Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 00:57

Keçmiş səfir Wilson Azərbaycanın köməyinə gəlir


Ross Wilson
Ross Wilson

Amerikanın Azərbaycandakı keçmiş səfiri Ross Wilson “Avropa və Avrasiya Enerjisi: Təhlükəsizlik və Rifah naminə İnkişaf İmkanları” mövzusunda dinləmədə iştirak edib.

Hazırda Atlantika Şurasının Dinu Patriciu Avrasiya Mərkəzinin direktoru olan Wilson ABŞ Konqresinin Nümayəndələr palatsının Xarici Əlaqələr Komitəsindəki çıxışında deyib ki, enerji qlobal iqtisadiyyatda həlledicidir.

4 MƏQSƏD

Wilsonun sözlərinə görə, son 20 ildə ABŞ-ın Avrasiya enerji strategiyası 4 məqsədə əsaslanır:

1. ABŞ yeni neft və qaz mənbələrində maraqlıdır. ABŞ belə mənbələrin axtarışına və inkişafına cəlb olunub. Amerika rəsmiləri və biznes liderləri Avrasiyanın enerji inkişafını intensiv şəkildə dəstəkləyirlər.

2. Keçmiş SSRİ ərazisində yeni müstəqil dövlətlərin uğurları Amerikanın marağındadır. Bu ölkələrin rəhbərliyinin effektiv idarəçiliyi, öz sərhədlərini qoruya bilmələri, öz vətəndaşlarına daha yaxşı həyat təmin etmələri Amerikanın milli təhlükəsizlik marağı məsələsidir.
Enerji sahibi olan ölkələr və tranzit ölkələri üçün enerji “kasıblıqdan çıxma kartıdır”.

3. ABŞ kəmərlərin çoxluğunu dəstəkləyir. Amerika siyasətinə görə, kəmərləri bir ölkədən – Rusiyadan keçən ölkə nə güclü müstəqil ola bilər, nə də onun Rusiya ilə münasbətləri sağlam ola bilər.

Bakı-Tbilisi-Ceyhan kimi birbaşa beynəlxalq bazara aparan kəmərlərin çoxluğu isə həqiqi müstəqillik verir.

Bu həm də Avropa üçün daha böyük enerji təhlükəsizliyini təmin edir.

4. Amerikanın Xəzər regionunda maraqları bir sözlə deyilsə, həm də “qeyri-İran” kimi səciyyələndirilə bilər. Yəni, qanunvericilikdə də təsbit olunduğu kimi Amerikanın siyasəti İranın neft və qaz sənayesinin inkişafının əleyhinədir. ABŞ əmin olmalıyıq ki, Xəzər enerjisi üçün İran prinsipial marşrut olmayacaq.

“QAZ MƏRHƏLƏSİNDƏ AMERİKANIN KÖMƏYİ LAZIMDIR”

Wilson deyib ki, Xəzər enerjisinin növbəti inkişaf mərhələsi qazdır. Buna isə Amerikanın köməyi lazımdır.

Azərbaycanın Şah Dəniz yatağı yaxın aylarda tam gücü ilə işləməyə başlayacaq və Avropaya qaz verə bilər. Ancaq istehsalçılar, istehlakçılar, tranzit ölkələri arasındakı danışqlarda tərəqqi zəifdir.

Yeni Cənub Dəhlizinin gerçəkləşməsi və Şah Dəniz yatağının inkişafı Amerikanın maraqlarına əhəmiyyətli köməkdir.

Wilson deyib ki, indi müzakirə olunan yeni İran sanksiyaları isə istəmədən bu gələcəyə ziyan vura bilər.

WİLSONUN ARQUMENTLƏRİ

Wilsonun sözlərinə görə, 1990-cı illərin ortalarında Azərbaycan prezidenti və ABŞ-ın dostu Heydər Əliyev qərara gəldi ki, Azəri-Çıraq-Günəşli yataqlarının istismarını, Bakı-Tbilisi-Ceyhan kəmərini, Şah Dəniz yatağını Qərb şirkətlərinə versin və əmin olanda ki, əsas kəmərlər İran və Rusiyadan keçməyəcək, fikirləşdi ki, İrana və Rusiyaya bu yataqlarda qeyri-nəzarət paylarının verilməsi siyasi cəhətdən ağıllı hərəkət olardı.

Bəziləri mübahisə edə bilər. Ancaq Azərbaycan hesab edirdi ki, ona bu iki ölkədən birbaşa təhlükə gələ bilər.

Wilson deyib ki, indi müzakirə olunan yeni İran sanksiyaları isə tələb edə bilər ki, Şah Dəniz yatağında payı olan BP və digər Qərb şirkətləri layihədən çıxsınlar, çünki onlarda İranın payı var.

Bunun effekti nə olacaq? Şah Dəniz yatağı istismar olunmayacaq. Qaz istəyən Avropa üzünü Rusiyaya tutmalı olacaq.

Layihənin başında Azərbaycan özü dura bilər. Ancaq o, pul qazanmaq üçün çox güman ki, qazını Rusiyaya və İrana satmalı olacaq. Bu isə Amerikanın Avrasiya enerji siyasətinə və ya İranı cəzalandırmaq siyasətinə heç bir yardım etməyəcək.

Şah Dənizsiz Xəzər qazı inkişaf edə bilməyəcək. Avropaya qaz daşıyan iri kəmərlər tikilməyəcək. Türkmən qazı Avropaya ötürülə bilməyəcək.
20 illlik Azərbaycan-Amerika əməkdaşlığına ziyan dəyəcək.

Wilson öz çıxışının yekunu olaraq Konqresi və hökuməti İrana qarşı elə effektiv və güclü sanksiyalara çağırıb ki, bunun Şah Dəniz layihəsinə və Avrasiya enerjisinə ziyanı dəyməsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG