Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

Mənəviyyatı kasıb, boynu qalstuklu kişilər...



Yeganə CANSAİL


Şair ölər...


Hər gecə dünyanı,
Qara qəpiyə gəlməz
Bu adamları
Küçənin bir küncündə
Alıb-satan əyyaş var...
Söyər-söyər,
İttiham edər,
Dara çəkər adamları...
Ətrafında dolaşan,
Ac pişiklərə
Yedirdər ümidlərini.
Hər gecə,
Boş-boş danışar...
“Varlı ölkədə,
Kasıb yaşamaq olmaz” – deyər,
Mənəviyyatı kasıb
Boynu qalstuklu kişilər...
Küləklər əsər,
Gözümə şair dəyər...
Büzüşər, üşüyər...
Yedirdər fikirlərini
Ac kağızlara,
Hər gecə,
Şair ölər...


Xoşbəxtlik fəlsəfəm

Bilirsən,
Bu şəhərdə
Qoca qadının
Nəvəsinə verdiyi,
Adi bir konfet də
Xoşbəxt edə bilər məni, -
Əgər sevgi itməyibsə!..
Yaponiya zəlzələsində,
Torpaq altda qalanların
Sağlığına inana da bilərəm, -
Əgər ümid torpaq üstə ölməyibsə!
Bilirsən,
Ağ-qara yaşamı da sevərəm, -
Əgər yuxularım rənglidirsə...
Yenə qayıda bilərəm
Şeirimin əvvəlinə,
Xoşbəxtlik fəlsəfəmə...
Hər şeyi inkar edə də bilərəm.
yaşamaq gözəldir deyə də bilərəm, -
Əgər mürəkkəbim bitməyibsə...


Gedirəm, sevgilim

Nə olardı,
Qapı açılaydı yenə...
Gələrdin yanıma
Bir az aralı oturub
Məsafəli danışardıq...
Şərab sifariş edərdik,
İçərdik...
Bir az başımız fırlanar,
Əksimiz güzgüdə donardı...
- niyə uzaq oturmuşuq, gülüm?
Yaxınlaşardıq...
İçərdik,
Bir-birimizin şərəfinə.
Qarşı stolda öpüşən sevgililərə
Bir az utanıb,
Bir az da həsrətlə baxardıq...
Əllərimi tutardın...
- Əllərin niyə soyuqdur, günəşim? – soruşardın.
- Ürəyim istidir – deyib gülümsərdim.
Şərab musiqiyə qarışardı,
- Mən bir az kor kimiyəm – deyərdin.
Əllərinlə tanıyardın məni...
Kirpiklərimə toxunardın,
Gözlərimin sürməsini yaxardın...
Bir az qaçıb bu şəhərdən
İçəri şəhərin səssizliyində
Batırardıq sözlərimizi...
İndi söküblər o küçəni,
Yarıblar bağrını xatirələrimin...
Küçələrdə, sənsizliyin şərqisini
Uluyur bayquşlar...
Heç yağmır o yağışlar da...
Gedirəm, sevgilim...
Bağışla... bağışla...
XS
SM
MD
LG