Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 12:42

Xankəndi aeroportunun açılışının təxirə salınmasına səbəb «texniki məsələlər»miş


Xankəndi aeroportu
Xankəndi aeroportu
Tanınmamış Qarabağ Respublikasının rəhbəri Bako Sahakiyan AzadlıqRadiosunun
Ermənistan xidmətinə deyib ki, onlar hazırda Xankəndi yaxınlığındakı aeroportu uçuşlara daha yaxşı hazırlamaq üçün əlavə işlər görürlər. “Biz istəyirik ki, uçuşlar beynəlxalq standartlara cavab versin. Ona görə də biz işimizə məsuliyyətlə yanaşırıq”.

Aeroportda ilk uçuşun Ermənistan və Dağlıq Qarabağ arasında mayda olması nəzərdə tutulsa da, uçuş qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bako Sahakiyan bu təxirə salınmanı “texniki” səbəblərlə izah edib.

Azərbaycan tərəfi isə bildirib ki, rəsmi Bakıdan icazəsiz Xankəndinə uçacaq təyyarə vurulacaq. İyulun 6-da Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov yerli mətbuata bildirib ki, uçuşlar Dövlətlərarası Aviasiya Komitəsinin müddəalarına ziddir və onların icazəsi olmadan Xankəndinə uçuşların qarşısının alınacağı ilə bağlı bəyanatları qüvvəsindədir.

Tanınmamış Qarabağ Respublikasının rəhbərliyi isə aeroportun açılışının təxirə düşməsinə bu hədələrin təsir göstərməsini inkar edir və təxirəsalınmanın səbəbinin “texniki məsələlərlə bağlı” olduğunu bildirir.

Bako Sahakiyan AzadlıqRadiosunun Ermənistan xidmətinə deyib ki, texniki səbəblər həll olunan kimi Xankəndindən uçuşlar başlayacaq. Amma o, uçuşların başlanacağı ilə bağlı dəqiq tarix göstərməyib.

Bako Sahakiyan əlavə edib ki, hələlik uçuşların marşrutu Xankəndi-Yerevan və Yerevan-Xankəndi üzrədir və ümid edirlər ki, gələcəkdə beynəlxalq uçuşlar da həyata keçirəcəklər.
XS
SM
MD
LG