Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Reyhan Yusifqızı "Yaşıl gözlü qız" (Povestdən parça)


…Qızlar üçün ayrılmış geyim otağında heç kim yox idi. Lemi Ayselin onun üçün gətirdiyi çimərlik kostyumunu gözdən keçirib skamyanın üstünə sərdi.

Onlar çantalarını rəflərdən birində yerləşdirərək paltarlarını dəyişdilər və duş almaq üçün duş kabinalarına keçdilər. Bu zaman nəzarətçi qadın Lemini saxlayıb dedi:

– Qızım, qolundakı saatı niyə çıxarmamısan?

– Saat suya davamlıdır.

– Xlorlu suda xarab olar, çıxarsan yaxşıdır.

Lemi mübahisə etmədi, geyim otağına qayıdaraq saatı qolundan açıb çantasının cibinə qoydu və yenidən duş kabinasına döndü. Onlar hovuza enəndə Kənanla Rüstəm artıq suda idilər.

Lemi doğrudan da, çox gözəl və iti üzür, özünü suda balıq kimi hiss edirdi.

O, havanı ciyərlərə çəkib mümkün qədər çox saxlamağın üsullarını uşaqlara başa salandan sonra dediklərini əyani göstərmək üçün suyun altına girdi və uşaqlar vaxtı saymağa başladılar.

– …121, 122, 123…

Kənan suyu şappıldatdı:

– Ola bilməz! O, iki dəqiqədən artıqdır ki, suyun altındadır!

Suyun altında tərpənməyərək üzüqoylu qalmış Lemiyə baxan Rüstəm birdən qorxu içində qışqırdı:

– Uşaqlar, o, nəfəs almır, o boğulub!

Hər üçü Leminin üstünə cumub, onu saçından, qolundan, harasından gəldi yapışaraq dartıb suyun üzərinə çıxardılar. Üz-gözünü turşutmuş Lemi onları özündən kənara itələdi:
– Nə edirsiniz?! Məni niyə əzişdirirsiniz?!

– Bu nə zarafatdır?! – deyə Rüstəm qışqırdı, - Dəli olduq, elə bildik ki, suda boğulmusan!

Kənan onları sakitləşdirdi:

– Lemi, bağışla, biz səni incitmək istəmədik. Sadəcə, bilmirdik ki, suyun altında belə çox qalmaq mümkündür.

– Hə, elədir, - Aysel təsdiq elədi.

Bir azdan bu anlaşılmazlıq yaddan çıxdı. Uşaqlar xeyli oynayıb əyləndilər.

Kənan suyun altında Lemi qədər çox qala bilməsə də, öz rekordunu təzələdi. Bir saatdan sonra onlar gülə-gülə hovuzdan çıxıb yenə duş qəbul edərək geyim otaqlarına yollandılar.

Az sonra üzə çıxan həqiqət onların hər birini şoka saldı: Leminin saatı yerində yox idi! Onu çantanın cibindən oğurlamışdılar!

Saatın itməyinə heç cür inana bilməyən Aysel hey soruşurdu:

– Lemi, sən onu hara qoymuşdun? Yaxşı bax! Sən saatı nə vaxt qolundan çıxarmısan? Bəs mənim niyə xəbərim olmayıb? Gərək onu nəzarətçi qadına saxlamağa verəydin, indi biz nə edəcəyik?

Lemi dinməzcə duraraq bir nöqtəyə baxır, sanki nəyisə yadına salmağa çalışırdı. Uşaqlar nəzarətçi qadının yanına cumdular:

– Xala, qızların geyim otağına bizdən sonra kim girib? Oradan saat oğurlayıblar!
Qadın özünü itirmiş halda zala baxdı:

– Sizdən sonra o iki nəfər gəldi. Bu tərəfdəki qızlar isə geyim otağından təzəcə çıxıblar, hələ heç suya girməyiblər.

Kənan yavaşca dedi:

– Elə o iki qız olacaq. Təzə gələnlər nə bilirdilər ki, Leminin qolunda saat var idi.

Oğlanlar hələlik kənara çəkildilər. Aysel hovuzun bir tərəfində sakitcə üzən qızları qırağa çağırdı. Söhbət cəmi üç dəqiqə çəkdi.

– Onlar saat barədə heç nə bilmirlər, - deyə Lemi qətiyyətlə bildirdi,- o biri dəstəyə yaxınlaşaq.

Onun intuisiyasına inanmağa məcbur olan uşaqlar hovuza enməyə hazırlaşan qızlara yaxınlaşdılar. Aysel geyim otağından saat oğurlandığını deyəndə qızların çoxu hiddətləndi:

– Bura gəlməyimizə peşman olduq!

– Biz indicə gəlmişik, bəlkə elə bizdən əvvəl oğurlayıblar!

– Həmişə bura üzməyə gəlirik, heç vaxt heç nə itməyib.

– Əşyalarımız oradadır, gedib axtara bilərsininz, - deyə qızlardan biri etinasız halda geyim otağını göstərərək hovuza enmək istəyəndə Lemi onun biləyindən yapışdı:

– Saatı sən götürmüsən!

– Nə?

– Mən hər şeyi bilirəm, saatı sən götürmüsən!

Qız dartınıb Leminin əlindən qurtulmaq istədi, amma biləyini dəmir kimi sıxan barmaqları heç cür aça bilmədi. Rəfiqələri onun köməyinə gəldilər.

Hamının bir-birinə qarışdığını görən Kənanla Rüstəm və nəzarətçi qadın işə qarışmalı oldular, dalaşanları ayırdılar.

– Geyim otağına gedib çantaları yoxlayaq!

Hamılıqla qızların geyim otağına getdilər.

– Dayanın! – üzündə soyuq bir ifadə olan Lemi onların qarşısını kəsdi, - saat bu otaqda deyil.

– Necə? Bəs haradadır?

O, gözlərini həmin qızın gözlərinə dikərək yavaş-yavaş onun qarşısına keçdi, üzbəüz dayandı:

– Sən saatı kiməsə vermisən! Kimə?

Onun gözlərindən çıxan qırmızı qığılcımlar qızı sarsıtdı.

O, Leminin getdikcə böyüyən göz bəbəklərində özünü gördü. Otağa necə qayıtdığını, saatı necə götürdüyünü film seyr edən kimi seyr etdi.

Qız qorxu və dəhşət içində arxaya çəkilib divara yapışdı, dil-dodağı əsə-əsə danışdı:

– O məni məcbur elədi! İlqar… Dedi ki, qırmızı çantadan iri qol saatını götürüb ona verim, heç kəs bilməyəcək…

– Hansı İlqar? 9b -dəki?

– Hə!

– Mən onu gördüm! – deyə Rüstəm tələsik qabağa gəldi, - biz gələndə Səlimlə birlikdə burada idi.

Qıza tərəf döndülər:

– Bəs o hara getdi?

– Bilmirəm…

– Evlərinin yerini necə?

– Bilmirəm…

Kənan cəld telefonunu çıxardı:

– Səlimin nömrəsi var məndə, ondan soruşum.

Hamı yerindəcə donub qalmışdı, rəngi avazımış qıza baxırdılar. Kənan vəziyyəti qısaca Səlimə başa salandan sonra telefonunu qatlayıb cibinə qoyaraq: «getdik» deyə otaqdan çıxdı.

Onlar tələsirdilər. Qaça-qaça bir neçə tin keçdilər. Kənan yenə Səlimlə əlaqə saxladı.

– Səlim yaxşı oğlandır, bizə kömək edəcək, - deyə Rüstəm qızları sakitləşdirirdi.

Kənanın öyrəndiyinə görə İlqar stadionda idi və oradan çıxıb evə getməyə hazırlaşırdı. Stadionun qapısı ağzında dayanıb gözləməyə başladılar.

İl qədər uzun görünən dəqiqələr ötüb keçdi. İlqar stadionun girəcəyində görünəndə Kənan qızlara kənara çəkilməyi tapşırdı: onlar kişi söhbəti edəcəkdilər.

İlqar onları görəndə özünü itirdi, hətta qayıdıb geri getmək istədi, amma sonra fikrini dəyişdi.

Aysellə Lemi bir qədər aralıda ağacların arxasında durub oğlanları izləyirdilər. Onlar xeyli çənə-boğaz etsələr də bir nətisəsi olmadı: İlqar saatı götürdüyünü boynuna almadı.

Ora-bura gəzinən Rüstəmin birdən hövsələsi daraldı, cumub İlqarın şalvarının ciblərinə əl atdı.

Bundan hiddətlənən İlqar onu itələyib qaçmağa cəhd edərkən Kənan onun qarşısını kəsdi. Onu divara tərəf sıxışdırdılar.

İlqar həm Rüstəmdən, həm də Kənandan boyca hündür olsa da iki nəfərin öhdəsindən gəlməyin asan olmadığını bilirdi.

Rüstəm eynəyini çıxarıb cibinə qoyanda o, vəziyyətin ciddi olduğunu bir daha anladı, yumruqlarını düyünləyərək yavaş-yavaş arxaya çəkilməyə başladı.

Kənana baxdı: sərt baxışlarından od yağır, hərdən başının hərəkəti ilə alnına tökülən saçlarını arxaya atırdı, bütün görkəmi ilə heç bir güzəştə getməyəcəyini deyirdi.

Başını Rüstəmə tərəf çevirdi. Yumruqlarını qarşısında oynadan Rüstəmin hələ də yaş saçları pırpızlaşıb biz-biz durmuşdu.

İlqar yumşaq təbiətli, gülərüz Rüstəmi heç vaxt belə qorxunc görməmişdi. Birdən onun gözləri Kənanla Rüstəmin çiyinləri arasından ona zillənmiş arabir qızaran yaşıl bəbəklərə sataşdı. İlqarın rəngi ağardı, nitqi tutuldu, nəsə kəkələdi.

Kənanla Rüstəm başlarını döndərəndə Lemini aralarında gördülər.

O heç bir söz söyləmədən əlini İlqara tərəf uzadıb ovcunu açdı.

İlqar sözəbaxan uşaqlar kimi kəmərinin altında gizlətdiyi saatı çıxarıb onun ovcuna qoydu.

Qız ləngimədən saatı qoluna keçirdi və dostları ilə bərabər ondan uzaqlaşdı.

Nə baş verdiyini hələ də anlaya bilməyən İlqar yerindən tərpənmədən gözlərini döyürdü. Birdən çənəsinə dəyən yumruqdan tamamilə özünə gəldi.

Rüstəm əllərini bir-birinə çırparaq eynəyini çıxarıb gözlərinə taxdı və qaçıb dostlarına çatdı. Onlar gözdən itdilər.
XS
SM
MD
LG