Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:14

ANAR: "25 ildir ki, sədrəm, yorulmuşam"


Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anarın simsar.az saytına müsahibəsi


- Haqqında ən çox yazılan yazıçı bəlkə də sizsiz. Bu yazıları təsnifatlandırsaz, əleyhinizə olanları çoxdur, yoxsa lehinizə?

- Yazıların kəmiyyəti deyil, keyfiyyəti vacibdir. Mənim haqqımda həm Azərbaycanda, həm Türkiyə, həm Rusiyada elə qiymətli insanlar qiymətli sözlər deyiblər ki, əleyhimə yazanların onların yanında heç bir sanbalı yoxdur. Əleyhimə yazanlar da cəmi bir-iki nəfərdi. Mən onları zarafatla Anarşünas adlandırıram. Yəqin elə işə də onları buna görə götürüblər ki, ancaq Anardan yazsınlar, Anarı sancsınlar. Hər yazılarında dəxli oldu, olmadı bir cümlə ilə də olsa zəhərlərini buraxırlar. Artıq onlara gülürəm. Bilirəm ki, belə buyruq qullarının münasibətləri tapşırıqdan, sifarişdən, öz uğursuzluqlardan irəli gəlir. Onları üstümüzə muzdla qısqırdırlar.

- Ümumiyyətlə, Anar haqqındakı yazılarda obyektivlik daha çox görünür, yoxsa subyektivlik?

- Tənqidin əleyhinə deyiləm, hamı tənqid edə bilər. Amma tənqidlə təhqiri fərqləndirmək lazımdır. Biri var, böhtan atsınlar, sənin haqqında yalan danışsınlar, sırf nökər hikkəsiylə təhqir etsinlər, burada hansı obyektivlikdən danışmaq olar? Biri də var, yazırlar ki, filan əsərində filan obraz xoşuma gəlmədi, hə, bu başqa məsələ, bunun əleyhinə deyiləm. Əleyhimə yazanlar yazsınlar... Yazıb-yazıb yorulacaqlar, mən bir şey itirmirəm, əksinə onlar itirir. Özlərinin də dediyi kimi, onların məqsədi məni hörmətdən salmaqdı, amma bununla onlar özlərini hörmətdən salırlar. Çünki camaat bilir, mən kiməm, onlar kim.

- Yazıçı həyatı ilə, oxucu həyatı arasında olan fərqi obrazlı təsvir etsək hansı mənzərə yaranar? Mən oxucuyam, Siz yazıçı. Təbii ki, öz həyatımdan xəbərim var, amma sizin həyatınızı bilmirəm. Bəs, Sizin necə oxucularınızın həyatından xəbəriniz var?

- Mən kənddə yaşamamışam, kənd həyatını yaxşı bilmirəm, ona görə mən kənddən yazmıram. Ən yeni nəsildən də yazmıram. Düzdü, mənim bu nəsildən olan övladlarım, nəvələrim var, az-çox onların problemlərinin nədən ibarət olduğunu bilirəm. Amma mən daha çox şəhərdə yaşayan və mənim nəslimə mənsub olan ziyalılardan yazıram. Bundan başqa tarixi əsərlər də yazıram, o əsərlərdə də yaş həddi yoxdur. Adam gərək bildiyindən yazsın. Bilmədiyindən yazanda dəqiq olmur.

- Yazıcı yaşadıqlarını yazanda daha möhtəşəm əsər alınır, yoxsa yaşamadıqlarını?

-Həm yaşadıqlarımı, həm yaşamadıqlarımı, həm xəyalımda olanları, həm arzu etdiklərimi yazmışam. Deyirlər ki, ancaq bədii əsər yazırsansa, onda fəalsan, publisist yazı, esse yazırsansa, bu, ədəbiyyat sayılmır. Belə yanaşma düz deyil. Məsələn, “Ağ qoç, qara qoç” əsərində təbii ki, mənim fantaziyalarım var.

- Anar həyatını sərf edərək yaşayır, yoxsa həsr edərək?

- Sərf edərək.

- Hansı gözəldi, ömrü sərf edərək yaşamaq, yoxsa həsr edərək?



- Mən həyatımı ədəbiyyata həsr etmişəm, amma ömrümü insanlara səfr edirəm. Elə ikisi də.

-Tələbə olanda müəllimlər redaktə qabiliyyətimizi yoxlamaq üçün, adını və müəllifini gizlədərək, bizə bir kitab təqdim etdilər. Hər kəs ciddi cəhdlə redaktə işinə başladı. Bir neçə səhifədən sonra məlum oldu ki, bu Dostayevskinin əsəridir. Bəlkə də bağışlanmazdır, biz Dostayevskini redaktə etməyə cəhd göstərirdik. Bəs Siz necə hansısa dünyaca məşhur əsəri oxuyandan sonra redaktə etmək istəmisizmi?

- Nəinki başqalarının, heç öz əsərlərimi də redaktə etmək istəmirəm. Bəzi yazıçılar var ki, əsərlərinin bu günlə səsləşməyən yerlərini ixtisar və əlavələr edirlər. Bu, saxtakarlıqdı. Necə yazılıbsa, elə də qalmalıdır.


- Daha konkretləşdirək: Anar hansı əsərini yenidən redaktə etmək istəyərdi?

- Üslubiyyət cəhətdən yazdıqlarımı redaktə etmək istəyərdim, amma bu əxlaqi cəhətdən mənə uyğun olmadığı üçün heç vaxt əvvəl yazdığımı dəyişmirəm. Yazdığım əsərləri necə var, o cür də çap edilir.

- Sovet dönəmində “Dədə Qorqud”u yazdız. O dövrdə həqiqəti yazmaq asan idi, yoxsa indi?

- O vaxt da Dədə Qorqud haqqında yazmaq asan deyildi. O dastan damğalanmışdı. Amma mən cavanlıqdan bu əsərə məftunam. Ən böyük arzum onu filmə çəkmək idi. Ssenarisi yazılanda da ona qarşı etirazlar oldu. Bizim bəzi alimlər elə bilir ki, elmi əsərlə bədii əsərin fərqi yoxdur. Elmi əsərlərə qoyulan tələblərlə bədii əsərlərə yanaşırlar. Bədii əsərlərin elmi əsərlərdən fərqi odur ki, orada gərək yazıçı fantaziyası olsun. “Dədə Qorqud”un əleyhinə bu cür iddialar və təqidlər var idi. O vaxt hər şeyi Moskva təsdiq edirdi, orda da problemlər var idi. Amma buna baxmayaraq, biz bu filmi çəkməyə nail olduq. Türkiyədə bu barədə çox böyük rezonans oldu. Qəzetlər yazırdı ki, filmi biz çəkməli idik amma heç bizim ağlımıza da gəlmədi, bunu azərilər etdi. Yazırdılar ki, azərilər əsarətdədir, amma bunu çəkməklə onlar öz mənliklərini təsdiq etdilər. “Dədə Qorqud” həmin illərdə ən çox tamaşaçı toplayan film idi. İndiki dövrün də başqa çətinlikləri var, indi də oxucu problemi var. Oxucu ədəbiyyatdan çox şey istəyir. Və şok şey istəyir. Ədəbiyyat ancaq şokdan ibarət ola bilməz axı. Ədəbiyyatın bir təmkini, sanbalı da olmalıdır. Düzdür, indi senzura yoxdur, amma deyə bilmərəm indi əvvəlkindən asandı. O vaxt biz senzuradan çox əziyyət çəkirdik. İndi senzura yoxdur, amma senzurasızlığın da bir ucu məsuliyyətsizlikdi. Xüsusilə mətbuatda məsuliyyətsiz yazılar dərc olunur. Çox vaxt bilmirlər söhbət nədən gedir, kimisə qaralamaq üçün atmacalar atırlar. Ən qəribəsi isə odur ki, ən çox yaltaqlıq edən adam başqasını yaltaqlıqda ittiham edir. Nökər xislətli birisi tutuquşu kimi yazıdan-yazıya eyni sözləri təkrar edir. Nökər xisləti nədir? Dırnağı belə olmadığın adamlara sataşmaqla özünün aşağılıq kompleksini ovutmaq. Bizdə bir xalq məsəli var: “Adını sənə qoyum, səni yana-yana qoyum”. O qüsurlar ki, o adamların özlərinə məxsusdu, onları başqasına aid edirlər. Bununla da elə bilirlər ki, öz qüsurlarından azad olurlar.

