Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

Sevinc Pərvanə "Leyli - Məcnuna" (Yeni şeir)


insanlığa sevgimi öldürdü
qondardığınız
yalançı eşq hekayəsi,
Leyli-Məcnun!

bir qələtdi eləyirdiz
ikilikdə eləyərdiz
kimsə də bilməzdi
nə aləmə car çəkirdiz:
“qarğa, məndə qoz var!”
“qarğa, məndə qoz var!”

əsrlərdi aldadırsız
şeytan kimi insanları
girib içinə bataqlığın
son nəfəsdə duyur hamı:
“gerçək bir eşq yox”
“gerçək bir eşq yox”
Əlif Şəfəqin “Eşq” romanı da yalandı!

dünən şair dostumu gördüm
“Azadlıq” radiosunda
gözündə eynək
hərfləri güclə seçə-seçə
əlləri əsə-əsə şeir oxuyurdu:
“qocalmaram”deyə...
kimə gəlirsən, a bədbəxt
demədim ürəyimdə
çünki səmimiydi istəyində

a girdirmə Leyli-Məcnun
siz də öz əsrinizin içində eşələnirsiniz hələ
insanlığa sevgimi öldürdü
qondardığınız eşq dastanı
gör ha, daha Murada da ürəyim yanmadı
“qocalmaram” deyə fəryad eləyən qocaman şairə...

hərdən şübhələnirəm, vallah
hamı bilir eşqin yalan olduğunu
məndən gizlədirlər
təkcə məni aldada bilmisiniz siz
Leyli-Məcnun,
əlimə keçsəniz
sizinlə hesabım var!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG