Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:53

Avtomobil «rastamoşka»sında korrupsiyaya etiraz


Fevralın 9-da Gürcüstandan avtomobil gətirən bir qrup vətəndaş Bakı Baş Gömrük İdarəsinin Sulutəpədəki Yasamal və Binəqədi Gömrük postunda onlardan rüsumdan artıq pul alınmasına etirazlarını bildiriblər.

«Bu necə rəsmi rüsüm ola bilər axı?»

Onsuz da avtomobillərin qeydiyyata alınması ilə bağlı rüsumların həddən artıq çox olduğunu bildirən avtomobil sahibləri istənilən rüşvəti verməyəcəklərini bildiriblər. Gürcüstandan avtomobil gətirən Nurəddin Quliyev:

«Mən Gürcüstandan 4 min dollara maşın alıb gətirmişəm, məndən “rastamoşka” üçün 3600 manat pul istəyirlər. Bu necə rəsmi rüsum ola bilər axı?»

Nəqliyyat vasitələri üçün gömrük tariflərini hesablayanda aydın olur ki, Nurəddin Quliyevin gətirdiyi avtomobilin rəsmi dövlət rüsumu 2802 manat 66 qəpikdir. Sahibkarın dediyinə görə, ondan 708 manat artıq pul istənilir.

Nurəddin Quliyev bildirir ki, gömrük əməkdaşlarına prezidentin son günlər korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırığını yada salmaları da onların köməyinə gəlməyib.
«Deyirik, deyirlər, gedin hara şikayət edirsinizsə edin».

«Cənab prezident sizin göstərişlərə gömrükdə əməl etmirlər»

Narazı adamların arasında hüquq müdafiəçisi Vidadi İsgəndərov da olub. Dediyinə görə, qohumlarından biri Gürcüstandan avtomobil gətirib və sənədləşmə işində ona kömək etməsini istəyib. Hüquq müdafiəçisi iddia edir ki, onun qohumu iki dəfə rüsumu ödəmək üçün gömrük əməkdaşlarına yaxınlaşıb, hər dəfə də ondan dövlət rüsumundan əlavə pul istənilib. Bundan sonra hüquq müdafiəçisi Vidadi İsgəndərov yaranmış vəziyyətlə bağlı prezidentə müraciət edəcəyini bildirib.

«Mən indi Milli Təhlükəsuizlik Nazirliyinə və prezident İlham Əliyevə müraciət edəcəm ki, cənab prezident 10 gündür siz göstəriş vermisiniz ki, Azərbaycanda korrupsiya və rüşvətxorluq yığışdırılsın, biz və ümumiyyətlə xalq da bunu alqışlayır, amma sizin verdiyiniz göstərişlərə gömrükdə əməl etmirlər. Adamlar deyirlər ki, prezidentin göstərişindən qabaq alınan rüşvət indikindən az olub».

Narazılar polisə aparılıb

Vidadi İsgəndərovun gömrük işçilərinə qanunları pozmaları və prezidentin göstərişlərinin əleyhinə getmələri ilə bağlı xəbərdarlığından sonra əraziyə yaxınlıqdakı 40-cı polis bölməsinin əməkdaşları çağırılıb.

Bölmənin əməliyyat müvəkkili Əşrəf Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, onlar gömrük postundan edilən müraciət əsasında əraziyə gəliblər.

«Bilirsiz bizi də gömrüyün rəhbərliyi dəvət edib ki, burda adamlar yığılıblar bizim iş rejimimizi pozurlar. Elə 40-cı bölmə də gömrüyün lap yanındadır. İndi gəlmişik görək nə məsələdir»

Əməliyyat müvəkkili AzadlıqRadiosuna danışandan sonra şikayətçilərin bir neçəsini bölməyə aparıblar. Təxminən iki saata yaxın 40-cı polis bölməsində gömrük rəsmisinin iştirakı ilə narazılarla söhbət aparılıb.

Narazılığın 200-300 manatlıq nəticəsi


Vidadi İsgəndərov deyir ki, əvvəlcə onlara asayişi və gömrüyün iş rejimini pozmaları ilə bağlı xəbərdarlıq olunsa da sonda məsələ korrupsiyadan narazıların xeyrinə həll olunub. Beləki onların hər birindən əvvəl istənilən rüsumdan 200-300 manat az pul alınıb.

«Misal üçün mənim dayım oğlundan 2450 manat pul istəyirdilər 2100 manat pul köçürdük. Sonra ikinci qrup əlildən 200 dollar az rüsum aldılar».

Gömrük postu isə rüşvəti təkzib edir


Bakı Baş Gömrük İdarəsinin Sulutəpədəki Yasamal və Binəqədi Gömrük postundan isə bizə fevralın 9-da baş verənlər barədə məlumatsız olduqlarını bildirdilər.

Onu da dedilər ki, avtomobillərin qeydiyyatı zamanı heç kimdən rüsumdan əlavə pul alınmır.

Hüquq müdafiəçisinin gəldiyi nəticə


Hüquq müdafiəçisi Vidadi İsgəndərov deyir ki, onun gömrük postunda üzləşdiyi bu günki hadisə onu göstərib ki, korrupsiyanın aradan qaldırılması vətəndaşların qanunları bilməsindən və öz hüquqlarını ciddi şəkildə tələb etməsindən çox asılıdır.

Vidadi İsgəndərov deyir o polis bölməsindən çıxan kimi dərhal Baş Prokurorluğa zəng edib. Avtomobil qeydiyyatına görə Bakı Baş Gömrük İdarəsinin Sulutəpədəki Yasamal və Binəqədi Gömrük postunda vətəndaşlardan kütləvi şəkildə rüşvət alındığını bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, ona bu barədə Baş Prokurorluğa rəsmi müraciət etmək məsləhət görülüb.

Baş prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, rəsmi müraciət olunacağı halda məsələ araşdırılıb müvafiq tədbirlər görülə bilər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanvarın 27-də keçirdiyi anti-korrupsiya iclasından dərhal sonra nazirliklər bir-birinin ardınca toplanıb korrupsiyanı pisləyir, rüşvət alanların işdən qovulduğunu deyirlər.
XS
SM
MD
LG