- Siz Milli Məclisin növbəti dəfə deputatı olmayanda mətbuatda yazırdılar ki, hakimiyyət Anara soyuq münasibət sərgiləməyə başlayıb. Ümumiyyətlə, yazıçının hakimiyyətlə hər hansı bir ortaq mövqeyi olmalıdırmı?

- Hakimiyyət deyir ki, biz Qarabağı azad etməliyik, Azərbaycanın ərazi bötüvlüyü bərpa olunmalıdı, müstəqilliyimizi qoruyub saxlamalıyıq. Mən də

bunları deyirəm. Müxalifətəm deyə bunların əksini söyləməliyəm? Məsələn, dilimizin adı dəyişəndə buna etiraz etdim, dedim ki, Konstitusiyada dilimizin adı Azərbaycan türkcəsi olsun. Fəxri adlara həmişə etiraz etmişəm. Mənim özümə də veriblər, amma dünyanın heç bir ölkəsində belə bir şey yoxdur, heç lazım da deyil. Bu, insanlar arasında xəstə rəqabət oyadır. Görürəm ki, bizim bəzi məmurlar özbaşınalıq edir, rüşvətxorluq var. Bununla razılşa bilmərəm. Amma bu qüsurlar mənim bədii yazılarımda da öz əksini tapır, çünki mən köşə yazarı yox, yazıçıyam. Atamın və mənim satira yazılarımızdan ibarət son kitabımızı oxuyun. Çağdaş ədəbiyyatımızda bundan daha kəskin tənqidi əsərlər varsa, göstərin. Amma o da var ki, tərəzinin bir gözünə bu problemləri qoysaq, digər gözünə Azərbayacının müstəqilliyini, müstəqilliyimiz ağır gələr. Xoşbəxtliyimiz ondadır ki, müstəqilik. Bu, çox böyük nailiyyətdi. Demokratiya bir gündə olmur, demokratiya prosesini başqa millətlər illərlə, əsrlərlə keçiblər. Biz 20 ildir ki, azadıq, amma istəyirk ki, bizdə də tam demokratiya olsun. Olmayacaq, bunu addım-addım qazanmaq lazımdır. Biz istəyirik ki, insanlar hamısı yaxşı yaşasın, bu da birdən-birə olmur. Amerika kimi böyük bir ölkədə zibil yeşiyində eşələnib, yemək tapıb yeyən adamları öz gözümlə görmüşəm. Sağlam mübarizə aparmalıyıq, təzədən anarxiya yaratmağa ehtiyac yoxdur. O illəri yada salmaq istəmirəm, amma gördük də... Azərbaycan parçalanmaq, dağılmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Hərənin bir silahlı dəstəsi vardı, küçəyə çıxmaq olmurdu. Mən onun tərəfdarıyam ki, Azərbaycanda güclü, ağılllı, sağlam müxalifət olsun, bu müxalifət öz sözünü deyə bilsin və iqtidarla bir yerdə Azərbyacanın əsas problemi olan Qarabağ problemi üzərində əl-ələ verib, çiyin-çiyinə mübarizə aparsınlar. Bu məsələ öz həllini tapandan sonra bir-biri ilə nə qədər istəyirlər dava-dalaş etsinlər.

- Deyirlər, yazıçı daim müxalifətdə dayanmalıdır. Bu fikirlə razısız?

- Müəyyən məsələlərə müxalif olmaq olar. İnsanlar yemək yeyir, su içir, paltar geyinir, mənsə müxalifətəm, nə yemək yeyəcəm, nə su içəcəm, nə paltra geyəcəm demək müxalifətdə olmaqdır? Bütün mənəvi dəyərlərə qarşı çıxmaq müxalifətlikdir? Lütfizadədən tutmuş Çingiz Aytmatova qədər, Tahir Salahovdan Oljas Süleymanova qədər bütün dəyərli insanlar haqqında nalayiq ifadələr işlətmək – kimə qarşı müxalifətçilikdi? Xalqlar iftixarı olan adamlara qarşı çirkin ifadələr işlətmək – kimə qarşı müxalifətçilikdi? Xalqın iftixarı olan adamlara, sənin kimi düşünməyən hər kəsə dözümsüz münasibət demokratiyadır? Böyük, kiçik olmalıdır, kim ağzına nə gəldi danışmamalı, böyüyə hörmətsizlik etməməlidir. Bizim milli mentalitetimizdə heç vaxt böyüyə hörmətsizlik olmayıb, onu xarici düşmənlərimizin təlqini ilə indi aşılamaq istəyirlər. Onu aşılamaq istəyirlər ki, heç bir avtoritet qalmasın, hörmətli, nüfuzlu insanlar nüfuzdan salınsın. Azərbaycana heç bir xidmət göstərməmiş adamlar isə meydanda at oynatsın. Bu, həm də ermənilərin niyyətidir, bəzi “bizimkilərin” əli ilə həyata keçirilir.

- Heydər Əliyev mükafatı alacağınızı gözləyirdiz?

- Xeyir, gözləmirdim, birdən eşitdim ki, prezident bu mükafata məni layiq bilib, çox sağ olsun. Prezident, Yazıçılar Birliyinin binasını təmir etdirdi, 50 yaşlı, 20 cavan yazıçıya təqaüd verdi. Buna görə prezidentə təşəkkür edəndə, deyirlər ki, hökümətə yarınmaq istəyir. Bu, məhz nökər düşüncəsinin təzahürüdür. Elementar nəcəbət var. Nanəciblik heç bir vaxt məziyyət olmayıb. Sənə yaxşılıq edən adama gərək ən azı təşəkkür edəsən. Özləri kölə olanlar elə bilirlər ki, hamı kölədir, nəsə almaq istəyir. Mənə heç nə lazım deyil, oturub sakitcə işimi görmək istəyirəm. Amma mənə sataşanda, cavab verməyi də bacarıram.

- Çoxları deyir, Sizə mükafat ona görə təqdim olunub ki, bu il sədrlik postunu təhvil verirsiz...

- Mükafat alanda gərək sədrlikdən gedəsən? Bu nə qəribə məntiqdi. Bizim qurultay olacaq, qurultay ərəfəsində öz fikrimi deyəcəm. Artıq 25 ildir ki, sədrəm, yorulmuşam, özüm üçün də yaşamaq istəyirəm, bir az da rahat yaşamaq, yaradıcılıqla məşğul olmaq istəyirəm. Digər tərəfdən isə, Yazıçılar Birliyi üçün bu qədər işlər görəndən sonra, (yeri gələrsə, sadalayaram) bunların hamısını qoyub getmək və sonra “nə olur olsun” demək çətindi. O vaxt getmək istəyərəm ki, yerimə gələn adamın birliyi dağıtmayacağına, parçalamayacağına, binasını otaq-otaq satmayacağına əmin olum. Deyirlər ki, Yazıçılar Birliyi nəyə lazımdır?.. Bəs onda niyə 200 adam bura ərizə verib? Lazım olmasa, yəqin verməzlər. Düzdür, bir az səxavətlə onları üzvlüyə götürürük. Bura ədəbin həyatın mərkəzidir, hər gün burada ədəbi həyat qaynayır. Niyə dağılsın ki? Əksinə, kömək etmək lazımdır, hər cür şərait yaratmaq lazımdır ki, bu təşkilat xalq, millət, mədəniyyətimiz üçün müəyyən işlər görə bilsin. Şəxsən mənə bu 25 ildə Yazıçılar Birliyi heçnə verməyib. Yaşlısından lap sütülünəcən çeşid- çeşid nankorlarla, qadınıyla, kişisiylə, növbə-növbə dönüklərlə, paxılıqla, satqınlıqla rastlaşdım, yalanlara, böhtanlara, təhqirlərə məruz qaldım.

Budur mənim Yazıçılar Birliyində 25 ildə səhhətimi, əsəblərimi, yaradıcılığımı qurban verərək qazandığım.

- AYB-yə üzvlük hansı kriteriyalara söykənir?

- Kriteriya yoxdur. Biri gəlir nüfuzlu bir yazıçıdan kağız gətirir, bir başqa hörmət etdiyimiz yazıçı zəng edir, deyir ki, bu adam yaxşı şeir yazır. Neyləyəsən? Amma əksər vaxtlarda biz həmin şəxsin yaradıcığına obyektiv baxırıq. Ola bilsin, aralarında təsadüfü adamlar var. Məsələ orasındadır ki, Azərbaycanda yazan çoxdur, hər yazan da Yazıçılar Birliyinin üzv olmaq istəyir. Əlbəttə Yazıçlar Birliyinin qarşısında donquldayanları, mırtadananları da var. Amma necə deyərlər...karvan keçər.

- Bəlkə sədr olaraq, Siz çox səxavətlisiz?

- Çalışırıq ki, obyektiv olaq.

- Fərq qoymursuz necə yazırlar?

- Hamı dahi ola bilməz ki...İstərdim ki, Azərbaycanda yazı yazanların çoxu gedib ayrı bir işin qulpundan yapışsınlar. Min dənə sənət var, gedib mühəndis, həkim, vəkil, hüquqşünas olsunlar. Amma hamı nədənsə yazıçı olmaq istəyir. Azərbaycanın bir bədbəxçiliyi də elə budur.

- AYB-nin elə üzvləri var ki, ədəbiyyata yad adamlardı, bəs onlar niyə burdadır?



- Konkret kimdir, onu da desələr, onda düz, ya yanlış danışdıqlarını təyin etmək olar. Deyirlər ki, yazıçılar birliyinin üzvü olmaq üçün, pul vermək lazımdır. Mənə maraqlıdır, kimə pul vermək lazımdır? Mən alacam? Boş-boş danışırlar və bunlar hamısı çirkin böhtanlardı. Cəsarətləri olsun, konkret ad çəksinlər. Deməyə qorxurlar, amma bizim üstümüzə atırlar, sonra yenə elə bizi günahlandırsınlar.

- Azərbaycan cəmiyyətinə bu ölkənin vətəndaşı kimi verəcəyiniz qiymət, yazıçı kimi verəcəyiniz qiymətdən fərqlənir?

- İstərdim ki, bizim cəmiyyət bir az daha məsuliyyətli olsun. Bu gün televiziyalarımız səhərdən axşamacan çalıb oxuyurlar. Ölkəsinin 20 faizi işğal olunmuş, 1 milyondan artıq qaçqını olan bir cəmiyyətin televiziyası ancaq şənləndirməklə məşğul olmamalıdır. Demirəm, yasa bataq, amma bu ruhda tərbiyə olunan insanların sabah döyüşə getməyinə inanmaq çətindir. Şit təbliğat yox, bu gün ağıllı təbliğat lazımdır. Türkiyədə əsgərliyini çəkməyən adama qız vermirlər. Bizdə də gərək elə olsun ki, valideynlər ordudan övladını necə xilas edəcəyini deyil, nə zaman orduya yola salacağını düşünsünlər. Təkcə söhbət ordudadan getmir. Məsələn, polisə qarşı da, digər sahələrə qarşıda münasibət bu cür olmalıdır. Polisdən çox şey asılıdır, gərək polis rüşvət götürməsin ki, ona hörmət etsinlər. Təkcə Türkiyədə yox, bir çox Avropa dövlətlərində əsgərə, polisə ədalətin qarantı kimi baxırlar. Biz də ağıllı təbliğatla bu fikirləri təlqin etməliyik.

- Belə başa düşdük ki, televiziyalarımızda yayımlanan verilişlərin keyfiyyəti sizi qane etmir. Xəbərlərə baxırsız?

- Bəli, xəbərlərə baxıram. Hətta yadımdam çıxır çox vaxt özüm olan verilişlərə də baxmıram. Amma bu, çıxış yolu deyil, mən baxmıram, digərləri baxır axı. Hərdən mənim televiziya kanallarının rəhbərləri ilə söhbətim olur, deyirlər ki, camaat bunu istəyir. Deyirəm ki, camaatı buna alışdırırsız, ona görə də bunu istəyirlər. Bütün günü filan müğənninin evi, həyatı, hovuzu haqqında danışanda, 8 maşınını göstərəndə, neçə cangüdəni var deyəndə millətə maraqlı gələr də. Bu, bayağı maraqdır, çox təəssüf ki, bizdə bayağılaşma gedir. Sənətdə, cəmiyyətdə, insan münasibətlərində bayağılaşma. Bu, çox pisdir.

- Bəlkə lazım olan şəxslər bu barədə danışılması lazım olan yerdə daha çox susur?

- Danışmaqla olmur. Bu gün “Mədəniyyət” kanalı yaranıb. Çox istərdim ki, bu kanal yüksək səviyyədə mədəniyyəti təbliğ etsin. İnternetdə məsuliyyətsiz çıxışlar olmasın. Bu gün dostum Vaqif Səmədoğlu əgər internetdədirsə, bu özü böyük bir hadisədir, çünki onun deməyə sözü də var, ağlı da, savadı da. Hər şeyi addım-addım, səbrlə etmək lazımdır, birdən- birə heç nə olmur.

- Deyə bilərikmi Anar şöhrətin ən sonuncu zirvəsinə də çatıb?

- Şöhrətin zirvəsi yoxdur. Şöhrət adamı aldadır. Şöhrət odur ki, küçə ilə gedirsən və səni tanıyırlar. Bəzi adamlar buna can atır, çalışırlar ki, televiziyada çox çıxış etsinlər, üzləri çox görünsün, küçədə bunları tanısınlar. İnanın mənə, mən bundan əziyyət çəkirəm. Çünki, istəyirəm ki, küçə ilə gedəndə sərbəst olum. Ancaq mümkün deyil, kimsə bir xahiş ilə yanaşır, kimsə qanını qaraldır, səni fikirlərindən ayırır. Üçüncü gəlib, yaxşı bir söz deyir, dördüncü tənqidi fikir səsləndirir. Hər halda bir an belə özün özünlə imkanı olmur. Bu şöhrət adama heç bir ləzzət vermir. Xaricdə olanda, tanımırlar deyə rahat gəzirəm. Burda isə yaxınlaşıb problemlərini danışırlar, həm də elə problemlərdir ki, sən onları həll edə bilmirsən, acıyıram, amma heç cür kömək edə bilmirəm. Nə onu işə düzəldə bilərəm, əgər böyük müalicə problemi varsa, nə onu həll edə bilərəm. Bacardıqca edirəm, amma böyük bir qismini edə bilmirəm, çünki bu mənim imkanım xaricindədir. Həmin adam gəlib dərdini mənə danışır, özü yüngülləşir, mənisə öz problemləriylə yükləyir.
XS
SM
MD
LG