Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:55

Araz Gündüz "Tanrıya araçılıq eləyənlər" (Hekayə)


Gecə yarıdan keçmişdi. Qoca Bilgə gözlüyünü çıxarıb masanın üstünə qoydu, suvluğu (dəsmalı) ilə yorulmuş gözlərini ovuşdurub, dirçəltdi.

Çox korlanmış: bir yerləri güclə oxunan, çoxusu oxunmayan, əski əlyazmadan ayırd eləyə bildiklərini köçürdüyü vərəqlər qarşısında qalaqlanmışdı.

Baş sındırıb, oxunmayan sözləri qavramağa çalışır, tapdığı yozumları oxunan sözlərə qoşurdu. Danışılan olayların ardıcıllığı pozulsa da, bütöv görünüş yerinə, qırıq-qırıq görüntülər alınsa da, indilikdə oxuya bildikləri bunlar idi...

Anlamı “yaxşılıqbacaran” olan Yeyrək adı ona yaraşmırdı, indiyəcən kiməsə yaxşılıq elədiyini eşidən olmamışdı.

Oracan yamanlıqlar, yaramazlıqlar törətmişdi də, elin ağzına belə bir söz düşmüşdü: Onun başqasına ancaq bir yaxşılığı dəyə bilər, barı pislik eləməsin!

Burnu çox uzun, yöndəmsiz olduğundan, ona gizlində “Yeyrək” yox, “Leylək” deyirdilər. Ancaq başqa birilərinin deməsinə görə, bu adı ona, qışda Leyləklərin uçub getdiyi bir ölkədə, öz südəmər ardasına(vəliəhdinə) Saray tikdirdiyinə görə vermişdilər...

Yeyrək İlhan* yeni tikilmiş Sarayını gəzib dolaşırdı.

Sarayı, bundan qabaq tikilənlərdən qat-qat gözəl idi. Arabir qonaq getdiyi qonşu İlhanların da buna çatası bir sarayı yox idi. Bir ətək pul-para dağıdıb tikdirdiyi bu sarayla, hamıya, özünün yenilməzliyini biryolluq anladacağını düşünürdü:

Belə topdağıtmaz varı, göyə dikələn, bər-bəzəyi gözqamaşdıran sarayı olan İlhana batmaqmı olardı?..

Sonra əlyazmanın güclə oxunan bölümündə, Yeyrəyin İlhanlıq elədiyi İlin keçmişindən danışılırdı: İlhanlıq ona atasından keçibmiş; atası da, uzun illər boyu, bu ili basqıda saxlamış, Azıxlar deyilən başqa bir ilin burada baş çuğulu olmuş, işini yaxşı bacardığından, onu ilbəyi(vali) qoymuşlar; sonra atası, ara qarışdığı bir dönəmdə, bağımsızlığını qazanmış bu ilin İlhanlığını ələ keçiribmiş...

Atası sağlığında Yeyrəyə necə İlhanlıq etməyi öyrədərmiş: Yerini bərkitmək üçün, xalqı qorxu-ürkü içində saxla! Adamları öz ağalığından asılı eləmək üçün, onları gündəlik çörəklərindən asılı elə! Çörəyindən arxayın olan adam qorxuludur, onun başı dolanışıq qayğılarından ayılıb, düşünmək üçün, götür-qoy edib anlamaq üçün, işləməyə başlayır...

O, “kələmbaş” var ha, kim nə deyir-desin, onun noxtasını sivirmə... (Bu yerdə əlyazmanın böyük bir kəsimi oxunmurdu, ancaq tək-tük sözlər anlaşılırdı, Qoca Bilgənin araşdırmasına görə, “kələmbaş”—ölkənin baş şamanını ələ salmaq üçün verilən bir ad idi. Axı, əlyazmanın oxuya bildiyi başqa bir yerində, İlhan buyuruq verib, Çindən gələn ağ ipək parçadan, onun baş sarığı üçün, yüz qulac ayrılmasını tapşırırdı.

Qoca Bilgə bu buyuruğu oxuyanda ürəkdən gülmüşdü: buna bir yandan “kələmbaş” deyir, eşşək yerinə qoyurlar (axı, “noxtasını sivirmə”, bu “eşşəyi” işdən çıxarma demək idi), bir yandan da bir çətən arvad-uşağın əynini yasdan çıxarmağa yetəcək parçanı ancaq təkcə baş sarığına bağışlayırlar, görünür işlərinə çox yarayırmış...) Bunun ardınca keçmiş İlhanın aşağıdakı sözləri oxunurdu:

Çalış, girəvə(vəzifə) verdiyin kimsələrin donluğunu az elə, özünü görməz-bilməzliyə vurub, onları xalqdan oğurlamağa yönəlt, qarşında gözükölgəli olmaqları, onları sənin qolubağlı quluna çevirəcək...

Bunun ardınca Qoca Bilgənin oxuyub bütövləşdirə bildiyi bir parça gəlirdi:

Yeyrək İlhanın tikinti işindən başı çıxmırdı, ancaq başqalarının bunu duymasını istəmirdi; Bu, baş şamanın uydurub, adamlar arasında yaydığı: onun Tanrı araçısı—yerin altını da, üstünü də bilən İlhan olması ad-sanına yaraşmazdı.

Ona görə də dünən gizlicə, Sarayı tikən Uzmanı yanına çağırmış, ondan tikinti işinin incəlikləri ilə bağlı bir neçə gizlinlər öyrənmişdi. İndi saraya baxdıqca, aradabir Uzmanı yanına çağırıb, onun gördüyü işi “incələyir”, “dəyərləndirir”, sonra da sərgilədiyi dərin “biliyinin”, yörəsini çaş-baş qoymasına altdan-altdan qımışırdı. (İlhan gəncliyində düşkünü olduğu, çoxlu paralar uduzduğu—qumar oyunlarından öyrəndiyi: “qarşıdakı oyunçunun əlini oxumaq” adlanan bu başaldatdını yaxşı bacarırdı.)

Saraya baxıb qurtarandan sonra, İlhan Uzmanı yanına çağırdı: ”Gördüyün işə söz yoxdur, mən də sözümün yiyəsiyəm, ertədən gedirsən kömlüyə(xəzinəyə), bu yarlığı göstərirsən kömçüyə, paranı alırsan.” Uzman sevincək dilləndi: “Başarığı belə yüksək dəyərləndirən İlhanı alqışlayıram, bir sözüm də var, deməsəm olmaz,—Uzman Sarayı tikən, indi yan yörədə yır-yığış eləyən işçilərə sarı əlini uzatdı: bu Sarayın quruluşunu düşünmək mənim əməyimdirsə, tikilməyi bu əməksevər adamların gördüyü işdir, onların mənim başarığıma sayğısı, gördükləri işə sevgisi olmasaydı, bu Saray belə gözəl olmayacaqdı.”

Uzmanın bu sözləri İlhanın döşünə yatmadı, ona görə də bayaqdan üzündə səyriyən gülüşü itdi, baxışları tutqunlaşdı.

İlhan istəmirdi, ağalıq etdiyi kimsələr nəsə böyük bir iş görə biləcəklərini düşünsünlər, onların buyurulanı yerinə yetirməkdən başqa bir bacarıqları olmamalı idi; Birdən bu kimsələr, ölkədə görülən bütün böyük-kiçik işlərin onların əlinin əməyi olduğunu anlasalar, cızıqlarından çıxa bilərdilər.

Axı, ölkə üçün: ərzaq becərən, yollar salan, evlər tikən, yağı basqınına qarşı döyüşən, bu adamlar,—bir ətək pul-para dağıtmaqdan başqa bir iş bacarmayan, gününü əyləncələrlə sovan İlhanın onların nəyinə gərək olduğunu düşünməzlərmi? İlhanın əlləşib-vuruşmağı onları belə bir çaşqınlıqda saxlamaq üçündü: Yəni, İlhan çıxıb yuxarı başda oturmasa, onun buyuruqları olmasa: nə evlər tikilər, nə yollar salınar, nə yağı basılar, nə torpağın verimi olar, nə toyuqlar yumurtlayar...

Bir az keçmiş, İlhan ağır düşüncələrdən ayrıldı, qaş-qabağının qırışığını açmaq üçün Uzmana üz tutdu: “Uzman əfəndi, de görək sən mənim bu sarayımdan yaxşısını, tikə bilərsənmi?”

Bu sorğusu ilə İlhan bir oxla iki quş vurmaq istəyirdi. Birincisi, onun düşüncəsinə görə, Uzman deyəcəkdi: yox, bu saraydan yaxşısını tikə bilməz, bu saraydan yaxşısı ola bilməz; İkincisi, bu sözü eşidən yan-yörədəki buyruq qulları İlhanın azmanlığı qarşısında, özlərinin qarışqa kiçikliyini anlayacaqdılar.

Uzman İlhanın nəyə him elədiyini anlamamışdı, öz iş-gücünə vurğun kimsələrin hamısı təki, o da biclikdən baş açmırdı, düşündü, deyəsən İlhan onun gələcəkdə görəcəyi işləri soruşur, çiçəyi çırtladı: “İlhan sağ olsun, bütün yaradıcı adamlar kimi mən də dayanmadan öz başarığımı artırmağa çalışıram, sonradan nə tikmişəmsə, ondan qabaq tikdiyimdən yaxşı olub. Sənin üçün tikdiyim Saray indiyəcən tikdiklərimin ən yaxşısıdır, ancaq Ulu Tanrı ömrümə qıymasa, gələcəkdə bu Saraydan da yaxşısını tikə biləcəyimə inanıram.”

İlhanın üzü, bütün qaniçən admlarda olduğu kimi, bir anın içindəcə dəyişib tanınmaz oldu, hara getsə yanında apardığı ölütçüyə(cəllada) üzünü tutub kükrədi: ”Apar bu yaramazı, Sarayımın ən üstdəki qatından aşağı tulla!” Ölütçü nə baş verdiyini anlamayan Uzmanı qamarlayıb, sürüyüə-sürüyə apardı...

İlhan, qorxudan sarısını udmuş yörəsindəkilərə, verdiyi buyruğun “düzgünlüyünü” anlatmağa başladı: ”Bu yaramazın suçu mənim üzümə ağ olması idi, mən ona bütün çağların ən yaxşı sarayını tikməyi tapşırmışdım, bu isə durub nə desə yaxşıdır: günü-gündən üstünləşən yaradıcılıq başarığı ilə gələcəkdə mənim sarayımdan yaxşısını tikə bilərmiş!

Mənim sarayımdan yaxşısının ola biləcəyini düşünən adam, bunun ardınca məndən yaxşı İlhanın ola biləcəyini də düşünəcək! Üç-beş ildən sonra, bu çörəkitirən yaramaz qonşu ilhanların birinə mənimkindən yaxşı bir saray tikib, böyüklüyümə kölgə sala bilərdi.

Bu adamın bundan yaxşısını yaratmaq başarığını durdurmağın bir yolu vardı, özünün dediyi kimi, Tanrı onun ömrünə qıymalıydı, Tanrının yerdə araçısı(vəkili) olan mən bu işi öz üstümə götürdüm.”

Bir az susduqdan sonra, dərin düşünən, götürqoylu, uzaqgörən, qısası, çox böyük bir İlhan olduğunu göstərmək üçün, buyruq qullarından birinə Uzmanın, qana bələnmiş, toza-torpağa bulaşmış ölüsünü göstərib dedi: “O, yaramaz adama verdiyim para yarlığını çıxar, gətir mənə”...

Buyruq qulları, indicə gördükləri tükürpədici ölümdən paylarını almışdılar, deyəsən, hamısının başında eyni düşüncələr dolaşırdı: “İlhana öz düşündüyünü yox, onun ürəyinə yatanı demək gərəkdir, bir də Araçısı belə qansız olan Tanrının gör, özü neçə qat qorxuncdur!” Buyruq qulları İlhanın işdəklərinə baxıb, Tanrıdan bərk qorxmuşdular...

Bura çatanda Qoca Bilgə dayandı, əlyazmanın ardı olduqca pis oxunurdu, ancaq qırıq-qırıq sözləri anlamaq olurdu. Oxuya bildiklərinin özəti belə idi: Öncə deyəsən, “kələmbaş” deyilən baş şaman İlhanın Uzmanı öldürtməsini doğrultmağa çalışır, hansısa: ”Göydə Tanrı, yerdə İlhan” adlı bir yasadan danışır, kimsənin İlhandan bilikli ola bilməməsini anladır, bu yasanı pozanları ölümlə qorxudurdu...

Sonra adı bir yerdə Tanrıtanımaz, başqa yerdə nədənsə Ateist deyə çağrılan birisi, tikinti işçilərini başına toplayıb, onları Tanrını öldürməyə çağırırdı.

Dediklərindən belə anlaşılırdı: Tanrının yaratdığı dünyada adamlar ürəkləri istədiyi kimi yaşaya bilmir, öz əməyinin, uğurunun yiyəsi deyil; Tanrı alçağın birinə İlhanlıq görəvi verməsə, belə azğınlıq, pozğunluq, qansızlıqlar baş verməzdi. Tanrı özü ilə adamlar arasında bir əlçatmaz aralıq qoyub, ona görə də onu öldürmək, onun yer üzündəki araçılarını öldürməklə baş tuta bilər... Sonra kimsə keçmişdə Uzman əfəndidən eşitdiyi bir olayı danışırdı:

Yer üzündə ancaq bir xalq olduğu çağlar varmış, bir gün nədənsə onların biriləri belə düşünmüşlər: “Tanrı ilə adamlar arasındakı uzaqlığı aradan qaldırmaq, diləklərini Tanrıya “yaxşı anlatmaq” üçün, göyə ucalan bir dam tikmək gərəkdir.” İşə başlayırlar, işin çoxu görüləndə, bir gün adamlar yuxudan ayılıb, biri-birinin dilini anlamırlar; sonrakı gün onlar biri-birini tanımırlar, üçüncü gün biri-birinə yağı kəsilib, savaşmağa başlayırlar; beləliklə də ayrılıb, başqa-başqa xalqlara bölünüb, yer üzünə səpələnirlər. Tanrının istəminə qarşı çıxanlar biri-birinə yadlaşırlar, sonda isə biri-biri ilə yağı olurlar...

Ən sonda deyəsən, hansısa Tanrı Elçisinin bu ayrılığı aradan qaldırmaq üçün adamların yanına gəlib Tanrıdan belə bir soraq gətirdiyi yazılmışdı:

Mənə yaxınlaşmaq istəyirsinizsə, biri-birinizlə yaxınlaşın; Məni sevmək istərsəniz, biri-birinizi sevin!..

Qoca bilgə ayağa qalxıb, otaqda var-gəl eləməyə başladı. Nə düşündüsə, birdən pıçıltı ilə öz-özünə: İnsanın bugunu dünəninə necə də çox oxşayır!—deyib, köks ötürdü, ertədən durub işə başlamaq üçün yatmağa getdi...

_____________
*Əski türkcədə il—dövlət, ilhan—“padşah” anlamındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG