Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 14:26

Bryza jurnalistlərlə görüşdü


Fevralın 17-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Matthew Bryza jurnalistlər üçün mətbuat konfransı keçirdi.

Mətbuat konfransından əvvəl səfir Azərbaycan prezidenti ilə görüşərək öz ölkəsinin etimadnaməsini təqdim edib. ABŞ səfiri bu görüşün səfir qismində onun ilk addımı olduğunu bildirdi və əlavə etdi ki, bu hadisəni jurnalistlərlə birlikdə qeyd etmək istəyir.

Bakıdakı şəxsi iqamətgahında keçirilən mətbuat konfransında Bryza yeni vəzifəsinin icrasına başladığından məmnun olduğunu dedi. O, bildirdi ki, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlindən gələni edəcək.

ABŞ və Azərbaycanı yaxınlaşdıran çox dərin strateji maraqlar olduğunu qeyd edən səfir dedi ki, bu məsələlər arasında enerji təhlükəsizliyi, demokratik islahatların keçirilməsi və regionda sabitliyin təmin olunması vacib yer tutur.

Bryza Azərbaycanda gedən antikorrupsiya tədbirlərini alqışladığını da bildirdi:

«Bu təşəbbüsü davam etdirmək və dərinləşdirmək üçün ABŞ Azərbaycana dəstək verməyə hazırdır».

Qarabağ problemi ilə bağlı danışmazdan əvvəl Matthew Bryza jurnalistlərə xatırlatdı ki, o, artıq Minsk Qrupunun üzvü deyil və məsələ ətrafında Amerika səfiri qismində danışır. Səfir sülh danışıqlarının davam etdirilməsinin Amerikanın marağında olduğunu dedi.

Səfir son vaxtlar Azərbaycanda terror təhlükəsi ehtimalı barədə deyilənlərə də toxundu:

«Biz terror ehtimalı barədə məlumat verən mənbəni açıqlamırıq. Amma terror təhlükəsi ilə bağlı ikinci dəfə xəbərdarlıq etmişiksə, bu o deməkdir ki, məsələ çox ciddidir».

M.Bryza jurnalistlərin suallarına cavab verdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG