Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:00

Başqalarının azadlığı, öz azadlığın


Azər QARAÇƏNLİ
("Azadlıq nitqləri" kitabından)

əvvəli burda

Başqalarının azadlığından iki cür danışmaq olar: bir – başqalarının azadlığından danışdığın kimi, iki – öz azadlığından danışdığın kimi.

Birincisində sən başqalarına baxıb danışırsan, ikincisində başqalarının gözüylə özünə baxıb danışırsan.

Birincisində başqaları ayrı adamlardı, ikincisində başqası sən özünsən.

“Başqalarının azadlığı” şərti ifadədi, çünki “başqası” hər an sən özün ola bilərsən.

Başqalarının azadlığından danışmaq elə bir azadlıqdan danışmaqdı ki, o azadlığın yerində hər an sənin öz azadlığın dayana bilər və əslində dayanıb da.

Gəlin ortalığa bir azadlıq çıxaraq və ona hər gün bir az da çox azadlıq verək.

Görək bu azadlıq haracan gedə biləcək, nə vaxt bizi qıcıqlandıracaq, nə vaxt bizə mane olacaq, harda biz onu dayandırmaq qərarına gələcəyik…

Başqasının azadlığı bizim qabağımıza çıxan, yanımızdan keçən, gəlib böyrümüzü kəsdirən, yolumuzu kəsən azadlıqdı.

Yəni bizim azadlığımız da başqasının qabağına çıxan, yanından keçən, böyrünü kəsdirən, yolunu kəsən azadlıqdı.

Necə eləmək olar ki, bu azadlıq həm inkişaf eləsin, həm də başqasına mane olmasın? Necə eləmək olar ki, başqalarının azadlığı artsın, amma bizə mane olmasın?

Ortalığa çıxardığımız azadlığın sonsuzluğacan artmaq imkanı yoxdu, nə qədər artsa da, yenə hardasa başqalarının azadlığıyla – bizim azadlığımızla toqquşub dayanacaq.

Bəs azadlığı başqalarının dayandırdığı yerdən o yana inkişaf elətdirmək mümkün deyilmi?

Azadlıq başqalarının dayandırdığı yerdə qurtarırmı? Yox.

Məni binanın içinə buraxmırlar, bu, mənim azadlığıma mane olmaq deməkdi, ancaq binanın qapısı ağzında qala‐qala da mənim özümü azad hiss eləmək imkanım var.

Hətta ola bilsin, mən qapının ağzında dura‐dura binadakıların hamısından azadam.

Ola bilsin, parkda gəzintiyə çıxmış adamlardan hansısa biri türmədəki adamdan daha ağır dustaqdı.

Hərəkət azadlığı, xarici azadlıq çox vacib olsa da, bu, azadlığın hələ bir hissəsidi. Azadlığın daha mühüm hissəsi daxili azadlıqla bağlıdı.

Məhz onun sayəsində yataq xəstəsi sağlam bir idmançıdan çox azad ola bilər.

Məhz onun sayəsində biz qadağaları pozmadan azadlığımızı genişləndirə bilirik.

Məhz onun sayəsində biz başqalarının dayandırdığı yerdə dura‐dura başqalarından çox azad ola bilirik.

Ortalığa qoyduğumuz azadlıq sonsuzluğacan böyüyə‐böyüyə gedə bilməz, hardasa dayanmalıdı.

Dayanandan sonra da inkişaf eləyə bilməkdən ötrü onun daxili aləmi olmalıdı.

Daxili azadlıq bizim qabağımızı kəsməyən, yanımızdan keçməyən, böyrümüzü kəsdirməyən azadlıqdı. Bu, ən azad azadlıqdı.

Ona hədd yoxdu. Başqasının bizə heç vaxt mane olmayan və heç vaxt da mane olmayacaq azadlığı onun daxili azadlığıdı.

Yəni bizim də başqasına mane olmayan azadlığımız daxili azadlığımızdı. Onu nə qədər istəsən inkişaf elətdirmək olar.

İctimai, siyasi, iqtisadi, mədəni azadlıqlar başqalarından asılı azadlıqlardı. Daxili, mənəvi azadlığınsa başqasından asılacağı yoxdu.

Ancaq xarici mühit, sözsüz ki, ona təsir eləyir. İnsan nə qədər azad şəraitdə yaşasa, rahat yaşasa, yaxşı yaşasa, daxilən bir o qədər çox azad ola bilər.

Azad şərait insanı artıq qayğılardan qurtarır, ictimai, siyasi, iqtisadi, mədəni azadlıqları tanımaqla onları problem sırasından çıxarır, insana daxili aləmiylə məşğul olmaq, mənəvi problemlərini, o cümlədən mənəvi azadlığını əsas problem kimi dərk eləmək imkanı verir.

Başqalarıyla problem həll olunandan sonra bir problem qalır, o da özünsən.

İctimai, siyasi, iqtisadi, mədəni azadlıqlar uğrunda mübarizə başqalarıyla mübarizədi. Bu mübarizənin bir sonu var.

Bir gün insanlar, nəhayət ki, öz aralarında dil tapa biləcəklər. Ondan sonra hər kəs özüylə məşğul olacaq.

Daxili azadlıqla xarci azadlıq bir yerdə inkişaf eləyir. Ola bilməz ki, onlardan biri inkişaf eləsin, o birini arxasıyca aparmasın.

Ancaq xarici azadlığın bir dirənən yeri var. İnsan o yerə çatandan sonra, cəmiyyətdə mümkün olan bütün azadlıqları qazanandan sonra azadlığını yalnız daxili istiqamətdə inkişaf elətdirəcək.

Onda inkişaf elətdirməli başqa azadlıq da olmayacaq, çünki başqa azadlıqlar maksimum həddə olacaq, mənəvi azadlığınsa maksimum həddinin harda olduğunu heç kim bilmir.

Bizdən mənən güclü adamlar var. Onlar ətrafdan da bizdən çox azaddılar. İnsan daxilən nə qədər azad olsa, ətrafdan da asılılığını bir o qədər itirir.

Belə insanı ətrafa sevgi və mərhəmət bağlayır.

Sevgi və mərhəmət azad cəmiyyətdə insanların bir‐birinin həyatına müdaxiləsinin başlıca motivləridi.

Bizim həyatımıza başqa motivlərlə müdaxilə cəmiyyətimizdəki geridəqalmışlığın nəticəsidi.

Bu müdaxilə ya həmin geridəqalmışlığın özündən doğur, ya da geridəqalmışlığın qarşısını almaq üçün doğulur.

Başqalarının azadlığına bu motivlərlə müdaxilə cəmiyyət inkişaf elədikcə sıradan çıxır və çıxacaq.

Başqasının azadlığına sevgidən və mərhəmətdən irəli gəlməyən müdaxiləni hökmən hansısa məcburiyyət doğurmalıdı.

Bu müdaxilə məcburiyyətdən yox, həvəsdən doğulursa, deməli, onun yaranmasında cəhalət iştirak eləyir.

İnkişaf eləmiş cəmiyyətdə bu cür müdaxilələr yolverilməzdi.

Azad cəmiyyət başqalarının azadlığına müdaxilə eləməyə həvəs göstərməyən cəmiyyətdi. Azad mühitin yaranması üçün bu həvəslərin sıradan çıxması vacibdi.

Biz azad cəmiyyətlərdə bu tendensiyanı görürük. Bu, qalib tendensiyadı. O, əks tendensiyaları məğlubiyyətə uğrada‐uğrada gedəcək.

Başqasının azadlığına müdaxilə eləyəndə öz hərəkətimizin motivinə fikir verməyimiz vacibdi.

Bizi bu müdaxiləyə nə sövq eləyir? Görsək ki, həvəs, onda onu boğmağımız vacibdi.

Bu həvəsi bizdə daxili şərimiz və ya içində olduğumuz qrupun şəri – ictimai şər, məhəlli, mili, dini şər oyada bilər.

Başqalarının azadlığına ya sevgidən, ya mərhəmətdən, ya da məcburiyyətdən müdaxilə eləmək olar.

Bunların heç biri olmayan yerdə istənilən müdaxilə şərdi. Azadlıq uğrunda mübarizə bu şərə qarşıdı.

Azadlıq uğrunda mübarizə başqasının azadlığına sevgidən, mərhəmətdən və məcburiyyətdən doğan müdaxilənin törədə biləcəyi şərə qarşı da olmalıdı.

Biz başqalarını təkcə başqalarının şərindən qorumamalıyıq, başqalarını həm də öz şərimizdən qorumalıyıq. Biz özümüzü başqalarının, başqalarını özümüzün, bir də, gücümüz çatırsa, başqalarını başqalarının şərindən qorumalıyıq.

Əlbəttə, əgər seviriksə, mərhəmətliyiksə və ya ictimai məcburiyyət hiss eləyiriksə. Bunun üçüncüsü çox təhlükəlidi – o, diktaturanın yaranmasına da gətirib çıxarır.

Ona görə başqasının azadlığına müdaxilə eləməyə məcbur olduğumuzu düşünəndə bunu dönə‐dönə yoxlamalıyıq, yaxşı‐yaxşı düşünməliyik və özümüzə o sərbəstliyi verməməliyik ki, guya məcburiyyət varsa, deməli, hər cür mudaxiləyə icazə var; biz mümkün qədər müdaxilənin ən aşağı, ən yumşaq formasını seçməliyik və ondan imtina eləyə biləcəyimiz anı da gözləməliyik.

Həmin an yetişəndə müdaxiləni qüvvədə saxlamağın özü də bir şərdi, cəmiyyətin inkişafına mane olmaqdı, azadlığı yersiz məhdudlaşdırmaqdı.

Azadlığa qoyulan məhdudiyyətlər müvəqqəti xarakter daşımalıdı və daim onları götürüb‐götürməməyin mümkünlüyü yoxlanmalıdı.

Zaman – məhdudiyyətlərə yenidən baxmağı zəruri eləyir, çünki zamanın məhdudiyyətləri köhnəltmək qabiliyyəti var.

Harda azadlığa müdaxilə eləməyin vaxtı çatırsa, orda nə vaxtsa azadlığa müdaxilənin vaxtı keçmiş də olacaq.

Həmin vaxt yeni qərarlar lazımdı. Cəmiyyət bu cür qərarlara meylli olmalıdı.

Biz – bizim azadlığımıza qoyulan məhdudiyyətlərə yenidən baxılmasında maraqlı olmalıyıq.

Və həmin məhdudiyyətin vaxtı keçdiyini görəndə, hiss eləyəndə təklifimizi irəli sürməliyik.

Hər bir prosesin zamanla birlikdə yetişməsi, yəni vaxtının çatması çox yaxşı haldı, belə vəziyyətdə prosesi həyata keçirmək asan olur.

Zamanı qabaqlayan prosesin də öz xidməti var, o, zamanı yetişdirməyə xidmət eləyir, zamanı dəyişir, ancaq belə vəziyyətdə proses ağrılı olur.

Bizim azadlığa münasibətimiz həm realist – zamana uyğun olmalıdı, həm də idealist – zamanı qabaqlayan olmalıdı.

Biz təkliflərimizi irəli sürəndə zamanı nəzərə almalıyıq, yəni real təkliflər verməliyik.

Bununla bərabər biz zamanı qabaqlayan fikirlərimizi, idealımızı da çatdırmalıyıq ki, məqsədimiz aydın olsun. Biz həm hansı yolla getməli olduğumuzu deməliyik, həm də hara getdiyimizi göstərməliyik.

Reallıq bizim metodumuzda nəzərə alınmalıdı, idealımızda yox.

Dövlətin, cəmiyyətin, ayrı‐ayrı qrupların, şirkətlərin, millətin, dinin və nəhayət, yaxın ətrafımızın insan azadlığına minlərlə müdaxiləsi var ki, əslində onların biri də olmamalıdı, hamısı ləğv olub getməlidi.

Ancaq gəl gör onların birini bu gün ləğv eləmək olurmu, olursa, hansı əziyyətin hesabına başa gəlir, bundan ötrü nə qədər zəhmət, əsəb sərf eləmək lazım gəlir…

Azadlıq uğrunda mübarizə budu: o, idealını göstərməlidi və bu ideala aparan yolda reallaşdırılması mümkün olan işlərin qulpundan yapışmalıdı.

İctimai, siyasi, iqtisadi, mədəni və bu sayaq başqa azadlıqlar uğrunda mübarizə aparan hər bir adam bilməlidi ki, əslində böyük mənada götürəndə bu azadlıqlar boş şeydi, əsl azadlıq insanın daxilindədi, o azadlıq da bu dəqiqə sənin özündədi, heç kim onu sənin əlindən almayıb, heç kim də ala bilməz; sənin ən böyük borcun o azadlığın qarşısındadı, ən böyük azadlığın o azadlıqdadı.

Azadlıq uğrunda ən qiymətli mübarizə cəmiyyətdəki yox, öz daxilindəki mübarizədi.

Eşq olsun sizə ki, bunu bilə‐bilə qiymətli vaxtınızı cəmiyyətin azadlığı uğrunda mübarizəyə sərf eləyirsiz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG