Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:46

QİSMƏT. Vurulmuş


QİSMƏT


Ailə albomumuza baxıram. Şəkillərdən birində anamın qucaqdayam, o birində məktəbliyəm, bir başqasında gözlərimi qıyıb təəccüblə fotoaparata baxıram.

Məqsədim, “novator” şairlər demiş, “özümü axtarmaq” deyil, uşaqlıqda yanından qaçıb getdiyim (ya da yanımdan qaçıb gedən) zamana fotoların gözüylə baxmaqdı. Fotolara baxdıqca düşünürəm ki, şəkillərdə başqaları daha maraqlıdı.

Gülümsəyənlər, üz turşudanlar, dəcəllər, kostyumu asılqanı ilə birgə geyinmiş şax duruşlu kişilər, qocalmamış qadınlar...

Atamla anamın toy kasetinə baxıram. Mənim olmadığım yeganə məclisdi bu, amma əvəzində, nənələrim, babalarım burdadı.

Yeriyirlər, gülürlər, danışırlar. Keçmişdən gələn səsləri nə qədər təmizdir, doğmadır. Sanki yaşayırlar. Bəlkə də yaşayırlar. Elə bil yaşayıblar...

Fotolarda da, kasetlərdə də aydınca görünür ki, qadınlar saçlarını “minik sərçəyə” kəsdirib, paltarlarını isə Zeynəb Xanlarovadan “prokat”a götürüblər. Bir az da alınmamış Aydan Şənərlik var.

Dəyişməyən isə bircə məsələdi: fotoaparatı, ya da kameranı görən kimi hamı çəngəlindəki kolbasanı qaytarıb boşqaba qoyur.

Bəziləri isə kameranı görməkdə gecikib deyə, tikəsini ağzında saxlayıb; elə bil şkafdan konfet oğurlayan uşağı “iş” üstündə tutublar.

Babalarımın kostyumları təmiz Yuqoslaviya malı, siqaretləri “Malbro”du, əsəbləşəndə çeynədikləri bığları şəvə kimidi və... nə vaxt istəsələr, Şuşaya gedə bilərlər deyə, yerişləri, gülüşləri şuxdur.

Yavaş-yavaş yaddaşımın qaranlıq künclərinə işıq düşür.

Yəqin mənim olmadığım bu məclisin kulisində qadınların adamları əşyalara görə dəyərə mindirən ənənəvi məntiqi yenə öz işində olub:

Qızın cehizindəki qab-qacaq “çexski”, mebeli “rumınski “, televizoru “yaponski”di.

Biz “Torqovı” dövrünün çocuklarıyıq. Deyirlər ki, siqaretin bahalısının, içkinin təmizinin, paltarın keyfiyyətlisinin olduğu yeganə yer “Kubinka”ymış. Toyların dəbdəbəlisi “Abşeron” mehmanxanasında olurmuş.

Deyirlər ki, “Parapet” bağında yaxşı dondurma verirlərmiş. 25 rubl böyük pul imiş, “Jiquli”nin rəngi “bordovı” olmalıymış, yaxşı adamlar çoxuymuş və adamlar yaxşı yaşayırmış...

80-ləri deyə bilmərəm, amma 90-cı illəri küçə-küçə, saqqız-saqqız, söyüş-söyüş, mahnı-mahnı, ölüm-ölüm xatırlayıram.

Çünki 80-ci illərin içində cəmi dörd il yaşamışam, 90-ları isə bütünlüklə.

Əvvəl “Dendi” kompyuterləri və ordakı “Super Mario” , sonra isə “Sega” və “Mortal Kombat” oyunu, “turbo” saqqızları, “Fanta”nın şüşə qablaşdırması, ən güclü adamın Vandam, ən yaxşı futbolçunun Baccio, ən məşhur radionun “Sara” olduğu zamanlar...

Vandamla bağlı yadıma bir cümlə düşür. Qonşu məhlənin uşaqlarından kimsə təxminən belə demişdi: “Vandamlardan ən güclüsü Ceki Çandı”.

Həmin vaxtlar bir saqqız vardı ki, onun içindən məşhur döyüş filmi aktyorlarının şəkilləri çıxırdı.

Satıcı bir albom da satırdı və həmin alboma saqqızdan çıxan şəkilləri sırayla yapışdırıb qaytarana futbol topu verirdi. 13 nömrəli şəkil heç vaxt tapılmırdı (nəbadə düşünəsiniz ki, nəhsdi ona görə ha! ).


