Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Ərəb ölkələrində baş verənlər Azərbaycanda necə qarşılanır?


Əli Kərimli
Əli Kərimli
Son günlər ərəb ölkələrində baş verənlər Azərbaycanın siyasi dairələrinin də diqqət mərkəzindədir. Müxtəlif qütbləri təmsil edən siyasətçilərin, politoloqların bu hadisələrə münasibəti səbəb baxımından təxmınən üst-üstə düşsə də, mahiyyət etibarı ilə fərqlənir.

AXCP sədri Əli Kərimli deyir ki, ərəb ölkələrində baş verənlər əslində demokratiyanın alternativsizliyini və avtoritarizmin sonunun olmadığını növbəti dəfə təsdiqləyən hadisələrdir.

İLHAM ƏLİYEV BU ÖLKƏLƏRİ AZƏRBAYCAN ÜÇÜN NÜMUNƏ GÖRÜRDÜ

Onun fikrincə, Tunisdə, Misirdə, Yəməndə və digər ərəb ölkələrində 20-30 illik avtoritar rejimlərdən, ədalətsizlikdən və kasıbçılıqdan boğaza yığılmış xalqın öz demokratik hakimiyyətini qurmaq üçün ayağa qalxması prosesi gedir. Üstəlik bu bir daha göstərir ki, diktaturanın sabahı yoxdur və gec-tez bütün xalqlar öz avtoritar liderlərinin hakimiyyətindən xilas olacaqlar.

Əli Kərimli deyir ki, hazırda dünyanın totalitar, avtoritar rejimlərdən ibarət coğrafiyasını əsasən ərəb ölkələri, MDB məkanı, Çin və onun ətrafındakı bəzi ölkələrdən ibarət bir neçə qruplaşma təşkil edir. Onun fikrincə, indi dünyadakı qeyri-demokratiyanın 3 mühüm dayaqlarından biri çökür.

AXCP sədrinin sözlərinə görə, bu hadisələrin məhz ərəb dünyasında baş verməsi xüsusi önəm daşıyır. Çünki bir çoxları bu coğrafiyadakı avtoritarizmin daha üzunömürlü olacağına ümidli idilər:

“Böyük əksəriyyət düşünürdü ki, avtoritarizmin ən son sığınacağı yəqin ki, ərəb ölkələri olacaq. Bütün Azərbaycan görürdü ki, dövlət başçısı həmin o ərəb diktatorları ilə görüşən zaman özünü nə qədər yaxşı hiss edirdi, onlarla xüsusi münasibətlər qururdu. Çünki bu ölkələri Azərbaycan üçün nümunə görürdü. İndi artıq bu ölkələri nümunə kimi görənlərin hamısı məyus olmalıdılar. Baş verənlər belə qənaət yaradır ki, ümumiyyətlə dünyada gedən qlobal demokratikləşmə prosesi yaxın illərdə elə sürətlənə bilər ki, sona qalan diktatorların qaçması üçün ölkə olmaz”.

DİKTATORLARIN ÖZLƏRİ HAQDA YARATDIQLARI MİFLƏR DAĞILIR

İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər də düşünür ki, ərəb dünyasında müşahidə olunanlar indiyədək xalqla edilən ədalətsiz rəftarın nəticəsidir. Onun fikrincə, diktatorların özləri haqda yaratdıqları miflər dağılır.

İsa Qəmbər bu prosesin itkilərlə gedəcəyini və çətin başa gələcəyini düşünsə də, ümumilikdə uğurlu olacağını bildirir. Onun fikrincə, bu hadisələrdə daxili amillərlə yanaşı beynəlxalq faktorlar da iştirak edir. Çünki artıq nüfuzlu dövlətlər, bütövlükdə azad dünya dərk edir ki, demokratiya yayılmasa, onun özünün azadlığı təhlükə altında qalacaq:

“Bu proses Yaxın Şərqlə, ərəb ölkələri ilə məhdudlaşmayacaq. O post-sovet məkanına, Cənubi Qafqaza, Belarusa da aiddir. Bu proses getdikcə genişlənəcək. Və demokratiyanın, azadlığın qarşısını heç bir rejim ala bilməyəcək”.

AZƏRBAYCANDA 30 İL HAKİMİYYƏTDƏ OLAN YOXDUR

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da ərəb ölkələrində baş verənləri ümümxalq narazılığı kimi dəyərləndirir. Amma hesab edir ki, orada bu vəziyyəti yaradan əsas amıl kimlərinsə uzun illər hakimiyyətdə olması yox, rəhbərlərin xalqın etimadından necə istifadə etmələridir. Onun fikrincə, görünür kütləvi narazılıq baş verən ölkələrin rəhbərləri uzun müddət hakimiyyətdə olmalarına baxmayaraq xalqın etimadını itirməkdədirlər.

Fəzail Ağamalı
Fəzail Ağamalı bu hadisələri Azərbaycanla əlaqələndirənlərlə razılaşmır. Deyir ki, elə ölkələr var ki, orada bir partiya 20-30 il parlament vasitəsilə hakimiyyətdədir. Amma xalqın mənafeyinə, rifahının yüksəlməsinə, əhalini narahat edə biləcək sosial problemlərin yığılıb qalmamasına xidmət edən siyasət həyata keçirir.

Bu cür ölkələrdə 40 il hakimiyyətdə olan partiyalar var və xalq onları birmənalı şəkildə dəstəkləyir. Fəzail Ağamalı deyir ki, Azərbaycanda 30 il hakimiyyətdə olan yoxdur. Respublika cəmi 20 ilə yaxındır müstəqildir. Bunun 10 ilini mərhum prezident Heydər Əliyev ölkəyə rəhbərlik edib və bu dövrü dövləti qormağa sərf edib.

İlham Əliyev isə onun siyasi xəttini davam etdirsə də, hakimiyyətdə yeni simadır və o prezidentlik dövrünün ikinci dönəmini yaşayır:

“İlham Əliyev özünə məxsus üsullarla ölkəni idarə edir. Bu gün hamıya bəllidir ki, Azərbaycanın beynəlxalq ələmdə imici getdikcə güclənir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizdə demokratik cəmiyyətin yaradılması prosesi gedir və bu istiqamətdə ardıcıl addımlar atılır. İlham Əliyevin ölkə əhalisi arasında kifayət qədər böyük nüfuzu var və bu təkzibolunmazdır”.

Fəzail Ağamalı hesab edir ki, hazırda ərəb ölkələrində yaşanan bu hadisələrin nə vaxtsa Azərbaycanda da baş verəcəyini düşünən radikal müxalifət xalqın etimadını itirdiyi üçün belə ümidlərə qapılır. Halbuki, müxalifət artıq Gürcüstan, Ukrayna və Qırğızıstan hadisələrindən sonra ruhlanıb belə həvəslərə düşməyin yersiz olduğunu anlamalı idi.

İCTİMAİ ƏDALƏTSİZLİYİN NƏTİCƏSİ

Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə isə deyir ki, ərəb dünyasında baş verənlər xalqın səfalət içində olması, rəhbərlərin ölkənin sərvətlərini talaması və ictimai ədalətsizliyin nəticəsidir. Onun fikrincə, yuxarıda oturanlar elə düşünürdülər ki, istədikləri vaxt zor gücünə xalqın qəzəbini boğa biləcəklər. Amma təcrübə göstərdi ki, onlar yanılıblar:

“Tunisdə hakimiyyət devriləndən sonra Msir rəsmiləri dedilər ki, bu, Misirdə baş verə bilməz. Misirdə düzgün siyasət yürüdülür, ictimai ədalət də var. Amma hadisələr göstərdi ki, belə deyil. Xalqın qəzəbi hədsizdi və o bu rüşvətxor, korrupsiyaya uğramış rejimi qəbul etmir. Eyni vəziyyət də Yəməndədir”.

Zərdüşt Əlizadə hesab edir ki, bu prosesdən MDB məkanı da kənarda qalmayacaq. Onun fikrincə, əgər Azərbaycan iqtidarı vəziyyəti vaxtında düzgün qiymətləndirib zəruri islahatlar aparmasa, xalqa yad olan bu hakiməyətin eyni aqibətlə üzləşməsi qaçılmazdır.
XS
SM
MD
LG