Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 17:22

Mirmehdi Ağaoğlu "Görüş" (Yeni romandan parça)


Mirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu
Gənc yazar Mirmehdi Ağaoğlunun "Qanun" nəşriyyatında yeni çapdan çıxan "Görüş" romanından bir parça.

Tanrıların bəxşişi


Bəzən insan həyatında özündən asılı olmayan, iradəsi xaricində olan hadisələr baş verir.

Bu hadisələr elə mükəmməl, elə möcüzəvi halda baş verir ki, sanki bunu tamamilə yad qüvvələr - bəlkə də raelitlərin düşündükləri kimi Elohimlər - törədirlər.

Troya müharibəsində Tanrılar insanlarla birgə vuruşduqları, onlara kömək etdikləri, əfsanəvi qəhrəmanların ən çıxılmaz anlarında yardımlarına yetdikləri kimi insana elə gəlir ki, bunu onun üçün tanrı, ya da fövqəlbəşər bir qüvvə eləyib və o bundan səmərəli şəkildə istifadə etməzsə həyatı boyu bunun peşmançılığını çəkəcək, tanrıların qəzəbinə düçar olacaq.

Çünki o tanrıların bəxşişini geri qaytarmışdır.

Bu gecə istəmədən köhnə məhəllələri üçün qəribsəməsi, uşaqlığını, məhəllələrini, məhəllə əhlini yada salması, sonra qəfildən Qara ilə heç gözləmədiyi halda, gözləmədiyi bir şəraitdə rastlaşması və nəhayət gecənin bu vaxtı bu kimsəsiz çimərlikdə ortama romantika qatan toydan yayılan musiqinin sədaları altında gözəl bir qadınla, özü də Qaranın arvadıyla bir yerdə olması – bütün bunlar ona tanrıların verdiyi bir bəxşiş, bir sovqat kimi görünürdü.

Məmmədə elə gəlirdi ki, o əl-qolunu eləcə sallayıb heç nə etmədən Məsmənin getməsinə razı olsa ömrü boyu tanrının qarğışına tuş gələcək.

- Bəs sən gecə vaxtı tək-tənha qaranlıqda qalmaqdan qorxmursan? Özü də bu cür kimsəsiz bir yerdə.

- Yox qorxmuram.

Məsmə getmək istəsə də bu şümşad boylu, təzə gəlin qaşları kimi incə bığlı, arıq oğlanın gözəgörünməz əlləri onu tutub saxlamışdı.

Dəmir Yolu Vağzalında kassir işləyən anası onu internatdan çıxarandan sonra hər gün ev işlərini və digər bir para işləri görüb, dərslərini hazırlayıb, bir seriyasını belə qaçırmadığı “Elena və dostları” serialına baxdıqdan sonra pəncərə qırağında oturub anasının işdən gəlməyini gözlədiyi vaxtlarda başını şüşəyə dayayıb qürubu seyr edə-edə yeniyetmə çağındakı bütün qızlar kimi onun da qurduğu öz nağıl aləmi vardı.

O çəhrayı nağıl dünyasında Məsmənin hər gün bir görkəmdə olan böyük, əzəmətli qəsri, dəbdəbəli donları, uzunboy, enlikürək, yaraşıqlı prinsi, daha nələri, nələri vardı; şəhərin ən bahalı, gözoxşayan restoranlarında möhtəşəm toyu olurdu, Karib dənizinin lacivərd sahillərində, bəyaz qumluqda sevimli prinsi ilə füsunkar bal ayı keçirirdi (Karib dənizinin sahillərində yaşamaq, onun lacivərd sularında cimişərkən sevgilisi ilə sevişmək, palma yarpaqlarından düzəldilmiş komada yatışmaq, qoşa palma ağaclarının arasında quraşdırılmış qamakda başayaq uzanıb sərinlənmək... onun ən uca, ən dəyişməz arzusu idi), uşağı olanda prinsi əlində güldəstəsi onu doğum evinin kandarında qarşılayırdı.

Xəyalən prinsi ilə gəzintiyə çıxırdı, teatra, kinoya gedirdi, onunla təxəyyülünün imkan verdiyi bütün məkanlarda gəzişib sevişirdi.

Məsmənin nağıl dünyası daha yeniyetmə yaşlarındakı kimi çəhrayı deyildi, oraya enlikürək, şümşüd boylu prins yerinə yekəqarın, bədheybət bir div sahib olmuşdu.

Qapqara dünyalardan gəlmiş qara geyimli o div hər gün gec saatlarda evə içkili dönür, söyür, döyür, halı olanda pozğun qadınla rəftar edər kimi Məsməyə sahib olduqdan sonra kürəyini çevirib xorultuyla yatır, olmayandaysa sevişib eləmədəncə taxta tirtap uzanırdı.

Onun nağıl dünyasını Qara adlı div zəbt eləmişdi.

Məsmə ərə gedəndən sonra yeniyetmə çağlarında olduğu kimi nağıllar uydurmağı tərgitmişdi. İndi isə birdən-birə onun arzusu çin olmuşdu; gecə, dəniz kənarı, ay işığı, ləpələrin şırıltısı.

Düzdü bu nazikbığ oğlanın onun xəyallarındakı prinsə heç bir bənzərliyi yox idi. Lakin necə deyərlər tufanda həsir də yelkəndi. İlk dəfə Məsmənin öz nağıllar aləminin baş qəhrəmanı olmaq ehtimalı var idi.

Məsmə hər nə qədər el tənəsindən, ərinin namus qisasından qorxsa da nəyin bahasına olursa olsun bu fürsəti əldən buraxmaq istəmirdi.

Dünyadakı heç bir nəsnə ona bu istəyini həyata keçirməyə mane ola bilməyəcəkdi bu gecə, deyə düşündüyü üçün Məsmə hər vəchlə söhbəti uzatmaq istəyirdi.

- Doğurdana, kim belə mənzərədə qorxar; gecə, qumsal, başının üzərində parıldayan ay, sərin meh, ləpələrin pıçıltısı, hələ bunlar azmış kimi toydan ətrafa yayılan musiqi sədaları. Zordu də.

- Hə zordu - Məmməd burnunun ucunda mızıldandı.

- İnternatda oxuyanda arada dərsdən qaçıb buraya oynamağa gələrdik. Tərbiyəçilərimiz də tabesizlik göstərib internatdan qaçdığımıza görə bizi cəzalandırardılar. Ən yüngül cəzamız qadın tərbiyəçilərimizin evlərindən gətirdikləri qalaq-qalaq yunları qabağımıza töküb saatlarla artlatdırmaları olardı. Sonra da həmən yundan yorğan-döşək sırıyar, adını da qoyardılar ki, guya bizə evdarlıq öyrədirlər. Bir dəfə hətta internatdan qaçıb bura gəlməyimiz üstündə tərbiyəçilər bizi yaxşı kötəkləmişdilər də. Təzə evlənən vaxtı Qaraya çox deyirdim ki, qürub vaxtı dəniz qırağına seyrə gedək, amma o razılaşmırdı. Deyirdi ki, kənd camaatından ayıbdır, sonra camaatın dilinə düşərik, düşük deyərlər bizə, lağ eliyərlər. Camaatdan mənə nə, qoy nə deyirlər desinlər. Düz demirəm? Camaat lağ edəcək deyə öz həyatımızı yaşamamalıyıq?

- Düz deyirsən.

Məsmə Məmmədin lakonik cavabına bir qədər duruxub sonra əlavə elədi. – Elə danışırsanki, guya sən heç nədən qorxmursan də, guya sən Qorxmaz Əlilisən?

Məmməd stuldan qalxıb məhəccərə söykənmiş Məsmənin yay kimi gərilərək daha cəlbedici olmuş bədəninə, bir az da dikəlmiş döşlərinə bir daha göz atdı və:

- Qorxmaz Əlili olmasam da torbadan Jek Pot çıxara bilərəm. İnanmırsan?

- Necə? - Məsmə mavi gözlərini qıyıb kinayəli nəzərlərlə onu süzdü.

- Uşaq vaxtı buranın qumluğunda o yan bu yana çox qaçmısan hə, sənin üçün buralar xoş xatirələrlə bağlı olmamış deyil. Ərə gedəndən sonra Qaradan nə qədər xahiş etsən də, istəyini yerinə yetirməyib. Belə çıxır ki, bu əlçatmaz istəyin sənin üçün Jek Pot kimi bir şeydir, mən də Qorxmaz Əlili olub sənə torbadan Jek Pot çıxara bilərəm. Səni dəniz kənarına apararam, həm dənizə tamaşa edib dalğaların o sehrli səsini dinləyərsən, həm də sənə uşaq olanda bir dəfə necə qorxmağım haqda danışaram. Ancaq bir dəqiqə dayan içərdən torbanı götürüm. - deyib Məmməd kafenin içinə keçdi. Məsmə onun dalınca “Nə torbası, torbanı neyniyərsən?” deyə qışqırdı.

- Zarafat edirəm. Mələfə götürürəm ki, dəniz qırağında altımıza sərib oturaq – Məmmədin zəif səsi eşidildi.
XS
SM
MD
LG