Biz fanta qapağında maşın uduşu olanacan həmin 13 nömrəni gözlədik, sonra isə şəkil yığmağı tərgidib “Fanta” qapağı yığmağa başladıq.

Uduşda maşın olduğunu biləndə, əvvəllər “tərləmisən, içmə, bunlar sok deyil, poroşokdu” deyən valideynlər “uşağın könlü istəyir, qoy içsin“ə keçdilər.

İki maşının pulunu “Fanta”ya xərcləyib, bir şey yiyəsi olmayan adamlar “Koka Kola” firması haqqında belə bir şaiyə yaymağa başladılar: guya kimsə “Kola”nın içinə lezva atıb və lezva orda əriyib.

Bunun dalınca isə təxminən belə cümlələr gəlirdi: gör bizə nə içirdilər eee... mən uşaqları qoymuram içməyə, özüm susayanda içirəm... ta məndən keçib onsuz da...

“Kola”nın ümummilli gileyə dönüşdüyü illərdə adamlar “Sara” radiosunun axşam 6-dakı musiqi proqramına elə qulaq asırdılar ki, elə bil sonralar dövlət televiziyasında “Sən bir nəğmə” verilişinin aparıcısı olacaq Ceyran xanım İbonun mahnısından sonra onlara “Fanta”dan nəyə görə maşın uda bilmədiklərini, niyə o saqqızdan 13 nömrənin çıxmadığını deyəcək.

Niyə Qorxmaz Əlilinin lototronuyla bizim əlimizdəki biletin heç vaxt düz gəlmədiyini başa salacaq.

Elə bil açıqlayacaq ki, niyə həmin proqramda sonacan ayaqüstə dayanan uzunayaq xanımların üzlərindəki məşq edilmiş gülüşdə, bığları İbrahim Tatlısesi yamsılayan Ağadadaş Ağayevin oxuduğu mahnıya sonsuz nifrət var.

1996-cı il idi. Yaşım 10 və mənim üçün dünya məhləmiz qədər bir yeriydi. Qonşuda bir qız sevirdim.

“Sara” radiosunda hər axşam İbonun “Haydi söylə” mahnısına qulaq asıb, o qıza sevgimi necə söyləmək haqda için-için düşünürdüm.

Kafamda min cür senaryo qururdum və o senaryoların hamısı İbonun kliplərini yamsılamaq idi.

Neyləyə bilərdim, “bir kulunu çox sevirdim, o məni heç sevmiyor”du. O zamanlar hələ disklər yoxuydu və mən dayımın əngin videokaset kolleksiyasından İbonun filmlərini çırpışdırmışdım : “Allah Allah”, “Hülya”, “Mavi mavi”, “ Gülümse bir az”, “Fosforlu”, “Yalnızım “.

Jean-Claude Van Damme

Ən çox sonda İbonun öldüyü filmləri sevirdim. İlk sevginin çosukca və təmiz ağrısı məni elə düşünməyə vadar edirdi ki, İbo kimi səhnədə mahnı oxuduğum yerdə ölsəm, Hülya qiymətimi bilər.

Qızın adı Leyla idi deyə Hülya ilə onun arasında bir uyğunluq tapmışdım. Dərd orasıydı ki, İboyla öz aramda oxşarlıq tapa bilmirdim.

Onun kimi səsim olmadığı üçün çarə qalırdı ancaq onun kimi ölməyi düşünməyə. Bala-bala böyüdükcə və qızın mənə meyli olmadığını anladıqca İbonun yox, Hülyanın öldüyü filmləri sevməyə başladım.

Çünki bu daha sərfəliydi. Birincisi, mən sağ qalırdım. İkincisi isə, ölən sevgilinin arxasından ağlamaq, əzab çəkmək, fəryad etmək daha kədərli və yaradıcı görünürdü.

Sonralar Borxesdə o yaşdakı düşüncələrimi bütünlüklə ifadə edən bir cümlə oxudum: “ Əlbəttə, mən də bütün yeniyetmələr kimi o yaşlarda mümkün qədər bədbəxt olmağa çalışırdım“.

Zaman ötdü və “ABA” televiziyası “Sara” radiosunun şöhrətini əlindən aldı. Bu dəfə də Tatlısəsin kliplərinə vurğunluq dövrüm başladı. “Haydi Söylə”nin klipinə baxırdım və səhəri gün məktəbdə sevgilimin gülüşü ilə Gülbən Ərgənin klipdəki şirin gülüşü arasında paralel axtarırdım.

İbrahim “ Allahım, nəydi günahım” klipində Pınar Dilşəkərə şillə vururdu, Pınar xanım da üzünü otobüsün çamına söykəyib xısın-xısın ağlayır, klipin axırını gözləyirdi ki, İbo gəlib onun yanında otursun və barışsınlar.

Çarpayıma uzanıb bu səhnəni min dəfə xəyal etmişdim, amma bu şarkını Kayahan mənim üçün bəstələməmişdi.

“İbonu vurublar” xəbərini eşidəndə elə bildim ki, kimsə mətbəxdəki radiomuzu, radio “Sara”nın 6-dakı verilişini, “ABA” kanalını, ilk sevdiyim qızı, Hülya Avşarlı sevgi filmlərini, Gülbən Ərgənin gülüşünü, Pinar Dilşəkərin avtobusdakı ağlayan görüntüsünü dartıb əlimdən alıb, bunların hamısını itirmişəm.

Kimsə uşaqlığımın məni ən çox ağrıdan, amma mənim üçün sevimli dövrünün xatirələrini, görüntülərinə, qoxularına və SƏSinə güllə atıb. Adam da səsə güllə atarmı?

Atmaz. İbo mənim üçün təkcə Səsgələn deyil, həm də İşıqgələndi. Adam da işığa güllə atarmı? Atmaz.

İbonun orkestrə, mikrofona ehtiyacı yoxdu. Pop da oxuya bilər, türkü də, uzun hava da, hoyrat da, türk sanat muziyi də.

Onun oxumadığı, sadəcə qonaq kimi dəvət olunduğu onlarla tədbirdən görüntülərə baxmışam.

Hamısında da mənə elə gəlib ki, qəfil yerindən qalxacaq və bir uzun hava oxuyacaq.


Hamı da bundan sonra elə davranacaq ki, elə bil onlar özləri onu səhnəyə çağırıblar, heç də dəvətsiz, təklifsiz oxumayıb.

Məsələn, o, deputat olsa, Türkiyə Böyük Millət Məclisində birdən belə bir uzun hava oxuya bilər :

Yara sızlar,
Ox dəyib yara sızlar.
Yaralının halından,
Nə bilsin yarasızlar.

Arabeskçilərin içində yeganə sənətçi odur ki, filmləri təkcə yüngül sevgi tematikası ilə məhdudlaşmır.

Filmlərinin yönətməni özü olmağa başlayandan Türkiyənin müxtəlif təbəqələrindəki insanların durumuna özünəməxsus yorumlar gətirdi. “Fosforlu” filmindən bir fraqmenti xatırlayıram.

Filmin qəhrəmanları Şahin (İbo) və Fosforlu adlı (Sevtap Parman) bir yerdə böyümüş iki cüvəllağıdı.

Uşaqlıqdan bir yerdə oğurluqlar edib, zindana düşüblər. Missiyaları bir növ Robin Qud missiyasıdı: varlıdan alıb kasıba vermək.

Bir gün vapurda çantalı bir kişini qaralayırlar ki, portmanatını oğurlasınlar. Oyunu qururlar və kişinin cüzdanını çırpışdırırlar.

Şəhərin sakit bir parkına gəlib nə qədər qazandıqlarına baxmaq üçün portmanata açırlar. Portmanatdan işıq pulu, qaz pulu və başqa, borclara aid sənədlər çıxır...

Onun səsi həmişə müxaliətdə olub, özü isə dövlətin yanında. Abdullah Uçmakın dəstəsinin atdığı güllə İbonun başının sağ tərəfindən dəydi və onun sol tərəfini iflic etdi.

Səhər günü başbakan Ərdoğan Tatlısəsin ona yazdığı, Tayyip bəyə öygü dolu sms-i jurnalistlərə oxudu.

Sonra xəstəxanada ziyarətinə getdi. Orda Ərdoğanın İbonun sağ əlindən tutduğu fotolar çəkildi.

Sanki Rəcəb bəy belə demək istəyirdi: İbocuum, sol tərəfin olmadıqca biz sənin yanındayıq.

Sol tərəfin olmadıqca səsin təkcə boğazından yox, həm də seçki qutularından çıxa bilər.

İbo isə sanki belə demək istəyirdi : Vurmayın, arkadaşlar, bən yaralıyım.

...Amma onu vurdular...

525-ci qəzet

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG