Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Astara keçid məntəqəsində dava xəbəri var


Astarda Azərbaycandan İrana sərhəd keçid məntəqəsinin qarşısı
Astarda Azərbaycandan İrana sərhəd keçid məntəqəsinin qarşısı

SƏRHƏD KEÇİD MƏNTƏQƏSİNDƏ NƏ BAŞ VERİB?

Astara keçid məntəqəsində mülki adamların gömrük işçiləri və sərhədçilərlə tez-tez gərginlikləri yaşanır. Aldığımız məlumata görə mayın 12-də Astara rayonun Ərçivan kənd sakini Ramiz Nəsirov İrana keçərkən sərhədçilərlə onun arasında mübahisə düşüb. Bir neçə sərhədçinin döyməsi nəticəsində onun xəsarət aldığı bildirilir. R.Nəsirova Astara rayon mərkəzi xəstəxanasında ilkin yardım göstərilib.

Mayın 16-da Astara gömrükxanasından İrana keçmək istəyən mülki admlarla sərhədçilər arasında yenidən qarşıdurma baş verib. Bu dəfə isə mülki sakinlərin sərhədçiyə təzyiq göstərdiyi deyilir. Məlumatlarda Samiq Əliyev adlı sərhədçinin xəsarət aldığı da bildirilir.

HƏKİMLƏR YARALILARIN OLDUĞUNU TƏSDİQ EDİRLƏR

Astara rayon tibbi ekspertiza və pataloji anatomya şöbəsində AzadlıqRadiosuna bildiriblər ki, hər iki şəxs aldıqları xəsarətlə bağlı onlara müraciət edib. Bu barədə qeydiyyat da var. Amma həkimlər bundan çox məlumat verməkdən imtina etdilər.

Rayon Mərkəzi xəstəxananın həkimi Etibar Cəlillov da Ramiz Nəsirovun aldığı xəsarətlə bağlı onlara müraciət etdiyini bildirdi:

“Xəsarət qeydə alınıb. Ona ilkin yardım göstərildi və evə buraxıldı.”

Ramiz Nəsirovun atası Musa Nəsirov bu barədə danışmaq istəmədi.

Sərhəd dəstəsindən məlumat almaq cəhətlərimiz isə nəticəsiz qaldı.

HƏKİMLƏR BİLİR, AMMA POLİS VƏ PROKURORLUQ YOX?

Rayon prokurorluğundan AzadlıqRadiosuna bildiriblər ki, hər iki hadisə ilə bağlı onlarda araşdırma getmir. Rayon polis şöbəsindən isə bildirdilər ki, bu barədə onlara müraciət edən olmayıb.

Sabiq gömrük xidməti kapitanı, hüquqşunas Elman Hüseynovun sözlərinə görə, Astara keçid məntəqəsində bu tipli qarşıdurmalar vaxtaşırı baş verir. Amma məmurlar öz aralarında bu hadisələri örtbasdır edirlər:

”Əslində Gömrük başdan başa dəmir barmaqlıqlarla əhatəyə alınıb. Göstəriş var ki, İrana gündə 300 nəfərdən artıq vətəndaş buraxılmasın. Bu yaxınlarda İrana getmişdim. Səhər saat 6-dan dəmir barmaqlıqlar arasında növbəyə durdum. Həm sərədçilərimiz, həm də gömrük işçilərimiz özlərini apara bilmirlər. Yalnız saat 11-də o taya keçə bildim. Bu insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bütün bu qarşıdurmaların kökündə monopoliya və pul əldə etmək durur. ”

Hüquqşünasın qeyd edir ki, xəsarətlə xəstəxanaya müraciət edən vətəndaş barəsində polis şöbəsinə məlumat verilir. Polis də bunu araşdırmalıdır. Əgər sonuncu hadisə bağlı polisdə heç bir araşdırma yoxdursa, demək, tərəflər məsələni öz aralarında həll ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG