Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:00

Əli Əkbər "VLV" (Yeni romandan parça)


Əli Əkbərin artıq yazılmaqda olan yeni "VLV" romanından bir parçanı, eksklüziv olaraq Azadlıq Radiosunun "Oxu zalı"nda təqdim edirik.


Taksini həmişə “Çinarlı” kafesinin qarşısında, həyətlə üzbəüz saxlatdırırdı.

Maşından düşüb başını aşağı salır, dodağında Mona Liza təbəssümü, asta-asta, tələsmədən yolu keçib, tünd göy darvazadan həyətə girir, gözdən itirdi.

“Çinarlı”nı ağzınacan doldurmuş boş-bekar məhəllə sakinləri Tərişi görəndə, bir anlıq donub qalırdılar.

Təriş gələndə, hamı üzünü kafenin iri, şüşəli qapısına çevirib, qadının əndamına tamaşa edirdi.

Darvazanın qapısı bağlanan kimi, məhəllənin boş bekar sakinləri, doxsanıncı illərin əvvəllərində ən bərkgedən araq olan “Ana südü”nü daha yanğılı içməyə başlayırdılar. Sözlər tükənmişdi artıq.

Təriş haqda danışmağın yeri yox idi. Onu yalnız xəyal etmək, hardan gəlib hara getdiyinə dair ehtimallar yürütmək, onu hansı bəxtəvərin saxladığına dair əzablı düşüncələrə qərq olmaq olardı.

Qadınlar isə danışırdılar. Anam da, elə gün olmazdı ki, məhəllə arvadlarına qoşulub Tərişin qeybətini qırmasın, evi Tərişə kirayə verib, özü bağa köçən Sona xalanı yaş yuyub, quru sərməsin.

Qadınların dərdi başqa idi. Ədəb-ərkana, əxlaqa, namus-qeyrətə istinad etsələr də, mənəviyyatın pozulmasından dəm vursalar da gənc qız kimi mənə artıq bəlliydi ki, onlar ona paxıllıq edirlər. Sadəcə paxıllıq edirlər.

Təriş kimi əndamlı, ətli-budlu, təravətli olmadıqlarına görə talelərini lənətləyirlər. Ərlərinin fantaziyalarını süsləyən bu naməlum qadına nifrət etmək üçün çox ciddi səbəbləri varıydı bizim qadınların.

Şübhə etmirəm ki, anam da daxil olmaqla, məhəlləmizin bütün ağır çəkili arvadları dünyaya yenidən gəlsəydilər, “fahişə” dedikləri Təranəyə oxşamaq, onun kimi olmaq istəyərdilər.

O illərdə Malena filmi hələ çəkilməmişdi, amma mən bu filmin ssenarisini beynimdə çoxdan yazmışdım. Bircə fərqlə - bizim məhəllədə Tərişi çırpacaq, saçlarını yolacaq, təpikləyəcək ürəkdə adam yox idi.

Bir dəfə, Məsmə arvad ona sataşmağa cəhd elədi, bununla da yatmış vulkanı oyatdı.

Tərişin məhəlləmizə təzəcə köçdüyü günlərdə, bir gecə vaxtı küçədə əks-səda verən qışqırığa oyandıq: “Sənə ayağımı soxaram!”.

Yay gecəsinin bir aləmi, açıq pəncərəmizdən evə daxil olan bu məşum təhdid, hamımızı diksindirmişdi.

Beləliklə, atam başda olmaqla Tərişin ayaqlarına heyranlıq duyan məhəllə kişiləri, bu ayaqların daha nələrə qadir olduğunu öyrənmiş oldular.

***

Dərsdən sonra, sinif yoldaşlarımızla 26-lar bağına düşmüşdük.

Oğlanlar özlərini bizə göstərmək üçün min bir oyundan çıxırdılar – kimisi sürətlə qaçıb skamyaların üstündən atlayır, kimisi meymun kimi ağaca dırmaşır, kimisi də müəllimləri yamsılayırdı.

Biz isə, gülməli oldu-olmadı onların bütün şitliklərinə gülür, bizdən ötrü nümayiş etdirdikləri “fədakarlıqlarını” qiymətləndirirdik.

O anda, yolu keçərək 26-lar bağına doğru gələn Tərişi gördüm. Bütün gözlər onun üzərində idi. Ayrı cür ola da bilməzdi.

Qeyri-ixtiyari olaraq ona doğru beş-altı ürkək addım atdım. Aramızdakı məsafə qısalıb təxminən 15-20 metrə çatanda göz-gözə gəldik.

Onun mənimlə belə isti, səmimi görüşəcəyini güman etmirdim. Mat qalmışdım. Qucaqlayıb bağrına basdı, öpdü məni.

Elə bil başqa yerdə “qonşusuna” rast gəlmək sevindirmişdi onu. Məhəllədə heç kəslə danışmayan, salam verməyən Təranə burada, 26-lar bağında məni doğma adamı kimi əzizləyirdi.

On dəqiqəyə yaxın, ayaqüstü söhbət etdik. Yanımızdan ötən kişilərin hamısı bizə, daha doğrusu ona tamaşa edirdi.

Sonralar, çox-çox sonralar Təriş mənə deyəcəkdi ki, “Biz qadınlar, kişilər üçün balıq kimi bir şeyik.

Mütləq bizə əl vurmalıdırlar. Fikir verməmisən?

Onlar akvariumdakı balıqlara da rahatlıq vermirlər. Mütləq hər bir kişi əlini bir dəfə də olsa akvariuma soxub balıqları tutub, sığallayıb, nə bilim, öpüb. Bunlar belədir...”

***

Onun kirayə qaldığı evə üçüncü gedişimdə, Tərişi ağlayan gördüm. Daha doğrusu əvvəl elə bildim qəhqəhəylə gülür. Ağzını geniş açmışdı, sifəti gərilmişdi.

“Dodaqdan qəlbə” romanını yenicə oxuyub bitirdiyini dedi.

Mən, o zaman bu kitabı hələ oxumamışdım. Bir kitaba görə belə ürəkdən ağlamaqmı olar?

Bunu ondan soruşmadım, amma illər sonra, daha dəqiq desəm, iyirmi beş yaşımda məni bundan da betər ağladan kitabları oxumağa başlayanda, Tərişi başa düşdüm.

Təranə “Dodaqan qəlbə”ni mənə hədiyyə elədi. “Mən də sevmişəm. Çox sevmişəm” hıçqıraraq dedi. “Oxu, məni başa düşəcəksən”.

“Bəs niyə ayrıldınız?”

“Başqasıyla evləndi. Anası evləndirdi!”, yanaqlarındakı yaşı əlinin tərsi ilə sildi. “Əsas odur ki, məndən qalan xatirələr indiyə kimi yandırır onu. Bilirəm ki, zülm çəkir. Ölsün!”

Həmçinin oxu
Əli Əkbər "Amneziya" (Romandan parça)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG