Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Elnaz Eyvazlı. İncitmə ruhumu, işinlə məşğul ol, mürdəşir... (Şeirlər)















Sən daha xoşbəxt və rahat,
məndən sakit və arxayın.
Səni qane edir
bir loxma çörək, bir şüşə su.
Mən doymaram bununla doğrusu.

Sən bezmirsən
bir yeməyi üç dəfə yeməkdən,
mən səndən naşükür.
Şükür, bu gününə şükür.
İtirəcək heç nəyin yox,
ağlamağa səbəbin.
Əlin arzularının bir addımlığında,
zibil qutuları əlinin altında.
Mənim kimi demirsən:
"Əl uzatsam çatan deyil".

Hər yer sənin evin,
dayanacaqlar yataq otağın.
Səma yorğanın,
qolların sevgilindir.
Alıb qucağına yatırsan,
sənindir, yalnız sənindir.

Sən daha xoşbəxt və rahat,
məndən sakit və arxayın.
Əlin arzularının bir addımlığında...
Bax, ikimiz də bu dünyadan boş gedəcəyik,
bom-boş.
Heç kimin heç nəyi yoxdur,
əzizim Bomj.


***

Verdiyin acıdan aldığım ləzzət:
bir az dəliyə dönmək,
otaq boyu gərdiş eləmək;
nəsə itirmiş kimi,
nəsə itirmiş kimi!

Sonra bir fincan
acı, şəkərsiz qəhvə ,
özünə qəsd edirmiş kimi.

Sonra çox sevdiyim mahnını dinləmək,
dinləmək,
dinləmək...
taqətdən düşənə qədər.

Sonra da...
sonra da
hər şeyin hədər,

hədər olduğunu demək.
Ölmüş ümidləri bağrıma basıb
heç kimin eşitməyəcəyi tərzdə ulamaq.
Qollaırımı sinəmdə
bir-birinə bağlamaq,
büzüşmək, yığılmaq.
Gözlərim yuxuya gedincə
xısın-xısın ağlamaq.
Və zorla pıçıldamaq:
gecən xeyrə qalsın, əzizim.


***

Gözlərimə ehmalca toxun,
açıla bilər.
Dodaqlarımdan vaz keç,
sənlik deyil.
Saçlarıma daraq çək,
tumarı sevər.
Uşaqkən onları anam hörər,
hörəndə oxşayardı.
Sən onun kimi oxşaya bilməzsən, bilirəm.
Qorxarsan diriləm.

Yanağıma sığal çək,
həssasdır dərim,
eləcə də əllərim...
Sinəmə toxunma,
altında xəzinəm var,
içi geniş bir diyar.
Üzümə baxıb-baxıb düşünmə:
- Görəsən nə fikirləşir?
İncitmə ruhumu,
işinlə məşğul ol,
mürdəşir...


***

Gözələrimə yuxu getmir,
işə düşmüşəm.
bir az qorxuram,
bir az təşvişə düşmüşəm.
Yatmıram ki, deyəm,
buta almış aşıq kimiyəm...
Gecəynən gündüzü səhv salan
qırxlı uşaq kimiyəm...


***

Onu düşünmək....

Gözlərin yuxuya gedincə,
səhər yuxudan durunca,
hər səhər səni salamlayan
bir fincan qəhvəni başına çəkincə
sürüyər səni.

Heç harda özünə yer tapmaz,
hər yerdə boğularsan,
təpə-dırnaq bürüyər səni.
Gözlərini qaçırarsan hamıdan,
hamı əyilib gözlərinə baxar maraqla...
Ancaq qaçmaq istərsən,
amma kimdən, nədən, hara?
Gündüzlə gecənin fərqini itirərsən,
hər ikisi qara.
Hər şey yorar bir gün.
Bir cib dəftərçəsi,
bir qələm,
əl boyda şəkil götürüb
dostların tanımadığı lokantaya qaçarsan.

Şəkli qarşına qoyub
dəftərçəni açarsan.
Son şeirini bitirib
bir də çağırarsan:
- Ey, qarson.
Qaçıb qarşında dayanar:
- Yine mi kahve?-deyə sorar.
- Yox, bu dəfə qəhvə yox.
Daha sürünməyə gücüm qalmadı.
Ehh....üzümə son gülən adam,
bu, yaşamaq olmadı.
Qoymaram onu düşünmək,
düşünmək,
düşünmək öldürsün məni.
Xumarlana-xumarlana:
- Bir şüşə zəhər ver!-deyərsən.
Bir sənə, bir də qarşındakı şəklə baxıb:
- Sevə-sevə! - deyib qaçar...
- Sənin sağlığına! - şəkilə göz vurarsan.
şəkildəki gözlər gülər sənə,
üşənərsən.
Və... son dəfə onu düşünərsən.


***

Bəlkə...belə daha yaxşıdı?!
Necə yaşadığımı, necə öldüyümü bilmədən,
heç ölməyəcəyimi düşünə-düşünə sevmək...
Səni qısqanmadan, incitmədən.
"Gözlərindəki kimdi,
baxışlarında kimi gətirmisən bu evə" - demədən.
Səni qırmadan yaşamaq...

Bəlkə...qovuşmasaq, hə?!
Düşməsək bir-birimizin gözündən,
tanımasaq bir-birimizi dərindən.
Bilməsən, görməsən
nə zülmlə gedirəm yuxuya,
necə qalxıram yerimdən.
Adiləşməsəm,
olduğum yerdə qalsam...

Bəlkə...qovuşmasaq, hə?!
Elə məndə qalsa fikrin də, xəyalın da.
Qumlu sahildən
ləpələrin yuduğu
qadın çiyinlərinin izi kim qalsam xəyalında?


***

Dumanlı, sönük baxışların,
qara, donuq gözlərin
ölmüş ümidlərinin baş daşıdır.
Hardan götürmüsən bu boyda yükü?
Bunu sənə kim daşıdır?

Qırışmış, qabarlı əllərin,
didilmiş, boyaqsız dırnaqların,
gömgöy göyərib üzünə duran damarların
gözdağıdır...
Süpürüb yığdığın xəzəl yarpaqlar,
dağınıq, səliqəsiz düşüncələrindir.
Sən toplayırsan, külək dağıdır.

Hərə sənin üçün bir cür maraqsızdır,
sən hamı üçün birsən.
Hamı üçün bir adın var, bir adın:
"süpürgəçi qadın" .


***

Bir fincan qəhvə
və Şopenin möhtəşəm sonatası.
Fikirlərim darmadağın.
Gözlərim yol çəkir
üzü cəhənnəmə doğru.
İçimdə vəhşi bir ağrı
səni sürüyürük .
Mən onu lənətləyirəm, o, məni,
hər ikimiz səni.
Birlikdə çürüyürük.
Not üstündə düşünürəm,
düşüncələrim qalxır, enir:
...sol, lya, si....
Başımdan çıxır yoxluğunun tüstüsü.
Yoxluğunun dadını çıxarırıq:
bir fincan qəhvə,
bir yığın xatirə,
Şopen və mən.
Səndən danışırıq, səndən...


***

Səni istəyirəm,
Hamını vermişəm yuxuya,
Nə bir səs var, nə hənir.
Gözlərim qaralır,
Başım gicəllənir.
Hələ əlim dəyməyib sənə,
Hələ adiləşməmisən mənim üçün.
Gözümün yaşını tökməmişəm üstünə,
Hələ ağlamamışam sənin üçün...

Səni istəyirəm,
Amma gecənin bu vaxtı
Bütün marketlər bağlı,
Sən hansısa piştaxtada
Yanırsan bir cüt dodaq,
Bir udum nəfəsdən ötrü.
Səni kimsə alacaq səhər,
Aparacaq harasa.
Bəs mən kimdən istəyim səni,
Kimə deyim:
Bağışla, siqaretin varsa...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG