Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:25

Heydər Əliyev muzeyində keçmiş prezidentin bircə əşyası belə yoxdur


Heydər Əliyev məktəb-muzeyi
Yasamal rayonunda 6 mərtəbədən ibarət, ümumi sahəsi 800 kvadrat metrdən də çox olan bir binaya - Heydər Əliyev məktəb-muzeyinə adi bir gündə yox, iyulun 14-də baş çəkirik. 1969-cu ilin bu günündə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilib. İyulun 14-də onun hakimiyyətə gəlişinin ildönümü rəsmi səviyyədə qeyd edilir. Düşündük ki, bu gün keçmiş prezidenti yad etmək istəyənlərdən yəqin bu mərkəzə də gələn olar.

Günorta saat 12-1 arası olar. Muzeyin eksponat otaqlarının qapıları məhz bizə görə açılır, işıqları yandırılır. Ətrafda muzey işçilərindən savayı bir kimsə gözə dəymir. Elmi işçi Aynur Məmmədova bizi muzeylə tanış edir:

- Gördüyünüz kimi bu, Heydər Əliyevin büstüdür, xalq rəssamı, professor Natiq Əliyevin əl işidir. Bürüncdən hazırlanıb. Burada isə Heydər Əliyevin diplomlarıdır, hamısı fərqlənmə diplomlarıdır.

MUZEYDƏ HEYDƏR ƏLİYEVƏ MƏXSUS BİRCƏ ƏŞYA BELƏ YOXDUR

2008-ci ildən istifadəyə verilən bu muzey 2 eksponat zalından, informasiya texnologiyaları otağı, kitabxana, konfrans zalı və mühazirə otağından ibarətdir.
Məktəb-muzeyin direktoru Sədaqət Seyidzadə
Eksponat zallarını Heydər Əliyevin büstü, xanımı ilə birgə kiçik heykəlləri, diplomlarının sürətləri, üzərində Heydər Əliyev və Zərifə Əliyevanın portretləri olan xatirə medalları bəzəyir.

Zalların dörd divarına isə qəzetlərdən də bizə tanış olan Heydər Əliyevin müxtəlif fəaliyyət dövrlərini əks etdirən fotoşəkillərdən ibarət stendlər vurulub. Muzeydə keçmiş prezidentə məxsus bircə əşya, hətta onun istifadə etdiyi qələm belə yoxdur.

Məktəb-muzeyin direktoru Sədaqət Seyidzadə deyir ki, muzey yeni yaranıb deyə, hələ ki, belə bir eksponat əldə edə bilməyiblər:

«Hələ təzə fəaliyyətə başlamışıq, ola bilsin ki, gələcəkdə eksponatlarımızın sayını artıraq».

Daha sonra Sədaqət xanım bizi özünün ən çox sevdiyi eksponatla - Heydər Əliyev və Zərifə Əliyevanın skamyada əyləşib gülər üzlə bir-birlərinə baxdıqları kiçik heykəllə tanış edir:

«Bu mənim ən çox sevdiyim eksponatdır. Onların üzlərinin cizgilərinə baxın, necə də üzlərində xoş təbəssüm var, gözlərinə baxın…».

Heydər Əliyev və Zərifə Əliyeva
Eksponat zallarından çıxıb üz tuturuq bir neçə kompyuterin yerləşdirildiyi informasiya texnologiyaları otağına və ona bitişik kitabxanaya. Elmi işçi Aynur Məmmədova:

«İnformasiya otağında kompyuterlərimiz var, orada Heydər Əliyevlə bağlı saytlar yerləşdirmişik. Gələn hər bir kəsə kompyuter vasitəsilə məlumat çatdıra bilirik. Bu da kitabxanamızdır. Tələbələr konspekt və ya məqalə yazanda gəlirlər, istifadə edirlər».

6 AYA 80 MİN MANAT

Direktor Sədaqət Seyidzadə deyir ki, Heydər Əliyev məktəb-muzeyi 2008-ci ildən fəaliyyətə başlasa da, əməkdaşların ştat cədvəli ötən aydan təsdiqlənib. Hazırda muzeydə 5 nəfər çalışır, daha doğrusu, rəsmi maaş alır. Bundan başqa sınaq müddətində olan gənc əməkdaşlar da var. Əməkhaqqına gəlincə isə, ən az maaşı gözətçi alır – 89 manat, ən yüksək maaş isə direktorundur – 200 manat. Maaşlar da daxil olmaqla muzeyin saxlanmasına dövlət büdcəsindən vəsait ayrılır.

Direktor Sədaqət Seyidzadə deyir ki, bu ilin 6 ayı üçün dövlət bu muzeyə 80 min manat pul ayırıb.

«ZİYARƏTÇİSİZ BİRCƏ GÜNÜMÜZ DƏ OLMAYIB»

Konfrans zalı
Ziyarətçiyə gəlincə isə, Sədaqət Seyidzadə deyir ki, bu baxımdan korluq çəkmirlər. Baxmayaraq ki, bizim muzeydə olduğumuz təxminən bir saat ərzində bircə ziyarətçi də görmədik:

- Yasamal rayonunun bütün məktəblərindən şagirdlər, müəllimlər gəlib tanış olublar. Universitetin tələbələri gəliblər.

- Könüllü, pərakəndə şəkildə gəliblər, yoxsa turlar təşkil olunub?

- Yox, pərakəndə yox, məktəblərlə müqavilələrimiz olub. Gəliblər burada Heydər Əliyevlə bağlı dərslər keçiblər.

- Heç ziyarətçinizin olmadığı gün olubmu?

- Mən burada işlədiyim müddətdə elə bir gün olmayıb.

Muzeydəki xatirə kitabına da göz gəzdirdik, orada isə Prezident İlham Əliyev daxil olmaqla yalnız fəxri qonaqların ürək sözlərini oxuduq. Muzey direktoru da təsdiqlədi ki, kitaba sadə ziyarətçilərdən fikrini yazan olmayıb. Muzeyi tərk edib yaxınlıqdan keçib-gedənlərlə söhbətləşirik. Yalnız bir nəfər - Əmrah adlı təxminən 50 yaşlı Bakı sakini deyir ki, muzeyin qapısından içəri ayaq
Heydər Əliyevin büstü
basıb:

- Heydər Əliyev adına Muzeydə mən tez-tez oluram. Ora bizim ulu öndərimizin adını daşıyan nümunəvi bir məktəbdir. Baxmayaraq ki, iş adamıyıq, heç vaxt ulu öndərimizi yaddan çıxarmırıq.

Söhbətləşdiyimiz digər Bakı sakinləri isə az qala hər gün yollarını bu mərkəzi küçədən salsalar da, muzeyi bircə dəfə də olsa ziyarət etmədiklərini deyirlər:

- Yox mən getməmişəm. Gündəlik tələbatımızı ödəməyə çalışırıq, başımız özümüzə qarışıb, onunla maraqlanmırıq.

- Yox, getməmişəm, vaxt, imkan yoxdur getməyə.

- Muzeydə olmamışam, nə vaxtsa bir gün gedərəm də.

Hazırda Azərbaycanda 50-dən artıq Heydər Əliyev muzey-mərkəzi var.
XS
SM
MD
LG