Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

Korrupsiya, satqınlıq və «kəpənək effekti»


Azerbaijan -- Prof. Niyazi Mehdi, undated
Azerbaijan -- Prof. Niyazi Mehdi, undated

KORRUPSIYA MÜHITIN BAŞQA ADI


Azərbaycan müxalifətinin, eləcə də «vicdanın səsi janrında» yazan yazarların ikinci on ildir dilindən düşməyən korrupsiya ittihamları ölkədə sırtılma mühiti yaradıb.

«Sırtılma» deyəndə Ramiz Rövşənin «Daş» povestindən bir epizod gözümün qabağına gəlir. O epizodda hamı gözləyir ki, namus üstündə dəllək qəssabı öldürəcək. Axırda qəssab gözləməkdən bezib özü dəlləyin stulunda oturur ki, ya öldür, ya qırx üzümü. Dəllək başlayır ülgücünü itiləməyə, itiləyir-itiləyir və birdən onun gözündən gücsüzlüyünə görə göz yaşının yerinə tüpürcək axmağa başlayır.

Bizdə də korrupsiya və onun daha həyasız növü rüşvət tüpürcəkləşmiş göz yaşı tipində sırıtlma yaratmışdı. Bütün müxalifət liderləri yuxarıları korrupsiyada suçlayırdılar, onlar isə bu ittihama heç reaksiya verməyi də lazım bilmirdilər. Sırtılma o dərəcəyə çatıb ki, artıq, rüşvət alan bu konuda məzələnir, zarafat yapır.

Bax, korrupsioner görünməkdən heç kimin qorxmadığı Azərbaycanda, korrupsiya ittihamının dişsiz ittihama çevrilməsindən müxalifəti, jurnalisti, haqqoruyucusu dişsizləşmiş Azərbaycanda Tunis və Misirdə xalq qəzəbi, xalq nifrəti birdən ümidlər yaratdı ki, korrupisya üstündə hökumətlər də «zibilə düşə bilər», məmurlar da əsim-əsim əsə bilərlər. Bunu bəzi dövlət tədbirlərindən, bəzi çıxışlardan görmək olar. Hərçənd ruslardan kalka etsək, bəzi YAP rəhbərləri «pis oyunda yaxşı sifət taxaraq» deyirlər ki, Tunis və Misir korrupsiyasının bizə dəxli yoxdur.

KORRUPSIYANIN BAŞQA AÇIMI

Bu yazıda mən iki işin öhdəsindən gəlmək istərdim. Birincisi, sırtılmış korrupsiya mühitində korrupsiya anlayışını elə təzələmək ki, onun millət üçün, insan üçün bütün alçaqlığı, yaramazlığı və iyrəncliyi görünsün.

Korrupsiya satın alınmaqdır. Bu o deməkdir ki, qanunlara görə, cinayətinə görə cəza almalı olan adamlar prokuroru, hakimi, polisi satın alıb cəzadan yayınırlar. Nəinki yayınırlar, hətta yekəxana-yekəxana ortada gəzirlər. Bu o deməkdir ki, cinayətinə görə hamımıza ziyan vuran adam satqınlara görə cəza almayanda bu cinayəti təkrar etmək istəyənlərin sayı artır. Filan qədər adam bilir ki, polisi, prokuroru, hakimi satın almağa pulu olsa, həmin cinayətdən etmək olar.

Əgər ölkədə Azərbaycandakı kimi korrupsiya mühiti varsa, o nə deyir? Onu deyir ki, satın almağa pulun varsa, siyasətə qarışmamaq şərti ilə, bəzi cızıqları pozmadan istədiyini etmək olar.

Məsələn, mənim qapımın ağzında bir tikinti şirkəti var, 10 ildir, tikinti pintiliyi, tərbiyəsizlikləri ilə bütün məhəlləni bezdirib. Ağac qırmağı milli təhlükəyə çevirən siyasi deyimlər var, sanki şəhərdə ağacların keşiyində Ekologiya Nazirliyi də durub. Ancaq, görünür, ağacların qırılması hələ keçilməsi yasaqlanan cızıq deyil və iki-üç ay bundan qabaq şirkət 20-30 illik tut ağacını uf demədən yox etdi. Əgər bunu biz etsəydik, Ekologiya Nazirliyinin nümayəndələri qapımızı kəsərdilər. Tikinti şirkətinə isə heç nə deyən olmadı. Hətta mən şirkətin başçılarına cinayətlərinin dəlili kimi video görüntünü də yolladım, tükləri də tərpənmədi (disk məndədir, ancaq inanmıram ki, Ekologiya Nazirliyi onunla maraqlanacaq).

Beləcə, korrupsiyanın, yəni dövlət məmurlarını satın almağın sonuclarını hər yerdə, ekologiyada da, ticarətdə də, məktəblərdə də, tibdə də görmək olur.

HANSI AZƏRBAYCAN?


Nəticədə hansı Azərbaycan alınır? O Azərbaycan ki, satqınlar və satın alanlar ölkə teatrının əsas aktyorlarıdır, yüz minlərlə gənc isə bu satqın və satın alanlar sırasına düşmək arzusunda olaraq hüquq fakültəsinə, Tibb Universitetinə girmək istəklərində mənəviyyatca pozğunlaşırlar.

Pozğunlaşmağına pozğunlaşırlar, ancaq sonra da bu pozğun mənəviyyatlı insanlardan hüquqi dövlət üçün belə zəruri olan ədalət, insaf mühiti necə yarana bilər?! Halbuki satan və alanların sevimli sözü qanuna tabe olan Azərbaycanı yaratmaqdır.

KORRUPSIYANIN DÜRLÜ SONUCLARI

Korrupsiya Azərbaycanda paradoksal bir hal yaradıb. Vətəndaşlara ziyan vurub cinayətkar pullar qazanan şirkətlər Azərbaycana insanında varlı adama nifrət yaradır. Bu varlı adamlar həmin pulları ilə dövlət məmurlarını satın almaqla satqınlar, yəni ləyaqətsizlər mühiti yaradır. Bu isə milli və əxlaqi dəyərlər haqqında sör-söhbəti cəfəngiyata çevirir. Bir baxın, bir yandan, «qanunlara əməl edilməlidir», «insan düz olmalıdır» çağırışları TV-lərdən, Dövlət rəsmilərinin çıxışlarından millətə ünvanlanır. Məqsəd aydındır, ölkədə ləyaqət, şərəf dəyərləri hörmətdə olanda xalqın böyük kəsimi o dəyərlərə kinayə etmir.

Elə haqqında danışdığım kimi şirkətlər də istəməzdilər ki, ləyaqətsizlik, şərəfsizlik olan cəngəllik mühitində müqavilə bağlasınlar, işlər qursunlar. Onlar partnyorlarından ləyaqət, kişilik ummaq məcburiyyətindədirlər. Bu umacaqla kimləsə dostluq edirlər, kiməsə etibar edirlər. Ancaq məsələnin biabırçılığı ondadır ki, Azərbaycanda korrupsiyaya görə bir çox dövlət strukturları da, bir çox biznes qurumları da satqınlıq, satın almaq mühiti yaradırlar, sonra da millətdən şikayət edirlər ki, bunlara necə yaxşı olasan?!

SINERGETIKA

Nəhayət korrupsiya və «kəpənək effektini» də açım. Fizikada sinergetika nəzəriyyəsi mürəkkəb sistemlərdə səbəb-nəticə ilişgilərində yeni variantlar tapıb. «Kəpənək effekti» onu deyir ki, kəpənəyin qanad çalması kimi xəfif bir hərəkət zəncirvari artımla elə davam edə bilər ki, sonda haradasa fırtına qopa bilər.

Tunisəcən korrupsiyaya hiddətdən, yoxsulluqdan yüzlərlə adam özünü öldürmüşdü. Ancaq birdən-birə Tunisdə gəncin özünü öldürməsindən bütün yaxın Doğuda tektonik dağıntılar başladı. «Kəpənək effekti» bax, budur. Ona görə də ələ salmaq lazım deyil ki, müxalifət özünü öldürmək istəyən göyərti satan axtarır. «Kəpənək effektini» bilən adam sosial problemləri kinayə yox, təhlükələrin qarşısını almaq terminində düşünür.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG