Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:02

Ruslan Bəşirlinin nişanlısı altı ildir yol gözləyir


Ruslan Bəşirli
Ruslan Bəşirli
Gözü yolda, qulağı səsdə olan Cəlil Bəşirli hər əfv fərmanı xəbərini intizarla gözləyir. Ancaq əfv olunanların siyahısında oğlu Ruslan Bəşirlinin adını görməyəndə, özünün də dediyi kimi, uşaq kimi kövrəlir:

«Allaha and olsun, elə bil təzədən ölüb-dirilirik. Çox həyəcan keçiririk. Asan deyil, Ruslan 6 ildir oradadır. Yenə mən yaxşıyam. Anası lap əziyyət çəkir, xəstədir».

«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə 2005-ci ildən həbsdə yatır.

AYDA BİR DƏFƏ HƏBSXANA YOLLARINDA

Onun atası, Zərdab rayonu Xanməmmədli kəndində orta məktəb müəllimi işləyən Cəlil kişi 6 ildir ayda bir dəfə həbsxana yollarına düşür. Deyir bir dəfədən artığına gücü çatmır. Sonuncu dəfə keçən ayın 6-da gedib. İki gündən sonra yenə gedəcək:

«Ayda bir dəfə gedirəm. Kənd yeridir, özüm də işləyirəm, çalışıram. Ailəlikcə birtəhər ödəyirik. Elə hesab edin ki, bir ailənin yaşayışı qədər ora xərc gedir. Hər şey bahadır. Ora gedib-gəlmək, nəqliyyat xərcləri. Yaşadığım Zərdab rayonu ilə Bakının arasında 300 km var. Üç günə gedib gəlirəm».

Cəlil kişi deyir ki, Ruslanın səhhətində problemlər də var. Ona ən çox əziyyət verən isə günahsız ola-ola həbsdə
Ruslan Bəşirli müxalifətin toplantısında, 2004

olmasıdır:

«Onun başında ağrılar var. Bir də ki, orda yatanların hamısı psixoloji gərginlik keçirirlər. Daim əsəbi olurlar, hər gün eyni üzlər görürlər. Həyatlarında yenilik yoxdur. Ruslan hüquq müdafiəçilərindən çox şey gözləyirdi. Çünki Ruslan cinayətkar deyil ki, razılaşa ki, elə belə də olmalıdır. Xüsusilə günahkar olmayan adam üçün ora çox çətindir. Ancaq ümumilikdə orada ona münasibət yaxşıdır. İstər məhbuslar, istər həbsxana əməkdaşları tərəfindən».

«RUSLANIN NİŞANLISI BİZİM ÜÇÜN HƏR ŞEYDİR»

Cəlil kişi 6 il əvvəl oğlunun toyuna hazırlaşırdı. 6 ildir Cəlil kişi Ruslanın nişanlısı Vüsaləni yaşadığı Şabrandan götürüb Bakıya həbsxanaya aparır, qayıdanda da evlərinə qoyur. Həbsindən bir ay əvvəl Vüsalə ilə rəsmi nikahları kəsilib, ancaq toyuna bir neçə gün qalmış Ruslan həbs olunub. Cəlil kişi gəlinin adı gələndə, kövrəlir, deyir, o qız onlar üçün hər şeydir:

«Hər gedəndə nişanlısını da aparıram. Sonra aparıb evlərinə qoyuram. O qızın adı çəkiləndə, mən kövrəlirəm. O, nadir insanlardandır. 6 ildir Ruslanı gözləyir. O, bizə mənəvi cəhətdən qida verir. Əslində o, rəsmi şəkildə gəlinimdir. Rəsmən evlidirlər. Ancaq evlərində olur. Hər gün əlaqə saxlayırıq. Ruslanla da əlaqə saxlayır. Çox tərbiyəli, hər şeyi başa düşən adamlardır».

Səidə Qocamanlı
Cəlil kişi sözarası hüquq müdafiəçilərindən də narazılıq edir. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir ki, Ruslan Bəşirli həbs olunan gündən onun adı hüquq müdafiəçilərinin siyasi məhbus siyahısındadır. Bu illər ərzində dəfələrlə prezidentə, Əfv Komissiyasına onun əfv olunması ilə bağlı müraciətlər ediblər:

«MÜRACİƏTLƏRİMİZ DİVARA DƏYİB QAYIDIR»

«Ruslan Bəşirli həm də bizim xəstələr siyahısındadır. Ona görə də onun səhhəti bizi çox narahat edir. Avropa Şurası Parlament Assambleyasının iclaslarında biz həm insan haqları üzrə komissar Tomas Hammarberqlə, həm də Baş katiblə, həmməruzəçilərlə görüşlərdə Ruslan Bəşirlinin məsələsini önə çəkirik. Bildiririk ki, onun azadlığa çıxması tezləşdirilməlidir. Amma çox təəssüf ki, bu illər ərzində müraciətlərimizin hamısı divara dəyib qayıdır. İyun sessiyasında da bu məsələni yenidən qaldıracağıq».

«Yeni Fikir» Gənclər Təşkilatının sədri, AXCP üzvü olan Ruslan Bəşirli 2005-ci ilin avqustunda həbs olunub. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib. Hazırda 1 saylı cəzaçəkmə yerində saxlanılır.

Mayın 26-da prezident İlham Əliyevin imzaladığı əfv fərmanı 90 məhbusa şamil olunub. Həmin fərmanla bir neçə siyasi məhbus, o cümlədən jurnalist Eynulla Fətullayev azadlığa buraxılıb.
XS
SM
MD
LG