Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:32

Nemət Pənahlı iyulun 2-dən aclıq aksiyası keçirir


Nemət Pənahlı
Nemət Pənahlı
Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) həbsdəki sədri Nemət Pənahlı bir həftədən artıqdır aclıq aksiyası keçirir.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı Səməd Pənahlı məlumat verib. O, N. Pənahlıya həbsxanada işgəncə verildiyini iddia edir:

«Vəkili bu gün onunla görüşüb, məlum olub ki, o, ayın 2-dən aclıq edir. Həbsxananın rəisi Nemət bəyi döyüb, orda onun bir nəfər əl-altısı da var, hər gün orda ona işgəncə verir».

Vəkil Samir İsayev isə bildirib ki, artıq təcridxana rəhbərliyi N. Pənahlının aclıq etdiyini qeydiyyata alıb:

«Aclıq aksiyası keçirməsinin səbəbi ona qarşı psixi təzyiq, ayrı-seçkilik və hüquqlarının tapdanmasıdır. Dediyinə görə, daim alçaldırlar, əsassız karserə salırlar, həkim müayinəsi təyin etmirlər. N. Pənahlı ictimaiyyət məlumatlandırılandan, Ombudsman və hüquq müdafiəçiləri ilə görüşdən sonra aclığı dayandıra biləcəyini deyib».

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə N. Pənahlıya həbsxanada işgəncə verildiyini təkzib edir:

«Onu heç kim döyməyib, heç bir təzyiq də yoxdur. Amma aclıq edirsə, aclığın səbəbi olmalıdır. Bu səbəbləri elan edərək aclıq aksiyası keçirirsə, bu, onun hüququdur. Qanunvericiliyə uyğun olaraq digər məhkumlardan təcrid olunacaq və həkim nəzarəti altına götürüləcək».

N. Pənahlı Ədliyyə Nazirliyinin nəzdindəki Bakı İstintaq Təcridxanasında saxlanılır.

İyunun 17-də Nəsimi rayon Məhkəməsi Nemət Pənahlını 6, dostu Ceyhun Fərzullayevi 4 il müddətində azadlıqdan məhrum edib. Onlar bu ilin yanvarında Azərbaycan vətəndaşı Eldəniz Rzayevin şikayəti əsasında saxlanmışdı. Şikayətçi yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində hər iki şəxs tərəfindən döyüldüyünü iddia edirdi.

Nemət Pənahlı və vəkilləri cinayət işini qondarma və siyasi sifarişli sayırlar.
XS
SM
MD
LG