Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:50

İmişlidə döyülən jurnalist


Məhbub Zülfüqarlı «Hürriyyət» qəzetinin İmişlidəki müxbiri
Məhbub Zülfüqarlı «Hürriyyət» qəzetinin İmişlidəki müxbiri
«Çox biədəb ifadə işlətdi, mən də dedim ki, «danışığına fikir ver, ziyalı hesab olunursan». Qəfil mənə yumruq vurdu. Gözümdəki eynək düşdü, sındı. Əyiləndə bir də yumruq vurdu, burnumdan qan fışqırdı».

Məhbub Zülfüqarlı «Hürriyyət» qəzetinin İmişlidəki müxbiridir, həm də «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvüdür. Bu qərargah ötən ilin mayında Kür daşqınlarından sonra yaradılıb. Zülfüqarlı deyir ki, iyulun 5-də İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rahim Zahidovun qohumu Azər Zahidov onu döyüb. Hadisəyə səbəb isə Zülfüqarlının Kür daşqınları ilə bağlı İmişlidə evlərin tikilməsi zamanı korrupsiya halları və ayrı-seçkiliyə yol verilməsi barədə dedikləri və yazdıqlarıdır:

«Səbəb mənim jurnalist fəaliyyətimdir. Mən təkcə «Hüriyyət» qəzetinə yazmıram, bir çox qəzetlərdə yazılarım çıxır. Yəni mən Azərbaycan xalqının aşağı təbəqəsinin xəbərlərini dövlət rəhbərliyinə çatdıran bir insanam».

YENİ EVLƏR KİMƏ VERİLİB?

Məhbub Zülfüqarlı hazırda səhhətinin ağır olduğunu, burun sümüyünün sındığını deyir. Hadisə baş verən gün rayonun polis idarəsinə şikayət ərizəsi ilə müraciət edib. Amma deyir ki, polis araşdırma aparmaq əvəzinə tərəfləri barışdırmağa çalışır.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyir ki, Məhbub Zülfüqarlı da daxil olmaqla İmişlidən olan üzvlərinin köməyi ilə bu rayonda 38 evə baxış keçiriblər. Bu rayondan 200-dən çox sakindən müraciət məktubu alıblar. Oqtay Gülalıyevin dediyinə görə, Məhbub Zülfüqarlı həm də İmişlidə dövlət büdcəsi hesabına tikilərək yerli icra hakimiyyətinin şöbə müdiri Rahim Zahidovun qohumlarına verilən evlərin siyahısını da «Kür» Vətəndaş Cəmiyyətinə təqdim edib. Oqtay Gülalıyev iddia edir ki, Zülfüqarlıya qarşı təzyiqlər bundan sonra başlayıb.

HADİSƏNİN FƏRQLİ TƏSVİRİ

Qarşı tərəf isə hadisəni tamam başqa cür təsvir edir. Jurnalisti döyən və icra hakimiyyətinin şöbə müdiri Rahim Zahidovun qohumu olduğu iddia olunan Azər Zahidov AzadlıqRadiosuna deyib ki, hadisə onun çalışdığı təşkilatın binası önündə baş verib. Danışır ki, Məhbub Zülfüqarlı həmin təşkilata başqa bir əməkdaşla görüşə gəlib, amma bu zaman onunla jurnalist arasında mübahisə yaranıb:

«Başladı söyüş söyməyə, mən də onun ağzını tutdum dedim ki, artıq-əskik danışmasın. O başladı mənə yumruq atmağa, mən də onu itələdim ki, getsin. Bu zaman gözündəki eynək onun üzünü cızıb yaraladı. O dediyi məsələ var ki, guya Rahim müəllim mənim qohumumdur, ozü də monitorinqlə məşğul olub – bunların məsələyə heç bir aidiyyatı yoxdur».

Məhbub Zülgüqarlı
«MƏHBUB ZÜLFÜQARLI HƏMİŞƏ MƏNƏ QARŞI QƏRƏZLİ OLUB»

Hadisədə adı hallanan İmişli rayon İcra Hakimiyyətinin şöbə müdiri Rahim Zahidovsa deyir ki, nə «Kür» Vətəndaş Cəmiyyətinin İmişlidə daşqından sonrakı neqativ hallarla bağlı dediklərinin, nə də Məhbub Zülfüqarlının iddialarının əsası var:

«Məsələlərin mənimlə heç bir bağlılığı yoxdur. Bu insan həmişə mənə qarşı qərəzli olub, mənimlə bağlı böhtan xarakterli yazılar yazıb. İkincisi də, Məhbub Zülfüqarlı monitorinq apara bilən adam da deyil. Əslində İmişli rayon İcra Hakimiyyəti də bu məsələdə bir rol oynaya bilmir. Çünki bu məsələləri konkret olaraq dövlət komissiyasının işçi qrupu müəyyənləşdirir. Yazılanların heç birində həqiqət yoxdur. Nə onlar monitorinq keçiriblər, nə də bir fakt müəyyənləşdiriblər».

DÖYƏN KİMDİR, DÖYÜLƏN KİM?

Rahim Zahidov deyir ki, Məhbub Zülfüqarlıya qarşı məhkəmə qarşısında iddia qaldırmağa hazırlaşır, onun şərəf və ləyaqətini alçaldan fikirləri yaydığına görə.

İmişli rayon polisi isə kimin döyüb kimin döyüldüyünü hələ ki araşdırır. Polis İdarəsindən AzadlıqRadiosuna verilən məlumata görə, onlara həm Məhbub Zülfüqarlı, həm də Azər Zahidov tərəfindən şikayət ərizəsi daxil olub. Hər iki şəxs döyənin qarşı tərəf olduğunu iddia edir. Polis işlə bağlı tədqiqat qrupu yaradıb, araşdırma aparılır.

«BU, YEGANƏ BASQI HALI DEYİL»

«Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev bildirir ki, jurnalistin döyülməsi daşqınlarla bağlı neqativ halları üzə çıxaran qurum üzvlərinə qarşı yeganə basqı deyil:

«Dövlət başçısının səfərindən sonra biz gözləyirdik ki, bu bölgələrdə vəziyyət yaxşılaşacaq, amma əksinə, pisləşir. Onun gedişindən sonra hələ heç yerdə evlər tikilməyib, insanlara kompensasiya verilməyib. Əksinə öz haqqını tələb edən insanlara qarşı bu cür zorakılıqlar baş verir».

Gülalıyevin dediyinə görə, «Kür» Vətəndaş Cəmiyyətinin başqa bir üzvü Kəmalə Rəhmanqızıya da təzyiq olunur- küçədə onun qarşısını kəsib təhqir ediblər, rayondan çıxmağa, cəmiyyətə üzvlükdən istefa verməyə məcbur ediblər.
XS
SM
MD
LG