Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Gəncədə balkonları niyə sökürlər?


Gəncə şəhəri Nərimanov prospektində yerləşən binaların layihədən kənar artırılan hissələri sökülür. Söküntü işləri aparılan mənzillərin sahibləri deyirlər ki, onlara əvvəlcədən heç bir xəbərdarlıq edilmədən martın 24-də səhər saatlarından söküntüyə başlayıblar.

22 il əvvəl mənzilində artırma üçün icazə adlığını bildirən Cəmilə Hüseynova deyir ki, söküntünün aparılmasına etiraz edənlər polis idarəsinə aparılıblar:

«QADINA, UŞAĞA BAXMADAN HAMINI POLİSƏ APARDILAR»


«Heç nə demədən, xəbər etmədən polisləri tökdülər, kran gətirib, uçurmağa başladılar. Təkcə mənim yaşadığım 30 saylı binada 4 mənzildə söküntü aparılır. Digər binaları bilmirəm. Əşyalar qaldı eləcə evin içində. Etiraz edənləri qadın, uşağına baxmadan hamısını doldurdular polis maşınına apardılar».

Sakinlər iddia edirlər ki, söküntünün aparılması əmrini yeni icra başçısı Elmar Vəliyev verib:

«Bu ev xüsusiləşəndə mənzilin artırılmasına görə neçə min manat dövlətə pul ödəmişik. Əgər bu qeyri-qanunidirsə, o vaxt gəlib, artırmaları çertyoja salmazdılar. Deyərdilər ki, bu şəhərin görkəmini pozur və ya nə vaxtsa uça bilər».

«QUCAĞIMDA İKİ YAŞLI UŞAQLA MƏNİ POLİS MAŞININA MİNDİRDİLƏR»

«Bu dəqiqə polisdən gəlirəm. Məni qucağımda iki yaşlı uşaqla, vəhşi kimi polis maşınına mindirdilər. Ayaqlarım göm-göydür. Polislər dedilər ki, biz əmr quluyuq, icra başçısı göstəriş verib ki, söküntüyə mane olanları ərazidən uzaqlaşdırın. Böyük oğlum da digər qonşuların oğulları ilə birlikdə hələ də polisdədirlər».

«Necə olur ki, binalarda 15-20 il əvvəl aparılan artırmalara heç kim bir söz demədi. Bu yeni icra başçısı gələn kimi söküntüyə əmr verib, camaatın bayramını qara edir. Buna kimin haqqı çatır!»

YENİ İCRA BAŞÇISININ YENİ «PRİKAZI»


«Gəncənin təzə icra başçısı əlində icazə məktubunu təqdim etmək istəyən sakinin kağızını götürüb hamının gözü qabağında cırdı. Özü də «prikaz» verdi ki, nə arvad, nə kişi, kimin səsi çıxdı basın içəri. Başımıza bir müsibətlər açdı ki, mən başa düşə bilmirəm bu haradan gəlib».

Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev isə səslənən iradlarla razılaşmır.

«SİZ ARA QATMAYIN»

«Balkonlar sökülmür. Səhv məlumat veriblər sizə. Şəhərin girəcəyindəki balkonların qarşısında yeni trafaretlər qoyulur. Bu zaman 3-4 nəfər qadın müraciət ediblər, onlara da bütün bunların şəhərin gözəlliyi üçün edildiyi izah olunub. Onlar da başa düşüb, çıxıb gediblər. Ayrı bir sözünüz var? Saxlanan- zad da olmayıb, siz də ara qatmağınızı qurtarın».

Gəncə şəhər İcra Hakimiyyətinin kommunal məsələlər üzrə müavini Şahmalı Cavadova binalarda söküntü işlərinin nə üçün aparılması ilə bağlı sualımız cavabsız qaldı. Əvvəl sualı dinləyən Şahmalı Cavadov danışmaq üçün münasib yerdə olmadığını bildirərək, dəstəyi asıb. Gün ərzində bir neçə dəfə əlaqə saxlasaq o, daha dəstəyi qaldırmadı.

BU CÜR SÖKÜNTÜLƏRİN ÖZÜ QANUNSUZDUR


Hüquqşünas Fuad Ağayev isə hesab edir ki, qanunsuz tikililərin bu cür xəbərdarlıqsız, heç bir məhkəmə qərarı olmadan sökülməsinin özü birbaşa qanun pozuntusudur.

«Həmin artırmalar uzun müddət mövcud idisə və bu vaxta kimi icra hakimiyyəti orqanları heç bir şəkildə öz etirazlarını bildirməyiblərsə, heç bir məsələ qaldırmayıblarsa, yalnız vətəndaşa dəymiş ziyan ödənilməklə söküntü aparıla bilər. Söküntü işlərinin bu cür aparılması vətəndaşların sükut yolu ilə təsbit olunmuş hüquqlarının pozuntusudur. Bu cür yanaşma Avropa İnsan Haqları Məhkəməsinin biri sıra qərarlarında da öz əksini tapıb».

Fuad Ağayev xatırladır ki, bütün hallarda söküntü işləri məhkəmə qərarı əsasında aparılmalıdır. Tikintinin qanunsuz olmasını və söküntünün aparılmasını qərarını yalnız məhkəmə çıxara bilər.
XS
SM
MD
LG