Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Sabirabadda daşqından əziyyət çəkənlər yenə narazılıq edirlər


İyulun 4-də Sabirabad rayonunun bir qrup sakini icra hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhd edib.

Onlar Kür daşqınlarından sonra dəyən ziyanın ödənilməsini, evlərinin tikilməsini, əkin-biçinə qədər dolanmaq üçün kompensasiya verilməsini tələb edirlər.

Əsgərbəyli kənd sakini İlham Əmiraslanov AzadlıqRadiosuna deyib ki, Qasımbəyli, Əsgərbəyli və Yuxarı Axtaçı kəndlərinin bir qrup sakini icra hakimiyyətinə gedərkən rayon rəhbərliyi onları yolun yarısında saxlayıb:

«Əsgərbəyli kəndində yolun qırağında bizimlə danışdılar. Onlara ölkə başçısına yazdığımız müraciətin bir nüsxəsini verdik».

İlham Əmiraslanov deyir ki, onların tələbləri iyulun 7-ə kimi yerinə yetirilməsə, ayın 8-də Prezident Administrasiyasına gedəcəklər.

Aksiya iştirakçıları prezident İlham Əliyev və keçmiş prezident Heydər Əliyevin portretlərini qaldırıblar.

Aksiya iştirakçısı deyir ki, Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Yaqubov onlara vəd verib ki, problemi aidiyyəti qurumlarda müzakirə edəcək. O, yaxın vaxtlarda problemin həll ediləcəyinə söz verib.
XS
SM
MD
LG