadə "Sarı gəlin" (Hekayə)


Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin...

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin...

Hər dəfə bu xalq mahnısını eşidəndə bədənimə üşütmə düşür, ətim ürpəşir, dilim tutulur.

Fərqi yoxdu hardayam : metroda, avtobusda, taksidə, kafedə yaxud evdə. Bu həyəcan tezliklə qəlbimin dərinliklərinə dolub, bütünlüklə məni ağuşuna alır. Onun təsiri altına düşürəm.

Uzun müddət nə dinib danışıram, nə bu göy tutulmasından qurtula bilirəm, nə də özümdə oluram. Yeganə çıxış yolum ancaq göz yaşlarıma çatır.

Ağladıqdan sonra, sanki yüngülləşirəm, özümü daha çox gümrah hiss edirəm.

Bu göz yaşlarında necə gözəl hikmətlər varmış, ilahi. Amma bu hal beləcə qurtarmır, yenə də təkrarlanır, sonra hər şey yenidən başlayır və düşünürəm ki, heç vaxt da bitməyəcək.

Çünki bu mahnının içində mənim kövrək, şirin xatirələrim yatıb qalmışlar, onları oyatmaq isə günahdan da günahdır...

Ah atam, atam. Necə gözəl günlərimiz vardı. Xoşbəxt, qayğısız, mehriban uşaqlıq illərim heç vaxt yadımdan çıxmaz. Evin böyük qızıydım.

İki bacı və bir qardaşıydıq. Balacaydıq onda. Uşağa nə lazımdı : xoş nəvaziş, yaxşı rəftar, gözəl tərbiyə, uyğun olan nəzarət. Bu xüsusiyyətlərlə necə gözəl insanlar yetişdirmək olar.

Bütün bu xüsusiyyətlərin hamısı isə atamda və anamda cəmləşmişdi və yeri gəldikcə bizə sirayət edirdilər. Azacıq fərq olmadan belə onları çox istəyirdim. Amma düzünü deməliyəm ki, atamı daha çox sevirdim.

Ona görə ki, o, hər gün işə gedib gəlirdi, anama nisbətən onu az görürdüm. Amma bu da əsas deyil.

Başlıca səbəb o idi ki, anam bir az ciddiləşib bizi tənbeh eləyəndə, qaçardıq atamızın yanına.

Sığınmağa yerimiz vardı, o, bizim pənah apara biləcəyimiz yeganə istinadgahımızıydı...

Səhər tezdən yuxudan qalxanda atamızı görməzdik, o artıq işdə olardı, buna görə də səhər yeməyini iştahsız yeyərdik. Amma tezliklə yoxluğuna da alışardıq : bilirdik ki, gün qürub edəndə harda olsa gəlib çıxacaq.

Onun gəlişi bir toy-bayramıydı bizim üçün.

Elə ki, o, darvazadan içəri girdi, qışqıra-qışqıra qaçardıq qucağına. Böyük olduğum üçün birinci mən çatardım, tezcə atılardım qucağına, o üzündən bu üzündən öpərdim. Atam da mənim gözlərimdən öpərdi.

Onun isti qucağında oturub düşmək istəmirdim. Bu zaman bacım və qardaşım indi çatıb aşağıdan-yuxarı mənə baxıb qışqırışardılar. Mən isə bu “dağlar qoynunda” əbədi oturub qalmaq istəyirdim.

Hətta onlara paxıllığım da tuturdu. Az qala atama qışqırıb deyəm ki, “axı bunları neynirdin belə, balaca, zəif və gərəksizdilər. Sənə təkcə mən lazımam, mən.” Amma indi “əziz atam, mənim üçün necə gözəl balacalar vermisən, mənə hər zaman lazımdı onlar” deyə fikirləşirəm.

O, mehriban-mehriban başımı sığallayıb məni yerə qoyar, sonra da balacaları qucağına götürüb evimizə doğru addımlayardı.

Mən isə atamdan küsürmüş kimi evimizə doğru qaçardım. Bir mərtəbəli evimizə giriş bir metrlik hündürlüyü olan səliqəli tikilmiş pilləkəndən başlardı.

Evimiz sadə, lakin yaraşıqlı tikilmişdi. Atam həyətimizə xüsusi gözəllik verən üzüm çardağı da düzəltmişdi.

Hə, pilləkənləri qalxan kimi qapını kəsdirmiş anamı görüb, yanından sivişib içəri otağa qaçardım. Ehh...

Sonra atamın məni ovutmaq üçün saatlarca dilə tutması, nəvazişi, oxşaması gözümün önündən getmir.

Dizinin üstündə oturub şam yeməyini birlikdə yeyər və beləcə barışardıq. Bir də görərdin ki, keçdi qonaq otağına, pianonun qarşısına.

Onun necə deyərlər, təbi gələndə pianoda ifa eləməyini unuda bilmirəm. Bir-iki mahnı ifa edəndən sonra anama deyərdi ki, “uşaqları da götür gəl.”

Biz balacalar otağa daxil olanda atamızı pianoda “Sarı gəlin” mahnısını böyük həvəslə, coşqun bir məhəbbətlə ifa etdiyini görərdik.

Musiqi o dərəcədə gözəl idi ki, gündə yüz dəfə eşitsəydik belə yenə də bezməzdik.

Onun bu mahnını həddən ziyadə sevməsinin səbəbi anam idi.

O, sarışın olduğu üçün atam “Sarı gəlin”i məhz ona həsr edərdi. Hələ bir oxuyardı da..

Səsi hələ də qulaqlarımdan getməyən necə gözəl səsi vardı. Anam ayaqüstə dayanıb dirsəklərini pianoya söykəyər, əllərini bir-birinə sıxıb çənəsinə dayaq verər və beləcə atama diqqətlə qulaq asıb xəyallara dalardı.

Bu xəyalları ilə elə bil ki, onu hər dəfə yenidən kəşf edərdi. Budur atam yenə coşub, öz dünyasındadır, pianoda ifa etdiyi musiqi sədaları altında belə oxuyurdu :

Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...

Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin...

Nə biləydik ki, xoşbəxt günlərimizin ömrü qısa olacaqmış. Axı niyə belə oldu?

Öz-özümə sual verməkdən, ittiham eləməkdən yorulmuşam, bitib-tükənmişəm artıq. Başqa heç nə istəmirəm : nə var-dövlət, nə mal-mülk, dünyanın min bir naz-nemətini. Hamısı mənim üçün gərəksiz zibil parçasıdı.

Bizim xoşbəxt ailəmizin yanında, o xoş, firavan günlərimizin qarşılığında bütün bunlar qat-qat dəyərsizdi.

Səhrada susuz qalan yolçuya qızıl pulun bir xeyri olmadığı kimi, mənə də o şirin, o kövrək xatirələrimizin əvəzini heç bir şey verə bilməz...

Atam qəfil xəstələnmişdi. Ömrü boyu siqaret çəkməyən, içki içməyən adamın birdən-birə qaraciyəri necə xarab ola bilərdi axı? “Qaraciyərin sirrozu” xəstəliyi adı altında atam hər gün damla-damla əridi, şam kimi yanıb qurtardı.

Xəstəxanadan müalicə olunub yenicə evə dönmüşdü. Fikirləşirdim ki, yenə xoşbəxt günlərimiz qayıtdı, amma çox təəssüf ki, belə deyilmiş. Sözün düzü, o vaxtlar balacaydım, başa düşə bilməzdim bütün bu olanları.

Amma indi böyük adam gözüylə düşündükcə, qəlbim ağrıyır, içim sızıldayır.

Hər gün kino filmi kimi gözümün önündən getmir o günlər. Bəli, atam xəstəxandan qayıtmışdı, heç kimə hiss etdirmədən həmişəki əhvali-ruhiyyəsindəydi.

Biz uşaqlar da ona qoşulmuşduq. Təkcə anamdan savayı. Bircə o kədərliydi, hüznlüydü, üzü gülmürdü. Anlamadığım qəribə bir hisslə o həyəcan mənə də keçməyə başlayırdı.

Mən də yoluxurdum bu hüznə. Amma bilmirdim, duymurdum bu dərdin nədən ibarət olmasını. Atama baxırdım, əvvəlki kimi deyib-gülür.

Düzü, bir az arıqlayıb-zəifləmişdisə də, yenə əvvəlki şuxluğundaydı. Bəs onda nəydi bu gizli “kabus”? Məni bu düşüncələrdən pianomuzun şaqraq səsi ayırmışdı o vaxt.

Tezcə qaçmışdım piano olan otağa. Anam səssizcə divanda əyləşmişdi, atam tez-tez ifa etdiyi oynaq melodiyaları dəyişirdi, balacalar isə hər şeydən bixəbər böyük həvəslə oynayırdılar.

Sonda atam keçmişdi özünün şah əsəri sayılacaq “Sarı gəlin”inə. Oxudu, oxudu və gözəlcə ifa elədi. Amma, səsi əvvəlki kimi deyildi, nəsə tutqunluq vardı. Anam da dinməzcə qulaq asırdı. Atam mahnının son zözlərini oxuyurdu :

Bu dərənin uzunu,
Çoban qaytar quzunu.
Bu dərənin uzunu,
Çoban qaytar quzunu.
Gün ola mən bir görəydim,
Nazlı yarımın üzünü.
Neynim aman, aman.
Neynim aman, aman.
Sarı gəlin....

Gün ola mən bir görəydim,
Nazlı yarımın üzünü.
Neynim aman, aman.
Neynim aman, aman.
Sarı gəlin....

Anam yan otağa keçib səssiz-səssiz ağlayırdı. Mən isə atamın qucağına qaçıb onu bərk-bərk qucaqlamışdım. Ayrılmaq, qopmaq istəmirdim ondan.

Nəyisə anlamağa çalışırdım. Ancaq indi başa düşürəm hər şeyi.

Demək belə qismətmiş, taleyimiz belə olmalıymış. Atasızlığın əzabını çəkmək yazılmalıymış alnımıza...

Nə bileydim ki, bu atamın son gülüşüdü, qucağında son oturuşumdu. Onun ətirinin son damlalarıdır ki, ciyərlərimə çəkirəm. Son kərə ifa etdiyi “Sarı gəlin”di...
Ona görə də, çox-çox illər keçsə belə “Sarı gəlin”i unuda bilmirəm. Bu mahnıda bizim xoşbəxt günlərimiz yığılıb qalmışlar.

Hər dəfə o günlərə qayıtmaq, acılı-şirinli vaxtlarımızı xatırladıqca əzab çəkirəm, əzab. Bu mahnı mənim üçün “atamlaşıb” artıq. Bu mahnı səsləndikcə, atam yadıma düşür, onun gülüşünü, nəvazişini duyuram bu mahnıda.

Özümü çox xoşbəxt hiss edirəm. Min kərə əfsus ki, bu xoşbəxtlik cəmi dörd-beş dəqiqə çəkir.

Mahnı bitən kimi yenə əvvəlki hüzn-kədər çökür qəlbimə. Bütün günü özümə gələ bilməmək, hissiyatsız bir insana dönüşüm baş verir.

Qoymaram ki, kimsə bu mahnını əlimdən ala, qopara məndən. Zəifliyimə baxmayaraq, boğub öldürərəm onu. Vallah edərəm. Billah edərəm...
10 iyul 2010

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG