Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:23

“Ağlı olan diktator interneti bağlamaz”


Dünyada internetə senzura xəritəsi
Dünyada internetə senzura xəritəsi

2010-cu ilin iyununda Misirdə internet kafelərin birində 28 yaşlı Xalid Səidi tutub-apardılar, sonra məlum oldu ki, polis onu döyüb-öldürüb.

Bu faciə Facebookda geniş müzakirəyə səbəb oldu.

Wall Street Journal qəzeti yazır ki, bu hadisə Misir gənclərini bir növ elektrikləşdirdi.
“Biz hamımız Xalid Səidik” adlı qrupun internetdə tezliklə yüz minlərlə üzvü oldu.
Bu qrup Hüsni Mübarəkin devrilməsində mühüm rol oynadı.

Misir təcrübəsi göstərir ki, can verən avtoritar rejiminin ölməsini sosial media çox güclü şəkildə sürətləndirə bilər.

MÜBARƏKIN İNTERNETLƏ MÜBARİZƏDƏN BAŞI ÇIXMIRDI

Misirdəki xalq üsyanında internetin oynadığı rol danılmazdır. Ancaq yaddan çıxartmaq olmaz ki, Misir hakimiyyəti internetlə necə mübarizə aparmağı bilmədi. Hökumətin bildiyi interneti bağlamaq idi.

Oxşar hadisə Çində də olmuşdu. 2009-cu ildə 24 yaşlı Li Qiaoming adlı kəndli qanunsuz odun qırdığına görə tutulmuşdu. Sonra xəbər çıxdı ki, o ölüb.

Polis onun valideynlərinə gülməli səbəb göstərirdi. Guya Li həbsxanada gizlənpaç oynayanda başı divara dəyib, ölüb.
Bir bloqçu bu barədə yazanda polisin izahından və kəndlinin ölümündən qəzəb az bir zamanda 100 min şərh gətirdi.
Çin hakimiyyəti vəziyyəti belə görəndə dərhal reaksiya verdi.


Hakimiyyət bloqu bağlamadı. Fikir mübadiləsini dayandırmadı.
Çin hökuməti internet müzakirəsində iştirak edənləri Linin ölümünü araşdıran komissiyanın üzvü olmağa dəvət etdi. Təbii ki, bu komissiyaya imkan verilmədi ki, Linin ölümünün bütün təfərrüatlarını araşdırsın, ancaq bu ölüm ətrafında sosial qəzəb yavaş-yavaş heçə endi.

HAKİMİYYƏT BLOQQERLƏRİ DÖYMƏYİ BİLİRDİ

Misirdəki hadisələrə arxadan baxanda aydın görünür ki, Mübarək hökumətinin internetlə rəftarı Çindəki kimi deyildi. Rusiyadakı kimi də deyildi.
Rusiyada Kreml bloqqerlərə pul verib- yazı yazdırmaqla, on-line təbliğat aparır.

Misirdə bloqqerlərin saytlarına kiber hücum da olmurdu.

Mübarək hökumətinin elədiyi bloqqerləri döymək və tutmaq idi. Bu taktika isə səhvdir, çünki məsələni ictimailəşdirir və böyüdür.

Misir hökuməti nəinki on-line internet mübarizəsini uduzdu, hətta bu mübarizəyə heş başlaya bilmədi. Mübarəki məhv edən internet olmadı. Mübarəki məhv edən onun interneti anlamaması idi.

DİKTATORLARIN MİSİR DƏRSİ

O biri avtoritar rejimlər Misir dərslərindən öyrənirlər. Suriya Facebook-a və YouTube-a qadağanı götürdü. Bu, müxalifətə güzəşt kimi təqdim olunur. Ancaq əslində bu, ictimai narazılığa göz qoymaq üçün edilir.
Çünki indi hamı Facebook-da istədiyini yazır, polis də xüsusi vasitələrlə girib, bunları oxuya bilir.

Sudanda Facebook açıqdır, çünki Facebook-da polis etirazlar barədə yalan məlumat da yayır.

Yaxın Şərqdə ən mükəmməl internet nəzarəti strategiyası isə İranda qurulub. 2009-cu ilin etirazlarından sonra İran təlim görmüş kiber polis birləşmələri yaradıb. Onlar hətta kimin internet senzurası əleyhinə vasitələr işlətməsini də tapa bilərlər.

Hazırda diktatorları bir sual maraqlandırır: Amerikanın sosial şəbəkəsi olan Facebookla nə etsinlər?

Rusiyada Facebook-un analoqu olan Vkontakte şəbəkəsindən təkcə Rusiyanın yox, MDB-nin fəal ictimai qrupları istifadə edirlər. Ancaq Vkontakte Facebook deyil. Keçən dekabrda Belarusdakı prezident seçkilərində Lukaşenkonun rəqibini müdafiə edən qrup Vkontakte şəbəkəsindən müəmmalı şəkildə itdi.

Vyetnamda hökumət Facebook-u qadağan edib, əvəzində özü ölkədə ən populyar şəbəkə yaratmaq istəyir.

Wall Street Journal sonda yazır ki, internetin Yaxın Şərqdəki uğurlarına sevinmək hələ tezdir.
Diktatorlar internetlə mübarizədə ən müasir üsullarla silahlanırlar. Nə vaxtki bu üsullara əks cavab verilə biləcək, onda demək olacaq ki, internetin irəlilətdiyi demokratiya qalib gəlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG