Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

Avropa Şurasında ilk Azərbaycanlı komitə rəhbərilə müsahibə


Foto: Amnesty İnternational
Foto: Amnesty İnternational
Bu günlərdə Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin Azərbaycandan olan üzvü Lətif Hüseynov bu qurumun prezidenti seçilib.

Qeyd edək ki, bu komitənin azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək üçün üzv ölkələrdəki bütün azadlıqdan məhrum etmə yerlərinə – polis məntəqələrinə, həbsxanalara, əcnəbilər üçün saxlama mərkəzlərinə, psixiatriya xəstəxanalarına və s. sərbəst baş çəkmək hüququ var.

Lətif Hüseynov həmçinin Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiridir.

Onunla görüşüb bu və digər məsələlərlə bağlı bəzi suallara cavab almağa çalışdıq.

-Elə suallar ola bilərmi ki, siz onlara ümumiyyətlə cavab verməyəsiniz?

-Ola bilər. Komitə 1987-ci ildə qəbul edilmiş və 47 Avropa ölkəsinin iştirakçısı olduğu konvensiya (Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və cəzanın qarşısının alınması haqqında Konvensiyası) əsasında fəaliyyət göstərir. Konvensiyada müəyyən tələblər var. Bunlar, əsasən, konfidensiallıq və Komitə üzvlərinin müstəqilliyi və qərəzsizliyi ilə bağlıdır. Əgər o tələblər mənə müəyyən sualları cavablandırmağa imkan verməsə, onda cavab verə bilməyəcəyəm. Amma başqa səbəb görmürəm və çalışacağam ki, suallarınızı cavabsız qoymayım.

-Avropa Şurasında kifayət qədər nüfuzlu sayılan qurumlardan birinin prezidenti seçildiniz. Niyə məhz sizi seçdilər?

-Mənim üçün çətindir bunu demək. Yəqin ki, məni daha layiqli hesab etdilər. Digər namizədlər də irəli sürülmüşdü. Komitənin hazırda 44 üzvü var. Səs çoxluğu ilə mən seçildim.

-Digər namizədlərin kimliyini açıqlaya bilərsiniz ya yox?

-Xeyr. Daxili müzakirələr konfidensialdır, ona görə də açıqlaya bilmərəm.

-Namizədlik irəli sürüləndə ölkə ya fərd nəzərə alınır?

-Bu məsələdə ölkə mənsubiyyəti qətiyyən nəzərə alınmır. Komitənin üzvləri müstəqil, qərəzsiz olmalıdırlar və fərdi keyfiyyətdə, şəxsi statusda çalışırlar. Heç bir üzv komitədə öz dövlətini təmsil etmir. Konvensiyaya görə, hər dövlətdən 1 nəfər komitənin üzvü olmalıdır. Avropa İnsan Haqları Məhkəməsində olduğu kimi. Deyim ki, bu cür seçkilər zamanı uğur yalnız şəxsi keyfiyyətlərə – peşəkarlığa, təcrübəyə, Komitənin fəaliyyətində iştirak dərəcəsinə və əlbəttə ki, digər üzvlərlə yaxşı insani münasibətlərin olmasına əsaslanır.

-Komitənin rəhbəri olaraq nələri etməyi zəruri sayırsınız, yeniliklər olacaqmı qurumun fəaliyyətində?

-Ümumiyyətlə, bu komitə çox səmərəli fəaliyyət göstərir, işgəncənin və digər yolverilməz rəftarın qarşısının alınması sahəsində, mən deyərdim ki, dünyada ən nüfuzlu qurum sayılır. İlk növbədə bütün səylərimi komitənin bu qlobal nüfuzunun qorunub saxlanmasına yönəldəcəyəm. Bundan başqa, komitəyə rəhbərliyim dövründə xüsusi əhəmiyyət verəcəyim müəyyən prioritetlərdən danışa bilərəm. Çalışacağam ki, işgəncə və digər yolverilməz rəftarla bağlı Komitəyə daxil olan məlumatlara tez müddətdə və çevik reaksiya verilsin, o cümlədən ölkələrə təcili səfərlər təşkil olunsun. Fikrimcə, xüsusi narahatlıq doğuran məsələlərin araşdırılması (məsələn, polis əməkdaşları tərəfindən işgəncə verilməsi, ömürlük həbs cəzası çəkən şəxslərin saxlanma rejimi, psixiatriya müəssisələrində vəziyyət və s.) ön plana çəkilməlidir. Dövlətlərə verdiyimiz tövsiyələrin yerinə yetirilməsi məsələsinə xüsusi əhəmiyyət verilməlidir. Bu məsələyə Avropa Şurasının siyasi qurumlarının, xüsusən Avropa Şurası Parlament Assambleyasının cəlb edilməsinə nail olmaq lazımdır. Dövlətlərin bizə göndərdikləri cavabların təhlil edilməsinə, ümumiləşdirilməsinə və onlara müvafiq reaksiya göstərilməsinə xüsusi önəm verilməlidir. Yəni dövlətin bizə cavab yazması ilə kifayətlənməməliyik. Müəyyən edilmiş problemlər və narahatlıqlarla bağlı sona qədər davam etməliyik və lazım gəldikdə dərhal müdaxilə etməliyik. Habelə Komitənin digər müvafiq beynəlxalq və milli qurumlarla, xüsusən milli preventiv mexanizmlərlə əlaqələrinin genişləndirilməsinə çalışacağam.

-Siz işgəncələrə qarşı komitənin rəhbəri olaraq Azərbaycanda yaşayırsınız. Burada da işgəncə və qeyri-insani rəftarla bağlı beynəlxalq təşkilatlara, o cümlədən sizin komitəyə müraciətlər olur. Və bunlar sizin gözünüzün qarşısındadır demək olar ki. Müdaxilə edə bilirsiniz ya yox?

-Komitə, əlbəttə ki, müdaxilə edir. Bu günə kimi Komitə Azərbaycana beş səfər edib. Bunların üçü “plandankənar”, yəni yaranmış vəziyyətlə bağlı olub (2004, 2005 və 2008-ci illərdə). Həmin səfərlərin yekunu olaraq da xeyli sayda tövsiyələr verib. Bu tövsiyələr də yerinə yetirilməlidir. Söhbət məndən gedirsə, mənim nəinki komitənin rəhbəri, hətta üzvü kimi də Azərbaycandakı situasiyaya müdaxilə etmək ixtiyarım yoxdur. Söhbət, əvvəl dediyim kimi, qərəzsizlik və müstəqillik tələblərinə əməl olunmasından və maraqlar toqquşmasına yol verilməməsindən gedir. Bu konvensiyanın tələbi və bizim iş təcrübəmizdir. Əgər komitənin iclasında Azərbaycanla bağlı müzakirə gedirsə, mənim həmin müzakirədə iştirak və ya hər hansı formada müdaxilə etmək ixtiyarım yoxdur. Tutaq ki, sabah komitədə Azərbaycanla bağlı məsələ müzakirə olunsa, mən iclası aparmaq səlahiyyətimi mütləq vitse-prezidentlərdən birinə həvalə etməliyəm.

-Belə anladım ki, indi siz jurnalist Eynulla Fətullayevin həbsxanada həyatına təhlükə olması barədə dedikləri, gənc fəal Bəxtiyar Hacıyevin təcridxanada fiziki təzyiqlərə məruz qalması və sair bu kimi məsələlərə də münasibət bildirə bilməzsiniz.


-Xeyr, İşgəncələrin qarşısının alınması üzrə komitənin üzvü kimi, eləcə də rəhbəri kimi bunlara münasibət bildirə bilmərəm. Üstəlik, bildiyiniz kimi, Eynulla Fətullayevin işi üzrə mən Avropa Məhkəməsində hakim olmuşam.

-Siz AŞ-nın İşgəncələrə qarşı komitəsinin prezidenti olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşısınız. Bəzi beynəlxalq təşkilatların illik hesabatlarında isə Azərbaycan insan hüquqlarının pozulduğu, işgəncə, qeyri-insani rəftarın çox olduğu ölkələr sırasında yer alır.

- Sizin deməyinizdən belə çıxır ki (yəqin ki, belə demək istəmirsiniz - L.H.), o ölkədə ki, insan hüquqlarının pozuntuları var, həmin ölkədən olan şəxs, deyək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti ola bilməz. Məsələn, belə düşünməliyik ki, Fransada bu gün insan hüquqları pozuntusu halları ümumiyyətlə yoxdur. Çünki bu ölkədən olan hakim hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin prezidentidir. Yaxud Fransadan bu instansiyaya şikayət getməməlidir və əgər getdisə, onda o şikayətə gərək baxılmasın. Məncə, məsələyə bu cür yanaşma düz deyil.

-Yox, demək istəyirdim ki, rəhbəri olduğunuz bu komitəyə ən çox şikayət gələn yerlərdən birinin məhz doğulduğunuz ölkənin olması sizi sıxmaz ki?

- Təbii ki, mən də həm bir vətəndaş, eləcə də insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir komitənin rəhbəri kimi istərdim ki, Azərbaycandan gedən şikayətlərin sayı az olsun. Və Azərbaycanda insan hüquqlarının vəziyyəti elə olsun ki, o, başqa ölkələrə nümunə göstərilsin.
XS
SM
MD
LG