Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:00

Həbsxanadan əsgərliyə...


Ağasif Şakiroğlu həbsxanadan əsgərliyə yola düşür. Foto: IRFS
Ağasif Şakiroğlu həbsxanadan əsgərliyə yola düşür. Foto: IRFS
Nərimanov rayon məhkəməsinin «Hədəf» Gənclər Təşkilatının sədri Ağasif Şakiroğlu haqqında çıxardığı bir aylıq həbs qərarını avqustun 6-da Bakı Apelyasiya Məhkəməsi rədd etdi. Gənc fəal hərbi xidmət keçməkdən boyun qaçırmada ittiham olunurdu.

ORDUDAN YAYINMA, YOXSA SİYASİ FƏALLIQ?

Amma Ağasif Şakiroğlu bunu təkzib edir. Deyir kin bir il ərzində dəfələrlə hərbi xidmətə getmək üçün rayon hərbi komissarlığında olub, amma nədənsə onun orduya aparmayıblar. Elə buna görə də Ağasif Şakiroğlu hesab edir ki, onun həbsi hərbi xidmətdən yayınma ilə deyil, siyasi fəaliyyətlə bağlıdır. O, 10 mayda Gül bayramına etirazlarda fəal iştirak edib.

Apelyasiya Məhkəməsinin qərarından sonra Şüvəlan müvəqqəti saxlanma təcridxanasından birbaşa hərbi komissarlığa gətirilən Ağasif Şakiroğlu haqqında qaldırılan cinayət işinin absurd olduğunu deyir :

«Mən dəfələrlə hərbi komissarlıqda olmuşam, indi də mən komissarlıqdayam, böyük ehtimal var ki, məni burdan hərbi xidmətə yola salacaqlar. Nəhayət ki, mənim bir illik hərbi komissarlığa gedib-gəlməyimə baxmayaraq, böyük hoqqalardan sonra məni hərbi xidmətə yola salırlar».

Respublikanın hərbi komissarı Əlağa Hüseynovsa «Azadlıq» qəzetinə məktubunda Ağasifin məhz əsgərlikdən yayınmaya görə həbs olunduğunu yazırdı.

«HƏRBİ XİDMƏTƏ GEDİRSƏ, CİNAYƏT İŞİNƏ XİTAM VERİLMƏLİDİR»

Vəkil Bəhruz Quliyev deyir ki, Ağasif Şakiroğlu haqqında bir aylıq həbs-qətimkan tədbiri ləğv edilsə də, onun haqqında qaldırılan cinayət işinə hələ xitam verilməyib.

Vəkilə görə, əgər müdafiə etdiyi şəxs hərbi xidmətə göndərilməlidirsə, onda qaldırılan cinayət işinə xitam verilməlidir.

«Ola bilməz ki, cinayət işi davam edə-edə onu hərbi xidmətə aparsınlar. İş xitam olunmalıdır ki, onu xidmətə aparsınlar».

«HƏBSLƏR GƏNCLƏRİN FƏALİYYƏTİNƏ MANE OLUR»

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlıya görə, onlar ilk gündən bəyan ediblər ki, Ağasif Şakiroğlunun həbsi fəal gənclərə qarşı hakimiyyətin apardığı təzyiq siyasətinin tərkib hissəsidir:

«Gözümüzün qarşısında Ruslan Bəşirli, Emin Milli, Adnan Hacızadə, Qənimət Zahid, Eynulla Fətullayev var. Yəni bu nümunələr onu deməyə əsas verir ki, biz də belə ittihamlarla üz-üzə qala bilərik».

Əbülfəz Qurbanlı deyir ki, siyasi fəaliyyətlə məşğul olan gənclər bu kimi təzyiqlərin, həbslərin ola biləcəyini nəzərə alıblar və baş verənlər onları öz fəaliyyətlərindən çəkindirmir. Amma o etiraf edir ki, bu hallar ailələrdə, az da olsa, narahatlıq yaratmaqdadır:
«Təbii ki, bizim valideynlər narahat olurlar, öyüd-nəsihət verirlər ki, ehtiyatlı olaq, proseslərin dərinliklərinə getməyək. Bu da bizim gəncləri daha da fəallaşdırmamıza mane olur. Bizi narahat edən də budur».

Ancaq Hədəf Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu deyir ki, bu ədalətsizlik onu tutduğu yoldan döndərməyəcək. Hərəkat sədri hərbi xidmətdən qayıdandan sonra siyasi fəaliyyətini daha da gücləndirəcəyini deyir.
XS
SM
MD
LG