Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Prezident əhalini görülən işlərə nəzarət etməyə çağırdı


İlham Əliyev Şüvəlan qəsəbəsinin sakinləri ilə görüşüb
İlham Əliyev Şüvəlan qəsəbəsinin sakinləri ilə görüşüb
«Bakıətrafı qəsəbələrin inkişafı Proqramı qəbul edilib. Çox böyük proqramdır və orada hər bir qəsəbə üçün xüsusi məsələlər nəzərdə tutulub, onlar öz həllini gözləyir. Beləliklə, hesab edirəm ki, iki il yarım ərzində Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər həllini tapacaq».

Bunu prezident İlham Əliyev Şüvəlan qəsəbəsinin sakinləri ilə görüşdə deyib.

Prezident bildirib ki, Bakıətrafı qəsəbələrin inkişafı Proqramı mətbuatda dərc edilib və hər bir vətəndaş onu oxuya bilər:

«Hər bir qəsəbə üzrə konkret layihələr nəzərdə tutulub. Şüvəlan qəsəbəsində də həllini gözləyən bütün məsələlər həll olunacaq. Xüsusilə yollar, qazlaşdırma ilə bağlı məsələlər daha da böyük həcmdə həll olunmalıdır. Qaz təchizatında işlər daha da yaxşı görülməlidir. Su və kanalizasiya məsələləri həll edilməlidir. Bilirəm ki, insanları ən çox narahat edən məsələ budur. Beləliklə, bütün başqa sosial məsələlər də həll olunmalıdır. Uşaq bağçaları, məktəblər təmir olunmalıdır. Yəni, elə etməliyik ki, iki il yarım ərzində Bakının bütün ətraf qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın».

Prezident İlham Əliyev vətəndaşları görülən işlərin səviyyəsinə nəzarət etməyə də çağırıb:

«Sizdən də xahişim ondan ibarətdir ki, bütün bu işlərə nəzarət edəsiniz və çatışmayan məsələlər haqqında məlumat verəsiniz. Keçən dəfə Mərdəkan qəsəbəsində olarkən vətəndaşlarla görüş zamanı məsələ qaldırıldı ki, beş il bundan əvvəl tikilmiş məktəb artıq yararsız vəziyyətə düşüb. Mən özüm o məktəblə tanış oldum, gördüm ki, doğrudan da orada təmirə ehtiyac var. Görünür ki, vaxtilə o məktəbi tikənlər məsələyə çox laqeyd yanaşmışlar. Keyfiyyətsiz işlər görüblər və yaxşı ki, mənə məlumat verildi. Yoxsa məlumat verilməsə idi mən heç bilməyəcəkdim. Deyəcəkdim ki, məktəb beş il bundan əvvəl tikilib, yaxşı vəziyyətdədir. Yəni, belə hallar da var. Ona görə görülən işlərə mütləq nəzarət olmalıdır. İctimai nəzarət və əhali tərəfindən nəzarət olmalıdır və çatışmayan məsələlər haqqında da vaxtında məlumat verilməlidir».

Dövlət başçısı vətəndaşları bütün çatışmayan məsələlər haqqında Prezident Administrasiyasına, icra hakimiyyətinə müraciət etməyə, məlumat verməyə çağırıb.

İlham Əliyev deyib ki, görülən işlər Azərbaycanın gücünü göstərir:

«Biz elə etməliyik ki, dünyada Azərbaycanı daha da yaxşı tanısınlar. Bu gün Bakıya, digər şəhər və rayonlara gələnlər etiraf edirlər ki, burada olan inkişaf heç bir yerdə yoxdur. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Həm Bakının tarixi siması qorunub saxlanılır, həm də müasirlik var. Bakıda olan infrastruktur, yollar, körpülər deyə bilərəm ki, hər bir dünya paytaxtına yaraşıq verə biləcək bir mənzərədir. Mən istəyirəm ki, bütün qəsəbələr də belə gözəl olsun». /ANS/

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG