Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:45

Mahirə Əliyeva. Sarı simlər


Sarı simlər

Götürüb köksünə basır tarını,
Kökləyir simlərdə intizarını.
Düşünüb bu gecə gözəl yarını,
Vurur asta-asta sarı simlərə.

Oturub gecənin qaranlığında,
Ağlayan sevgi var hər baxışında.
Hərdənbir görünən ay işığında,
Vurur asta-asta sarı simlərə.

Çalır segahını o, yana-yana,
Göylər də ahından gələ tüğyana.
Bəlkə o gözəlin qəlbi oyana,
Vurur asta-asta sarı simlərə.

Süzülür mizrabdan eşqin yanğısı,
Yaralı qəlbinin segah parçası.
Uzaqdan duyulur tarın calğısı,
Vurur asta-asta sarı simlərə.

Mizrabı vurduqca ürək dayanır,
Gecənin bağrı da qana boyanır.
Duyub bu ahəngi gözəllər yanır,
Vurur asta-asta sarı simlərə.

Çalır, o, ahəstə, halı da sormaz,
Sevginin ahəngi, mizrabı yormaz.
Çaldığı segaha, göz yaşı durmaz,
Vurur asta-asta sarı simlərə.

Gecənin sabaha olan həsrəti,
Segahın əlindən alar qüssəni.
Səhər kökdən düşmüş aylı gecəni,
Vurur asta-asta sarı simlərə.


Aqil insan

Düşünmə, ey insan, aqil birisən,
Canlıdan canlısan, candan dirisən.
Yersiz düşüncələr, fikir yürüdən,
Qarışqadan güclü, fildən irisən.
Ağıl başda olsun, yaşa baxma sən,
Hər deyilən sözü başa taxma sən,
Tarixdən, götürsən, uludur dünya,
Hər kiçik bulaqtək, yersiz axma sən.
Nə qədər deyiblər, deyəcəyik də
İnsana, insanlıq edəcəyik də
Zalım bizik, fələk tanrı neyləsin
Bir gün o hesabı verəcəyik də
Çətin ki dünyanı, döndərək geri,
Hər çarxı fırladaq, oynatsın yeri.
Arifə işarə kifəyət olsa,
Oxuyan hər insan, anlar şeiri.


Nə fərqi

Həyat cənnətdirsə, biz də mələklər,
Ömür zindandırsa, quş da iməklər.
Cənnət, cəhənnəm də içimizdədir,
Nə fərqi, od yağsın, yoxsa, çiçəklər.

İnsanıq, insandan ümid dilərik,
Pisi də yaxşıdan seçə bilərik.
Zülmət də, işıq da qəlbimizdədir,
Nə fərqi, ağlarıq yoxsa, gülərik.

Tale bir kəfəndir, biz bürünərik,
Ömür bir işgəncə biz sürünərik.
Ölümün qorxusu üzümüzdədir,
Nə fərqi, yaşarıq, yoxsa ölərik.


Dünya və insanlar

Dünya deyil kəsib-biçən,
Qanımızdan şərab içən.
Üstümüzdən əzib-keçən,
İnsanlardır gülə-gülə.

Sevgiləri xırdalayar,
Tikan kimi lap dalayar.
Acızləri tapdalayar,
Cəhənnəmi görə-görə.

Addım atsan, çəkil deyər,
Ağız açsan, ağız əyər.
Hər sözünə bir don geyər,
Göz yumarıq qana-qana.

Zorbalıqla gözə girər,
Abır-həya da itirər.
Çarəsizə çörək verər,
Zəhərləri qata-qata.

Qanunları pozanlardır,
Ayaq altda qazanlardır.
Yollarını azanlardır,
Əzir, döyür bilə-bilə.

İmkansızı yandırarlar,
Gücsüzləri qandırarlar.
Zindana da saldırarlar,
Gözümüzə baxa-baxa.

Hər ağılda bir yekə var,
Düşüncəsiz beyni də dar.
Şeytan kimi aldadarlar,
“Bu gün, sabah”deyə-deyə.

Kimlər biçər, kimlər əkər,
Günahları kimlər çəkər.
Ürəklərdə qanqal bitər,
Gül yerində dura-dura.

Bu dünyaya demə “yaman”,
Keçib gedər, durmaz zaman.
Damarlardan axıb, daman,
Qan da donar gilə-gilə.

Tanrı yazar, sən də daşa,
Ölüm baxmaz gözdə yaşa.
Dərd, sər ilə gələr başa,
Ömür kecər yana-yana.

Çox bilirsən, gəl az söylə,
Həyat gəlib, gedər böylə.
Fələk zalım, getmə göylə,
Yıxar, salar döyə-döyə.

Dünya geniş, ömür dardır,
Nə söyləsəm yeri vardır.
Gözəl həyat yuxulardır,
Çətin görək yata-yata.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG