Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Yanvar, şənbə, Bakı vaxtı 21:04

Dünya xəbərləri

"Toyota" satışda liderliyini qoruyur

Maşınlarında texniki probmelərə görə qalmaqallara baxmayaraq, Yaponiyanın "Toyota" şirkəti hələ də dünyanın ən birinci avtomobil istehsalçısı mövqeyini saxlayır.

Şirkətdən verilən məlumata görə 2010-cu ildə 6.42 milyon avtomobil satıb. Bu da satışını əvvəlki ildən 8 faiz artması deməkdir.

Halbuki "Toyota" 2009-cu ilin sonu və 2010-cu ilin əvvəllərində dünya üzrə 10 milyon maşınını ortaya çıxan texniki problemin həlli üçün geri çağırmışdı. Əyləc pedalında və döşəməsində aşkar olunan bu problemlərə görə Toyotanın dünyanın ən təhlükəsiz və keyfiyyətli avtomobil istehsalçısı imcinə ciddi ziyan dəymişdi.

Bütün xəbərləri izləyin

Laçın dəhlizindən danışan Donfrid Tehranın bölgədə fəallığına diqqət çəkib

Karen Donfrid, arxiv foto

Laçın dəhlizi ətrafındakı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsinə əngəl törədir.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində deyib.

Dəhlizin yenidən açılması üçün Vaşinqtonun fəal işlədiyini bildirən Donfrid dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri arasında son telefon danışıqlarını xatırlayıb.

“Dövlət katibi dəhlizin dərhal yenidən açılmasına çağırıb və maneəsiz ticarət və şəxsi nəqliyyatın vacibliyini vurğulayıb. Biz Dağlıq Qarabağda yerli erməni əhalisinin vəziyyətindən çox narahatıq. Biz bu vəziyyəti diqqətdə saxlamağa və təzyiq göstərməyə davam edəcəyik”, - Donfrid bildirib.

Regiondakı vəziyyətdən danışan ABŞ dövlət katibinin müavini “Moskva və Tehranın fəallığını” toxunub.

"Amerikanın səsi" erməni xidmətinin yazdığına görə, Karen Donfrid deyib ki, Dağlıq Qarabağda yerləşdirilən qondarma rus sülhməramlıları konstruktiv rol oynamır və İran Cənubi Qafqazda siyasi, təhlükəsizlik və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.

Dofridin sözlərinə görə, müxtəlif çətin məsələlərin, o cümlədən sərhədlərin demarkasiyası, sülh sazişi, ölkələr arasında nəqliyyat dəhlizinin bərpası məsələsi də daxil olmaqla Azərbaycan-Ermənistan danışıqlar prosesi dövlət katibinin gündəliyində duran məsələlərdən biridir.

“Biz sülhə nail olmaq üçün qəbul edilməli olan çətin qərarların İrəvanda və Bakıda qəbul edilməli olduğunu anlayaraq hər cür kömək etməyə hazırıq”, - ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini deyib.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ermənistan qadınların könüllü hərbi xidmət institutunu yaradır

Ukrayna, arxiv foto

Paşinyan ötən illərlə müqayisədə orduya ayrılan vəsaitin də 2023-də iki dəfə artırıldığını vurğulayıb

Ermənistan hökuməti qadınların orduda iştirakını hədəfləyən tamamilə yeni könüllü hərbi xidmət institutunun yaradılmasını planlaşdırır.

Bu fikirləri yanvarın 28-də ölkə ordusunun yaranma günü ilə bağlı etdiyi müraciətində Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib.

O, ordunun profesionallığı üçün hökumətin genişmiqyaslı addımlar atdığını vurğulayıb.

Orduda başlanan islahatlara toxuna baş nazir bundan başqa indiyə qədər ehtiyatda olan hərbçilərlə bağlı üçaylıq yığımların da 25 günə endirilməsi ilə bağlı proseslərin getdiyini bildirib.

O ordunun müasir silahlarla təchiz olunması ilə bağlı addımların da atıldığını qeyd edib.

"Ordumuzu müasir silah və texnika ilə təchiz etmək üçün tədbirlər görürük, imkan daxilində yerli istehsalçıları həvəsləndirməyə çalışırıq."-Paşinyan bildirib.

Ermənistan peşəkar ordu yaradır, əsgərlərə ayda 1000 dollar və ev vəd edir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Paşinyan fikirlərinə 2023-cü il üçün müdafiə büdcəsinin 2018-ci illə müqayisədə 2 dəfədən çox artırıldığını da əlavə edib.

Ordu islahatlarının elə də rəvan getmədiyi deyən Paşynyana görə, qeyri-sabit təhlükəsizlik mühiti özü ilə bəzən kobud qanun pozuntularına səbəb olan yeni hallar da gətirir.

Rusiya neft məhsullarına qiymət həddi 100 dollar səviyyəsində dəstəklənir

Neft mancanağı, arxiv foto

Yeddilik ölkələri (G7 )Avropa İttifaqına Rusiya neft məhsullarının bir barrelinə son qiymət hədinin 110 dollar müəyyən edilməsi ilə bağlı təklif veriblər.

(G7-yə daxil olan ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya)

G7 rəsmi nümayəndəsinə istinadla Bloomberq yekun qiymət həddinin 100 dollar götürüləcəyini yazır.

Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq tətbiq edilən sanksiyalar çərçivəsində 2023-cü il fevralın 5-dən Rusiya neft məhsulları üçün dünyada iki qiymət həddi fəaliyyətə başlayacaq.

Bunlardan biri, xam neftlə müqayisədə yüksək qiymətə satılan neft məhsulları (dizel yanacağı, benzin), digəri isə adətən endirimlə satılan məhsullar (mazut) üçündür.

Avropa Komissiyası birincini bir barel üçün 100 dollar, ikincini isə 45 dollar səviyyəsində təyin etməyi planlaşdırır.

Qiymət həddi o deməkdir ki, G7 ölkələri və Avropa İttifaqı Rusiya neft məhsulları ilə bağlı sığorta və maliyyə xidmətlərini yalnız təyin olunan hədd qiymətinə və ya ondan aşağı qiymətə alındıqda təmin edəcək.

2022-ci ilin dekabrında dəniz yolu ilə ixrac edilən Rusiya nefti üçün qiymət həddi 60 dollar/barel səviyyəsində qüvvəyə minib.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarının qiymət həddinə razılaşan ölkələrə satışını qadağan edib.

Neft məhsullarına tətbiq edilən qiymət həddi Ukraynaya hərbi təcavüz edən Rusiyanın müharibəni davam etdirməyə lazım olan resurslarının azldılmasına hesablanıb.

Qiymət həddinin müəyyən olunması həm də tədarükün kəsilməsinin və dünya qiymətlərinin sürətlə artmasının qarşısını almağa yönəlib.

Yerusəlimdə yenidən adamlara atəş açılıb, azı iki nəfər yaralanıb

Atışma baş verən yerin yaxınlığı

Atəş açan 13 yaşlı yeniyetmə saxlanılıb, bir gün əvvəl 7 nəfərin ölümünə səbəb olan 21 yaşlı silahlı isə polislə atışmada öldürülüb

Yanvarın 28-i Yerusəlimdə açılan atəş nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

Təcili yardım xidmətinin könüllüləri olan zərəçəkənlər 59 və 23 yaşlı ata-oğuldur.

Atışma İr-David ərazisində baş verib. Bu, Məbəd dağının cənubundakı dar dağ silsiləsində yerləşən Yerusəlimin ən qədim məhəlləsidir. Hücumçu "Aderet" yəhudi evinin girişinin yaxınlığında atəş açıb.

Son məlumatlara görə, atəş açan 13 yaşlı yeniyetmə saxlanılıb. Polis hadisəni terror aktı adlandırıb.

Yanvarın 27-də də Xolokostu anma günü Yerusəlimdə naməlum şəxs sinaqoqa gələnlərə atəş açıb. Atışma nəticəsində azı 7 nəfərin həlak olduğu, biri 15 yaşlı yeniyetmə olmaqla üç nəfərin də yaralandığı bildirilir.

Yerusəlimdə əsasən fələstinlilərin yaşadığı məhəllənin 21 yaşlı sakini olan hücumçu polislə atışmada öldürülüb.

Ehtimallara görə, o, Həmas qruplaşmasına yaxın olub. Polis onun tək hərəkət etdiyini deyib.

Polis komissarı Yakov Şabtayın dediyinə görə, hücumçu əvvəlcə "yolunda olan hər kəsə atəş açmağa başlayıb. O, maşınına minərək yaxın məsafədən tapança ilə öldürməyə başlayıb". Şabtai hadisəni "son illərin ən dəhşətli terror aktlarından biri" adlandırıb.

İsrail yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq yanvarın 27-nə keçən gecə İsrail ordusu Qəzza zolağına raket zərbələri endirib.

Ehtimal olunur ki, bu həmin raket zərbələrinə bölgənin ərəb əhalisinin qisası ola bilər.

İsrail ordusu, sərhəd polisi və ümumi təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərindəki qaçqın düşərgəsində apardığı reydlərdən sonra tərəflər bir-birinə raket zərbələri endiriblər.

İsrail tərəfi bildirir ki, reyd İsrailə qarşı hücumlar planlaşdıran “İslami Cihad” radikal qruplaşmasının üzvlərinə qarşı olub.

Fələstin Administrasiyasının məlumatına görə, həmin vaxt atəş nəticəsində azı bir nəfər mülki şəxs olmaqla 11 nəfər ölüb.

Münaqişənin kəskinləşməsi ABŞ dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə turnesinin başlanması fonunda baş verir. Dövlət Departamentinin rəhbəri Misir, İsrail və İordan çayının qərb sahilinə səfər etməyi planlaşdırır.

ABŞ-da polisinlərin bir gənci ölümcül döyməsinin videosu yayılıb

Tayr Nikols

ABŞ-da polislərin bir gəncin ölümünə səbəb olan hərəkətlərini əks etdirən videonun yayılmasından sonra minlərlə amerikalı zorakılığa etiraz olaraq küçələrə çıxıb.

Məlumata görə, Tennessi ştatının Memfis şəhərində polislər ehtiyatsız avtomobil idarəetmə ittihamı ilə saxladıqları 29 yaşlı Tayr Nikolsu ölənə qədər döyüblər.

Qətldə ittiham olunan beş polisin artıq işdən uzaqlaşdırıldığı bildirilir.

Məlumatda vurğulanır ki, polislər 29 yaşlı qaradərili Nikolsu yanvarın əvvəlində “ehtiyatsız idarəetmə”ya görə saxlayıblar. Amma sonra polis departamentinin rəisi "ehtiyatsız idarəetmə"nin olmadığını bildirib.

Memfis polisi Nikolsun ölümü ilə bağlı ümumilikdə dörd video yayıb. Həmin videolarda polislərin Nikolsun bədəninə o cümlədən başına dəyənək, yumruq və təpiklə necə vurduğu görünür.

Asfalta uzanmış Nikolas həmin vaxt anasını çağırır. Videoda əlləri qandallı olan gəncin təhlükə yaratmadığı halda başına polislərin iki dəfə təpiklə vurduğu görünür. Polislərdən heç biri Nikolasa yardım üçün cəhd etmir.

O da qeyd olunur ki, Nikols ağır xəsərətlər yetirilməsindən yarım saat sonra xəstəxanaya çatdırılıb və üç gün sonra vəfat edib. Ailə vəkilinin verdiyi məlumata görə, Nikolas qanaxmadan ölüb.

Nikolsun qətli ilə bağlı videoların yayılmasından sonra minlərlə amerikalı polis zorakılığına etiraz etmək üçün küçələrə axışıb. Növbəti genişmiqyaslı aksiyaların Memfis, Vaşinqton, Nyu-York da daxil olmaqla ABŞ-ın digər böyük şəhərində keçirilməsi planlaşdırılır.

Ötən il jurnalist ölümləri 50% artıb

Belaruslu jurnalist Ales Minau Ukraynada

2022-ci ildə dünyada jurnalist qətlləri bir il öncəylə müqayisədə 50% artıb. Buna əsasən Ukrayna, Meksika və Haitidə jurnalist qətlləri təkan verib.

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 24-də yaydığı hesabatda qeyd edir ki, 2022-ci ildə dünyada azı 67 xəbər mediası işçisi öldürülüb. Bu isə 2018-ci ildən bəri ən yüksək rəqəmdir.

Adıçəkilən üç ölkədə jurnalistlər deyirlər ki, getdikcə artan təhlükə onları aşırı stress altında işləməyə vadar edir.

Ötən il təkcə Haitidə 7 jurnalist öldürülüb ki, bu da 12 milyon adamın yaşadığı kiçik ada ölkəsi üçün böyük saydır. Onların bəzilərini zorakı küçə bandaları, azı ikisini isə polis güllələyib.

CPJ-nin məlumatına görə, 67 qətlin 35-i cəmi üç ölkədə – Ukrayna, Meksika və Haitidə baş verib. Meksikada 13 media işçisi öldürülüb. Digər media qrupları bu sayın 15 olduğunu deyirlər.

Rusiyanın hərbi hücumuna məruz qalmış Ukraynada isə ötən il 15 media işçisi qətlə yetirilib. Qurum Ukraynada müharibəni işıqlandıran jurnalistlərin “nəhəng risklə üzləşdiyini” qeyd edir.

CPJ 46 jurnalistin “birbaşa işləri ilə əlaqədar” öldürüldüyünü təsdiqləyib, 26 qətlin motivinin isə araşdırıldığını bildirib.

Qərb şirkətlərinin əslində neçə faizi Rusiyadan gedib

Arxiv fotosu

Qərb şirkətlərinin 9 faizindən də Rusiya Ukraynaya hücuma başlayandan bu ölkədən gedib. Bunu İsveçrədəki St Gallen Universitetinin və Beynəlxalq Menecment İnkişafı İnstitutunun araşdırması üzə çıxarıb.

Simon EventNikol Pisani deyir ki, onların araşdırması “Avropa İttifaqı və G7-nin (Böyük Yeddilik) Rusiyadan çox məhdud şəkildə çəkildiyini” ortaya qoyub. Bu isə “nəhəng sayda Qərb firmalarının bazarı tərk etməsi haqda deyilənlərin əksini göstərir”, – onlar vurğulayıblar.

2022-ci ilin fevralında Aİ və G7-dən 1404 şirkətin Rusiyada ümumilikdə 2 min 405 filialı olub. Ötən noyabradək onların cəmi 8.5 faizi Rusiyaya investisiyanı dayandırdığını açıqlayıb. Ötən ilin dördüncü rübündə Rusiyadan kapitalın çıxarılması göstəricilərində “cüzi dəyişiklik” qeydə alınıb, tədqiqatçılar belə deyirlər.

Moskva ötən il fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan sonra bir sıra tanınmış brendlər Rusiyada fəaliyyəti dayandırdıqlarını bildiriblər.

Polşa Ukraynaya tank tədarükü üçün 'kiçik koalisiya' yarada bilər

Polşa, "Leopard 2" tankları ilə təlimlər, 24 mart 2014

Polşanın baş naziri Mateuş Moravetski yanvarın 22-də bəyan edib ki, əgər Almaniya hökuməti “Leopard-2” tanklarının Ukraynaya göndərilməsinə qərar verməsə, Varşava öz arsenallarından Kiyevi “müasir texnika” və “müasir tanklar”la təmin edəcək ölkələrdən “kiçik koalisiya” yaradacaq.

Polşanın PAP xəbər agentliyinə müsahibəsində baş nazir Almaniyanın tank tədarükü məsələsində mövqeyini tənqid edib.

"Almaniyanın mövqeyi qəbuledilməzdir. Müharibənin başlanmasından demək olar ki, bir il keçir. Günahsız insanlar hər gün ölür", - Morawiecki deyib.

Berlin hələ ki, özündə və digər ölkələrdə olan "Leopard" tanklarının Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etməyib.

Bir gün əvvəl Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Almaniya hakimiyyətini Ukraynanı dərhal “Leopard” tankları ilə təmin etməyə çağırıblar.

“Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır”, - onlar tvitter hesabında yazıblar.

Bu günlərdə Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə Qərb tanklarının tədarükü ilə bağlı Almaniyanın Ramşteyn aviabazasında görüşüb müzakirə aparsalar da razılıq əldə olunmayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius cümə günü bildirib ki, Berlin "Leopard"larla bağlı hələ qərar qəbul etməyib.

Bazar günü Avropa İttifaqının xarici işlər naziri Josep Borrell, əsasən Almaniyanın mövqeyinə görə Ukraynaya tankların tədarükü ilə bağlı siyasi qərarın hələ verilmədiyini təsdiqləyib.

"El Diario"-ya verdiyi müsahibədə Borrell şəxsən tank tədarükünün tərəfdarı olduğunu bildirib.

Daha əvvəl Ukraynaya az sayda öz tanklarının təhvil verildiyini açıqlayan Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bildirib ki, Ukrayna Silahlı Qüvvələri "Leopard"ları əldə edərsə London buna şad olacaq.

Qərb dövlətlərinin Ukraynaya silah tədarükünün artması ilə əlaqədar son günlər Rusiyanın yüksək rütbəli nümayəndələri kütləvi qırğın silahlarından istifadə ilə bağlı təhdidlər edirlər.

Los-Anceles yaxınlığında naməlum şəxs atəş açaraq ən azı 9 nəfəri öldürüb

Kaliforniya, hadisə yeri

Hadisəni törədənin kimliyi, tutulun-tutulmadığı və əbəbləri barədə hələki hər hansı məlumat yoxdur

ABŞ-ın Kaliforniya ştatının Monterey Park şəhərində şənbədən bazara keçən gecə silahlı şəxs atəş açıb.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub. Atəş açanın kimliyi və həbs edilib-edilmədiyi hələlik məlum deyil.

Hadisə Çin təqviminə görə Yeni ilin gəlişinin qeyd edildiyi vaxta təsadüf edib, bu zaman parkda və küçələrdə çox adam olub.

Monterey Park Los-Ancelesin ətrafıdır. Qeyd olunur ki, şəhər əhalisinin yarıdan çoxu Çin və Cənub-Şərqi Asiyadan gələnlərdir.

Bir neçə gün davam edən Çin Yeni ili şənliyinin ənənəvi hissəsi atəşfəşanlıqdır. Hadisə şahidlərinin sözlərinə görə,buna görə də atəş səslərini fişənglərin səsindən dərhal ayıra bilməyiblər.

Rusiya Dumasının rəhbəri Qərb ölkələrini hədələyib

Vyaçeslav Volodin, arxiv foto

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynaya hərbi yardım edən Qərb ölkələrini hədələyib.

Bazar günü teleqram kanalındakı paylaşımında o yazıb ki, Kiyevə hücum silahlarının çatdırılması qlobal fəlakətə gətirib çıxaracaq.

"Əgər Vaşinqton və NATO ölkələri təhdid etdikləri kimi mülki şəhərlərə zərbələr endirmək və ərazilərimizi ələ keçirməyə cəhd etmək üçün istifadə olunacaq silahları tədarük etsələr, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq"-Rusiya Dövlət Dumasının sədri yazıb.

Vaşinqton və Brüsseli öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürüklədiyini vurğulayan Volodin bildirir ki, bu ölkələr bəşəriyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər.

Buna oxşar fikirləri əvvəllər Rusiyanın digər rəsmiləri də səsləndiriblər. Həmin çıxışlarda qeyd olunub ki, Ukrayna ordusunun mümkün hücumları Rusiyanın ərazi bütövlüyünü və mövcudluğunu təhlükə altına sala bilər.

Ərazi bütövlüyünə təhlükədən danışan Rusiya rəsmiləri Kremlin mövqeyinə uyğun olaraq, Ukraynanın dörd vilayətinin və Krımın ilhaq edilmiş ərazilərini Rusiya ərazisi hesab edirlər.

Rusiyanın nüvə doktrinasında belə bir təhlükə nüvə silahından istifadənin səbəblərindən biridir.

Rusiya liderləri əvvəllər mümkün təhlükələrdən danışsalar da ilk dəfədir ki, kütləvi qırğın silahlarının mümkün istifadəsini bu qədər açıq şəkildə Ukraynaya silah tədarükü ilə əlaqələndirirlər.

ABŞ və müttəfiqləri Ukraynaya qarşı nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı Rusiyaya dəfələrlə xəbərdarlıq ediblər.

Təhlilçilərin fikirincə, Rusiya nümayəndələrinin son bəyanatlarından belə nəticə çıxır ki, Moskva bundan təkcə Ukraynaya qarşı deyil, həm də Qərb ölkələrinin özlərinə qarşı istifadə imkanlarını nəzərdən keçirir.

Hələlik son bəyanatlara Qərbdən heç bir reaksiya verilməyib.

Rusiya ötən ilin fevralıda Ukraynaya hücum edib və bu təcavüz hələ də davam edir.

ISW: Moskvada HHM sistemlərinin qurulması əhalini uzunmüddətli müharibəyə hazırlamağa hesablana bilər

Rusiya Müdafiə Nazirliyinin binası üzərində "Pantsir" sistemi

Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Moskvada müxtəlif məkanlarda və hətta binaların üzərində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini Ukraynadan hücum təhlükəsi ilə bağlı olmadığını düşünür.

İnstitut hesab edir ki, çox güman ki, bu, şou oyunudur, onun köməyi ilə Kreml vətəndaşları uzun sürən müharibəyə hazırlayır.

ISW ekspertləri hesab edirlər ki, Moskva hansısa zərbə endiriləcəyinə inanmır, sadəcə bu silahlar Ukrayna müharibəsinin yaratdığı təhlükəni əhaliyə çatdırmağa hesablanmış yüksək profilli görüntülər yaymaq üçün qurulub.

Hesabatda o da vurğulanır ki, Moskva bununla "Böyük Vətən Müharibəsi" ilə paralellər aparmaqla Ukraynanı Rusiya üçün real təhlükə yaradan ölkə kimi təqdim etmək niyyətini nümayiş etdirə bilər .

ISW-yə görə, ola bilsin ki, bu yolla Kreml əhali arasında müharibə tərəfdarlarının sayını artırmaq və onları gələcək səfərbərliyə hazırlamaq istəyir.

"Bloomberg" agentliyi yazır ki, bu Moskvanın Ukrayna pilotsuz aparatlarının hücumundan qorxduğunu da göstərə bilər.

Beləki agentliyə danışanlar bu qərarın Ryazan və Saratov yaxınlığındakı hərbi aerodromlara pilotsuz təyyarələrin hücumundan sonra verildiyini bildiriblər.

Rusiya hərbçilərinin Moskvanın mərkəzində, Putinin Novo-Oqaryovodakı iqamətgahının yaxınlığındakı binaların damlarında zenit-raket komplekslərinin quruaşdırıldığını göstərən foto və videolar bir neçə gün əvvəl Rusiyadakı sosial şəbəkələrdə paylaşılıb.

Həmin məlumatlarda bildirilir ki, "Pantsir S-1" Rusiya Müdafiə Nazirliyinin əsas binasının vertolyot meydançasında quraşdırılıb. Bundan əvvəl Moskvanın kənarında yeni S-400 hava hücumundan müdafiə sistemləri görünüb.

Hələki Rusiya rəsmiləri məsələyə şərh vermirlər. Dövlət Dumasının Müdafiə Komitəsi isə görüntülərin saxta olduğunu bildirib.

Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq ediləcək

Rusiya, Krasnoyarski diyarı, 11 oktyabr 2020

G7 ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiyanın neft məhsulları üçün iki qiymət həddinə dair razılığa gəliblər.

Bundan başqa dəniz yolu ilə ixrac edilən Rusiya neftinin qiymət limitlərinə də yenidən baxacağı bildirilir.

Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Maliyyə Nazirliyi məlumat yayıb. Bütün bu məhdudiyyətlər Rusiyanın Ukraynaya təcavüzünə cavab hesab edilir.

Maliyyə nazirliyinin məlumatına görə, bir qiymət həddi adətən xam neftə (dizel, benzin) nisbətən yüksək qiymətlə satılan Rusiya neft məhsulları üçün, digəri isə adətən endirimlə satılan məhsullar üçün (mazut) müəyyən ediləcək.

Vurğulanır ki, bu addım Rusiya neft məhsullarının alqı-satqısının aparıldığı qiymətlərin geniş diapazonunu nəzərə aldığı üçün daha dəqiq qiymət məhdudiyyətlərinə imkan verəcək.

Fevralın 5-dən Rusiya neft məhsullarına qiymət limitinin qüvvəyə minəcəyi gözlənilir.

O da bildirilir ki, dünya bazarında baş verəcək dəyişiklikləri nəzərə alan ölkələr mart ayında Rusiya tanker neftinin qiymət həddinə də yenidən baxacaqlar.

2022-ci ilin dekabrından bu yana qiymətlər 60 dollar/barel səviyyəsindədir.

Tətbiq olunan qiymət həddi Ukraynaya qarşı müharibə aparan Rusiyanın gəlirlərinin azaldılmasına yönəlib.

ABŞ və Avropa İttifaqı Rusiyanın tankerlə daşınan neftini almaqdan imtina edib.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarına tətbiq edilən qiymət razılaşmasına qoşulan ölkələrə satışı qadağan edib.

Eyni zamanda, Rusiyanın "Urals" brendindən olan nefti indi dünya bazarında tətbiq edilən qiymət həddindən aşağı satılır. Analitiklər qeyd edirlər ki, məhdudiyyətlərdən sonra Rusiya neftinin ixracı xeyli azalıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibədə Ukraynanın yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, öz yaşayış yerlərindən didərgin düşüb.

Böyük Britaniyanın baş naziri təhlükəsizlik kəməri taxmadığı üçün cərimələnib

Rişi Sunak, Kiyev, 19 noyabr 2022

Bu arada baş nazirin hadisəyə görə üzrxahlığının yayıldığı bildirilir

Böyük Britaniyanın baş naziri Rişi Sunak yanvarın 20-də təhlükəsizlik kəməri taxmadan avtomobildə oturduğu üçün polis tərəfindən cərimələnib.

Baş nazir ölkənin şimalındakı Lankaşirə ezamiyyətdə olarkən cinayət törətməkdə təqsirli bilinib.

BBC-nin məlumatına görə, Lankaşiredə polisin "42 yaşlı kişinin" cinayətə görə cəzalandırıldığı təsdiqlənib. Bu arada hadisəyə görə baş nazirin ofisi onun üzrxahlığını yayıb.

Sunak motosikletçi mühafizəçilərin müşayiəti ilə şirkət avtomobilinin arxa oturacağında olub. O, sosial şəbəkədə video çəkdirərkən bir neçə dəqiqə kəməri açdığını bildirib.

Böyük Britaniyada təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etməyə görə cərimə 100 funt sterlinqdir (123 dollar və ya 209 manat). Əgər məsələ məhkəməyə gedərsə, bu zaman cərimə 500 funt sterlinqə qədər qalxır.

Tokayev parlamenti buraxır, seçki təyin edir

Qasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev parlamentin aşağı palatası Məclisi buraxaraq martın 19-na növbədənkənar parlament seçkisi təyin edib. Tokavev açıqlamanı yanvarın 19-da verib. Düz iki ay öncə o, erkən prezident seçkisi keçirərək hakimiyyətini möhkəmləndirib.

Ötən ilin əvvəlində Qazaxıstanda ölümlərlə nəticələnən etirazlarda Tokayevin sələfi Nursultan Nazarbayevin mövqeləri zəifləyib.

Nazarbayev üç il öncə, martın 19-da istefa verdiyini açıqlayıb, Prezident səlahiyyətini Tokayevin icra edəcəyini bildirib.

Ötənilki etirazlardan sonra Nazarbayevin yaxın qohumları bir sıra vəzifələrdən kənarlaşdırılıb, həbs edilənlər olub. Keçmiş prezidentin titulları alınıb.

Ermənistan hərbi bazasında yanğında 15 hərbi qulluqçu həlak olub

Ermənistanın Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində mühəndis-istehkam bölüyünün kazarmasında yanğın nəticəsində 15 hərbi qulluqçu həlak olub, üçünün vəziyyəti ağır dəyərləndirilir.

Bu haqda nazirliyin mətbuat katibi Aram Torosyan Facebook səhifəsində yazıb.

Nazirlik daha öncə yanvarın 19-da gecə 01:30 radələrində qurumun N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verdiyi haqda məlumat yaymışdı. Geğarqunik vilayətinin Azat kəndi ərazisindəki yanğının səbəbləri hələ müəyyənləşdirilməyib.

İtaliyada mafiya bossu saxlanıb

Matteo Messina Denaronun saxlanması

İtaliya polisi bu gün – yanvarın 16-da ölkədə ən çox axtarılan, 30 ilədək polisdən yayınmış mafiya bossu Matteo Messina Denaronu saxlayıb.

Siciliya paytaxtı Palermoda saxlanan Messina Denaronun Siciliyadakı Kosa Nostra mafiyasının bossu olduğu iddia edilir.

O 1992-ci ildə mafiyayla mübarizə aparan prokurorlar Covanni Falkone (Giovanni Falcone) və Paolo Borsellinonun qətlindəki roluna görə qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

Denaro həmçinin bir il sonra Florensiya, Roma və Milanda 10 nəfərin ölümünə səbəb olmuş bomba hücumlarındakı roluna görə ömürlük həbs cəzası alıb.

Polis 2022-ci ilin sentyabrında bildirib ki, axtarılan şəxs uzun müddət ortalıqda olmamasına baxmayaraq, hələ də Siciliyanın qərbindəki Trapani şəhərinin ətrafında mafiyanı idarə etmək iqtidarındadır.

Vaxtanq Kikabidze vəfat edib

Vaxtanq Kikabidze. 25 may 2006

Aktyor, müğənni, rejissor və ictimai xadim Vaxtanq Kikabidze 84 yaşında Gürcüstanda vəfat edib.

Onun ölümü haqqında məlumatı Gürcüstanın "Mtavari Arxi" telekanalı məlumat yayıb.

1980-ci ildə Gürcüstanda xalq artisti adını almış Vaxtanq Kikabidze 1970-ci illərdə Corc Daneliyanın filmlərində oynadığı rollar, eləcə də pop-vokal ifaları sayəsində keçmiş SSRİ-də geniş tanınıb.

2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri Kikabidze Rusiyada çıxış etməyib. O, həmçinin Krımın ilhaqını və Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsini pisləyib.

"Mən bunu rəzil müharibə adlandırdım. Şeytan var və bu odur." -Kikabidze Putin və müharibə haqqında belə deyib.

Kikabidze 1938-ci ildə Tbilisidə anadan olub. Tbilisi Filarmoniyasında işləyib, 1960-cı illərdə filmlərdə rol almağa başlayıb. Geniş yayılmış şöhrət ona “Ağlama!” filmində rol qazandırıb.

George Danelia. Eyni rejissorla “Tamamilə İtirilmiş” və “Mimino” filmlərində rol alıb. Ümumilikdə o, 20-dən çox filmdə, sonuncu rolu isə Ukraynanın "Matchmakers-7" serialında oynayıb.

Kikabidzenin ifa etdiyi mahnılar da populyar olub, o cümlədən rus dilində - "Mənim illərim, mənim sərvətim", "Sevgiyə yola salmaq" və s.

Kikabidze məşhur "Orero" ansamblına rəhbərlik edib, həm də ssenarist və rejissor kimi fəaliyyət göstərib.

V.Kikabidze Rusiya-Gürcüstan savaşı haqda...
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid

2008-ci ilin iyulunda o, Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib, bir ay sonra Rusiya-Gürcüstan müharibəsinə görə bu ordendən imtina edib.

O, son illər Ukraynada bu ölkəni müdafiə edən çıxışlar edib və Rusiyanın hərəkətlərini tənqid edib.

2020-ci ildə o, müxalifətdə olan Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasından Gürcüstan parlamentinə seçilib.

O, 2020-ci ilin avqustunda Bakıda konsert proqramı ilə çıxış edib.

Çexiyada prezident seçkilərinin birinci turunda istefada olan general qalib gəlib

Petr Pavel

Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda istefada olan general Petr Pavel qalib gəlib. O, 35,4 faiz səslə əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babişi (34,99) qabaqlayıb.

"Andrey Babişin sözlərinə görə, mən siyasətdə təcrübəsiz insan idim, ona görə də nəticəni pis hesab etmirəm", - Pavel bildirib.

Seçkinin ikinci turu iki həftədən sonra keçirilməlidir. Qalib uzun müddət Avropa İttifaqı ölkələrinin ən rusiyapərəst başçılarından biri olan, fevralın 24-dən sonra Moskvanın siyasəti ilə bağlı mövqeyini kəskin şəkildə sərtləşdirən Miloş Zemanı Praqa qalasında əvəz edəcək.

Keçmiş baş nazir Babiş hazırda ən böyük müxalifət partiyasının lideri və milyarderdir.

Bu həftə məhkəmə ona Avropa İttifaqı subsidiyaları ilə bağlı fırıldaqçılıq işinə görə bəraət verib. Babişin seçicilərinin çoxunu pensiyaçılar və aztəminatlı insanlar təşkil edir.

Petr Pavel karyeralı hərbçidir, Çexiya və keçmiş Sovet bloku ölkələrinin tarixində (2015-2018-ci illərdə) NATO Hərbi Komitəsinin ilk rəhbəridir.

O, Rusiyanın Ukraynaya təcavüzünə qarşı sərt mövqe tutur. Həmçinin Çexiyanın Qərb oriyentasiyasını müdafiə edir, eyni zamanda vətənpərvərlik hisslərinə səsləyir.

Onu əsasən sağ, mühafizəkar və liberal baxışların tərəfdarları dəstəkləyirlər.

Nepalda təyyarə qəzasında azı 68 nəfər həlak olub

Nepal paytaxtına uçmalı olan təyyarənin uçuç-enmə zolağında alışdığı bildirilir

Yanvarın 15-də Nepalda qəzaya düşən təyyarədəki 72 nəfərdən azı 68-i həlak olub. Ötən gecə qalan dörd nəfərin axtarışı dayandırılsa da, yanvarın 16-da bərpa olunub.

Hadisə təyyarə turizm şəhərinə 27 dəqiqəlik uçuş zamanı yeni açılmış aeroporta eniş edərkən baş verib.

Nepal Mülki Aviasiya İdarəsi qəzanın səbəblərinin aydın olmadığını bildirib.

+++

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb. Yeti Hava Yollarına məxsus təyyarədə dörd ekipaj üzvü və 68 sərnişinin olduğu bildirilir. Sərnişinlər arasında iki uşaq olub.

News18 telekanalının ilkin məlumatına görə, təyyarədə olanların hamısı həlak olub.

TASS Rusiyanın Nepaldakı səfirliyinə istinadən xəbər verir ki, sərnişinlər arasında 4 Rusiya vətəndaşı olub.

ATR72 model təyyarəsi Poxara hava limanından Nepalın paytaxtı Katmanduya uçmalı olan təyyarə Poxarada uçuş-enmə zolağında yanıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

Nepal yüksək dağlıq ərazisi və tez-tez dəyişən hava şəraiti səbəbindən hava səyahətləri üçün riskli ölkə hesab olunur.

Dneprdə yaşayış binası raketlə vurulub, ən azı 20 nəfərin həlak olduğu bildirilir

Ukrayna, Dnepr, raketlə vurulan yaşayış binası, 14 yanvar 2023

Son məlumatlara görə, raketin düşdüyü binada ən azı 20 nəfər həlak olub. Onlardan biri 15 yaşlı qızdır. Dağıntılar altından uşaqlar da olmaqla 40-a yaxın yaralının çıxarıldığı və hələ də 30-dan çox bina sakini itkin düşdüyü bildirilir.

Şəhərdə 3 günlkü matəm elan edilib.

Ukrayna mənbələri bildirirlər ki, Dneprdəki zərbə Rusiyanın Ukrayna ərazisinə kütləvi raket hücumu zamanı həyata keçirilib və bu zaman onlarla müxtəlif tipli raketlər atılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, uzun mənzilli bombardmançı təyyarədən X-22 raketi Dneprdəki evə atılıb. Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, raket dənizdə təyyarədaşıyan zərbə qruplarına qarşı döyüşmək üçün nəzərdə tutulub.

Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç daha əvvəl bildirib ki, Rusiyaya məxsus X-22 raketi Ukraynanın hava hücumundan müdafiəsi vasitələri tərəfindən vurulub və o, Dneprdə evin üzərinə düşüb, sonra partlayıb.

Onun bu sözləri dərhal Rusiya mediası və teleqram kanalları tərəfindən sitat gətirilməyə başlanılıb, insanların ölümündə Ukraynanın özünün günahı barədə şərhlər yazılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Nikolay Oleşçuk bildirib ki, heç bir şübhə yoxdur ki, məhz X-22 raketi şəhərə – Rusiyanın Kursk vilayəti üzərindəki hava məkanından atılıb.

Oleşçukun sözlərinə görə, "Ukrayna Silahlı Qüvvələrinin bu tip raketləri vurmağa qadir olan atıcı silahları yoxdur. Rusiyanın hərbi təcavüzü başlayandan indiyədək Ukrayna ərazisinə bu tipli 210-dan çox raket atılıb. Biri hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu."

Ukraynada Arestoviçin sözləri bir çox şərhçilər, o cümlədən Dnepr meri Boris Filatov tərəfindən tənqid edilib. O bildirib ki, raket hava hücumundan müdafiə vasitəsi ilə vurulsa belə, bu, heç nəyi dəyişmir və Rusiya hələ də insanların ölümünə görə məsuliyyət daşıyır.

Vilayət administrasiyasının rəhbəri Valentin Rezniçenkonun açıqlamasına görə, Rusiya ordusunun atdığı raket 9 mərtəbəli yaşayış binasınıngirişini dağıdıb. "...Artıq xəstəxanalarda ikisi uşaq olmaqla 18 yaralı var. Dağılmış evin dağıntıları altında hələ də insanlar var. Xilasetmə əməliyyatı davam edir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi - Rusiyanın Dneprdəki yaşayış binasına zərbəsindən sonra - Rusiyanın raket və dron istehsalını "öldürəcək" sanksiyalar tətbiq etməyə çağırıb:

"Hər bir raket zərbəsi Rusiyanın ehtiyatlarını daha da tükəndirir, lakin onlar hələ də yeni raketlər istehsal etmək iqtidarındadırlar. Biz onların raket və dron istehsalını kütləvi yeni sanksiyalarla öldürə bilərik və etməliyik. "Böyük yeddilər"i və Avropa İttifaqını ləngimədən Ukraynanın təkliflərinə uyğun sanksiyalar tətbiq etməyə çağırıram" -ukraynalı nazir tvitter hesabında yazıb.

Ukraynadan yayılan məlumatlara görə, Dneprdən başqa Rusiya Ukraynanın digər şəhərlərinə də raket zərbələri endirib.

Xarkovda əksər rayonların işıqsız qaldığı, metronun fəaliyyətinin dayandırıldığı bildirilir. Lvovda da kritik bir infrastruktur obyektində zərbə endirildiyi barədə məlumatlar var.

Kiyevdə hava hücumundan müdafiə sisteminin aktiv olduğu bildirilir.

Son günlər Ukraynanın Solidar şəhəri uğrundə Ukrayna hərbi qüvvələri ilə Rusiyanın "Vaqner" hərbi birləşmələri arasında şiddətli döyüşlərin getdiyi barədə məlumatlar yayılır. Rusiya müdafiə nazirliyi şəhəri tutduğunu bildirsə də Kiyev bu məlumatları təsdiq etmir, şəhər uğrunda döyüşlərin davam etdiyini bildirir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynanın çox sayda yaşayış məntəqələri, infrastruktur obyektləri dağıdılıb, minlərlə insan həlak olub və öz evlərindən didərgin düşüb.

Britaniya İrandakı səfirini geri çağırıb və İran baş prokuroruna sanksiya tətbiq edib

Əlirza Əkbəri, arxiv foto

Bu Londonun Britaniya və İran vətəndaşı olan Əlirza Əkbərinin asılaraq edam edilməsinə reaksiyasıdır

Britaniya İrandakı səfirini müvəqqəti olaraq geri çağırır. Bu addım casusluqda ittiham olunan keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərinin asılaraq edam edilməsinə reaksiyadır. (Əkbərinin həm İran, həm də Britaniya vətəndaşlığı var olub)

Əkbərinin edamına cavab olaraq London İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə sanksiya tətbiq edib. Fransa hakimiyyəti də edamı pisləyib, bununla bağlı İranın Parisdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Britaniya İran əsilli vətəndaşının edamını vəhşilik adlandırır

London Böyük Britaniya və İran vətəndaşı olan Əlirza Əkbərinin casusluq ittihamı ilə edamını "barbar" hərəkət kimi qiymətləndirir.

"Mizan" xəbər agentliyinin yanvarın 14-də yazdığına görə, Əkbəri "korrupsiya və Britaniya hökumətinin kəşfiyyat xidməti üçün casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə" ittiham edilərək edam cəzasına məhkum edilib.

Edamın nə vaxt icra olunduğu açıqlanmır, bəzi xəbər agentlikləri bunun bir neçə gün əvvəl ola biləcəyini yazırlar.

Əlirza Əkbəri 2008-ci ildə İranda qısa müddətə saxlanıldıqdan sonra Britaniyaya köçüb. Onun 2019-cu il yenidən İrana qayıtdıqdan sonra həbs olunduğu güman edilir.

İranda casusluq və milli təhlükəsizliklə bağlı ittihamlara adətən qapalı proseslərdə baxılır və bu səbəbdən də indiyə qədər Əlirza Əkbərinin işi ilə bağlı az təfərrüatlar açıqlanıb.

İran rəsmi agentliklərinin məlumatlarında Əkbərinin casusluğa görə 2 milyon dollardan çox ödəniş aldığı iddia olunur.

Həmçinin rəsmi mediada yayımlanan videoda Əkbərinin 2020-ci ildə İranın aparıcı nüvə alimlərindən biri Möhsün Fəxrizadənin öldürülməsində də rol oynadığını iddia olunur.

Videoda Əkbərinin qətldə əli olduğunu etiraf etməsi göstərilmir, sadəcə britaniyalı agentin ondan Fəxrizadə ilə bağlı məlumat istədiyini deyir. Tehran həmin sui-qəsddə İsraili günahlandırır.

Böyük Britaniyanın baş naziri Rishi Sunak Tvitter hesabında Əkbərinin edam edilməsi ilə bağlı xəbərlərə yanvarın 14-də reaksiya verib. O, bu edamı "öz xalqının insan haqlarına hörmət etməyən barbar rejim tərəfindən həyata keçirilən vəhşi və qorxaq hərəkət" adlandırıb.

İran öz vətəndaşları üçün ikili vətəndaşlığı tanımır.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yanvarın 14-də tvitində yazıb ki, "bu barbar hərəkət ən sərt şəkildə qınanmağa layiqdir. Bu, etirazsız qalmayacaq".

Bu bəyanatlardan sonra Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Britaniya hökuməti İranın milli təhlükəsizliyinə hücuma səbəb olan qeyri-ənənəvi rabitənin qurulmasına görə cavabdeh olmalıdır." -nazirliyin yaydığı bəyanatda vurğulanır.

Əkbəri 1997-2005-ci illərdə, keçmiş prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə İranın müdafiə nazirinin müavini, İran Hərbi Dəniz Qüvvələrinin müşaviri olub.

O, həmçinin BMT-nin 1980-1988-ci illər İran-İraq müharibəsinə son qoyan qətnaməsini icra edib.

Edam hökmünü tənqid edən iranlı vəkil Səid Daehqan 14 yanvardakı tvitində bunu “siyasi” qərar kimi qiymətləndirib.

İranda ikili vətəndaşlıqla bağlı bir çox işi təmsil edən vəkil bunu Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu rəsmən terror təşkilatı elan etməyi planlaşdırdırdığı barədə proseslərə qarşı cavab hesab edir.

NATO kəşfiyyat təyyarələrini Ukraynanın qonşuluğuna köçürür

Arxiv foto

NATO Almaniyada yerləşdirilmiş bir neçə müşahidə təyyarəsini Rusiyanın Ukraynaya qarşı müharibəsinə daha yaxın olacaq Rumıniyaya köçürür.

NATO-nun yanvarın 13-də yaydığı bəyanatda deyilir ki, Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) müşahidə təyyarələrinin “alyansın regionda gücləndirilmiş mövcudluğunu dəstəkləmək və Rusiyanın hərbi fəaliyyətini izləmək üçün” yanvarın 17-də Buxarestə çatması planlaşdırılır.

DPA xəbər verir ki, Almaniyanın Axen şəhəri yaxınlığında yerləşən AWACS təyyarələri Rumıniya Hərbi Hava Qüvvələrinin Buxarest yaxınlığındakı Otopeni bazasında, Avropa İttifaqı və NATO ölkəsinin Ukrayna ilə şərq sərhədindən təxminən 200 kilometr aralıda yerləşdiriləcək və bir neçə həftə orada qalacaq.

Almaniya Afrika ölkələrini Putinə qarşı birləşməyə çağırıb

Bu arada Efiopiyada səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Baerbok Afrika ölkələrini Putinə qarşı həmrəyliyə çağırıb.

Yanvarın 13-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika Birliyinin (AU) liderləri qarşısındakı çıxışında nazir Almaniya, Fransa və digər Avropa ölkələrinin Afrikadan dəstək alacaqlarına ümid etdiyini söyləyib.

"Biz avropalılar olaraq, Rusiyanın təcavüzkar müharibəsi ilə Avropada sülhə hücum etdiyi bir vaxtda bütün dünyada dostlarımızın və tərəfdaşlarımızın dəstəyinə ehtiyac duyuruq" - Baerbok çıxışında deyib.

Rusiya ötən ilin fevralında qonşu Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edib. Hələ də davam edən müharibədə Ukraynın onlarla yaşayış məntəqələri dağıdılıb, xeyli sahdə ukraynalı evlərindən və ölkədən didərgin düşüb. Son günlər Ukraynanın Soledar şəhəri uğrunda döyüşlər gedir.

Rusiya mənbələri şəhəri tutduqlarını bildirsə də Kiyev məlumatı təsdiq etmir, şəhər uğrunda döyüşlərin hələ də davam etdiyini bildirir.

Rusiyada koronavirusun ‘kraken’ subvariantı aşkarlanıb

Arxiv fotosu

Rusiyada koronavirusun “Omikron” ştamının “kraken” adlı subvariantı aşkarlanıb. Bu haqda istehlakçıların hüquqlarını müdafiə agentliyi “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb. Yoluxma halının Penza vilayətində tapıldığı bildirilir.

Daha öncə Dünya Səhiyyə Təşkilatı (DST) “kraken”in COVID-19-in ən yoluxucu subvariantı olduğunu açıqlayıb. Ancaq ekspertlər xəstəlik dönəminin yüngül keçdiyini deyirlər.

Hazırda Rusiyada “Omikron” ştamının müxtəlif variantlarının yayıldığı, ВА.5-in dominant olduğu deyilir.

Ötən payızda ölkədə “delta” ştamına tək-tük yoluxma halları da qeydə alınıb. 2021-ci ilin ikinci yarısında dominant olan bu ştam yüzminlərlə insanın ölümünə səbəb olub. “Rospotrebnadzor” son aylar başqa ştamlar aşkarlamayıb.

“Kraken” adı verilmiş XBB.1.5 ilk dəfə oktyabrda ABŞ-da tapılıb. Onun aktiv şəkildə Böyük Britaniyada və Avropanın digər ölkələrində də yayıldığı deyilir.

Tbilisi polis departamentinin yüksək vəzifəlisi öldürülüb

Arxiv fotosu

Gürcüstanda Tbilisi polis departamentinin yüksək vəzifəli əməkdaşı – detektivlər baş idarəsinin rəisi Aleksandr Şekeladze öldürülüb. Təqsirləndirilənin Daxili İşlər Nazirliyinin əməkdaşı Georgi Mqebrişvili olduğu bildirilir.

Polis əməkdaşı hazırda müvəqqəti saxlama təcridxanasındadır. Bu gün ona rəsmi ittiham irəli sürüləcəyi gözlənir.

Vəkilinin sözlərinə görə, Mqebrişvili ağır psixoloji vəziyyətdədir, onun Şekeladzeni öldürmək niyyəti, yaxud motivi olmayıb.

Xüsusi İstintaq Komitəsində Şekeladzenin qəsdən öldürülməsi faktı üzrə cinayət işi açılıb. İş həmçinin odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsi maddəsini əhatələyir.

Qətlin yanvarın 7-dən 8-bə keçən gecə törədildiyi bildirilir. Mqebrişvili öz evində Tbilisi polis departamentinin əməkdaşları Şekelidze və digərləri ilə birlikdə olub.

İstintaqın məlumatına görə, Mqrebrişvili ayıq vəziyyətdə olmayıb, özünü qeyri-adekvat və aqressiv aparıb və bundan sonra Şekelidzeyə bir neçə atəş açıb. Şekelidzenin aldığı yaralardan yerində keçindiyi deyilir.

update

Almaniyada kimyəvi hücum planlaşdırma ittihamıyla iki iranlı qardaş saxlanıb

İlusturativ foto

Yerli mətbuatın yazdığına görə, hadisə ilə bağlı saxlanan şəxs radikal dini cərəyana mənsub olan 32 yaşlı İran vətəndaşıdır

Almaniya zəhərli maddələrlə hücum planlaşdırmaq ittihamıyla iki iranlı qardaş saxlanıb. 32 və 25 yaşlı qardaşların sianid və risindən istifadə etməklə “qeyri-müəyyən sayda adam öldürməyi” planlaşdırdığı bildirilir. Prokurorluq yanvarın 8-də bu haqda bəyanat yayıb.

Adları açıqlanmayın qardaşların islamçı ekstremizmdən ruhlandığı qeyd edilir. Adı çəkilməyən təhlükəsizlik əməkdaşı “dpa” agentliyinə deyib ki, qardaşlar, çox güman, İran dövləti adından hərəkət etməyiblər.

+++

Almaniya polisi yanvarın 8-də genişmiqyaslı terror aktı hazırlamaqda ittiham olunan Şimali Reyn-Vestfaliya sakininin həbs edildiyini açıqlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanan şəxs sianid və risindən istifadə etməklə kütləvi zəhərlənmə planlaşdırımış. Risin kimyəvi maddəsi bioloji silah kimi təsnif edilir.

Şübhəlinin adı açıqlanmasa da onun Almaniyanın qərbindəki Castrop-Rauxel kiçik qəsəbəsində yaşayan radikal dini cərəyana mənsub olan 32 yaşlı Iran vətəndaşı olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, polis onunla birlikdə mənzildə olan digər şəxsi də saxlayıb.

"Bild" qəzetinin yazdığına görə, Federal Cinayət İdarəsi şübhəlini bir neçə gün nəzarətdə saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.

Deutsche Welle radiosu ("Alman Dalğası") dörd il əvvəl Kölndə mənzildə risin maddəsi hazırlayan bir tunisli və onun alman həyat yoldaşının saxlandığını xatırladır. Qeyd olunur ki, mütəxəsislər cütlüyün hazırladığı risin maddəsinin 13 mindən çox insanın ölümünə səbəb ola biləcəyini deyiblər.

Davamı

XS
SM
MD
LG