Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:32

Sonuncu ən böyük kədərimdən bir az danışa bilərəm...


Murad Köhnəqalanı çoxdan tanısam da, onunla xeyli söhbət edib, yeyib-içsəm də, ilk dəfə onu belə gördüm...

Həmişə deyib-gülən, şən, zarafatcıl gördüyüm Murad birdən-birə elə olmuşdu ki...

Çalışdım verdiyim şən suallarla könlünü açım, onu əvvəlki Murada çevirim, amma...

Məncə, heç kəs heç vaxt Muradı belə danışan, belə halda görməyib. Murad həyatını və içini anladır...

– Niyə bu qədər görünürsən? Şair də bu qədər xalqın yanında, ictimaiyyət arasında olar?


– Hə, düz deyirsən, çox tay-tuş yazar dostlarla müqayisədə mən şəhərdə, küçələrdə, mətbuatda, cəmiyyətdə daha çox görünürəm.

Çox görünüb köhnəlməkdən, bayağılaşmaqdan qorxmuram. Yazarlarımızın çoxusu özlərini az görünməklə müqəddəsləşdirmək istəyir.


"Morqdan bunun tabutunu Gəncəyə, Gəncədən də evə gətirdim. Adamların tabutu gözləməyi, mənim maşını həyətə verdirməyim, qışqırtı, bağırtı... Mən keyimişdim... Hamilə gəlin qışqırır ki, açın, mən baxmaq istəyirəm onun üzünə, bəlkə yalandı..."
Elə bilirlər belə olanda onların gəlişini Sahib-əz-zamanın zühuru bilib hamı sevinəcək.

Mən heç kimdən gizlənmirəm. İnsanlarla kinli qala bilmirəm, dalaşdığım adamla özüm barışıram, uzaq başı qəlbimdə saxlayıram ki, məsələn, bu pis adamdı, vəssalam.

Yadımdadı, orta məktəbdə məndən iki sinif yuxarıda oxuyan iki kəndçimiz bir qızı sevirdi.

Bir-birini görməyə gözləri yoxuydu, tənəffüs vaxtı harda tapışdılar, döyüşkən xoruzlar kimi, orda da dalaşırdılar.

Qız isə onların heç birini sevmirdi. Sanki, qızın yox cavabının heyifini bir-birindən çıxırdılar. Axırda, məktəbi qurtardılar, qız tamam başqa bir adama ərə getdi.

Sonra boşanıb ayrı adamla ailə qurdu.

Nə isə, deməyim odu, hərdən insanlar elə şeyin üstündə dava eləyir, halbuki, həmin dava obyektinin onların heç birinə dəxli yoxdu.

Düzdü, əvvəllər mən özüm də çox davalar eləmişəm, ancaq çalışmışam elədiyim davanın səbəbi mənalı olsun.

Axmaq səbəblərlə üstümə yeriyənlər də olub, ancaq mənasız, namərd insanlarla dalaşmaqdan bacardıqca qaçmışam. Nə isə...

– Harda qaldıq?

– Hə, uşaq vaxtı özümdən böyüklərlə oturub-durmağı sevərdim, indi isə özümdən cavanlarla bir yerdə olmaq ləzət eləyir.

Düzdü, tay-tuşlarımdan da qaçmamışam. O vaxtlar böyüklər özlərindən kiçikləri yanlarına qoymazdılar.

Öz aramızdı, indiki gənclər də hər yaşlı yazarı hərləmir.

Ancaq hiss eləmişəm ki, mənim gəlişimə gənclər həmişə sevinib.

Onlara heç vaxt mane olmaq, ərəb-fars mərifətilə ağıl vermək istəməmişəm. Özlərinin kifayət qədər ağılları və maraq dairəsi var.

Kal meyvədən dərhal dəymiş dad ummaq əbləhlikdi.

Elə gənclər var atasıyla yaşıdam, ancaq mənimlə öz tay-tuşları kimi davranırlar. Söhbət istedadlı, yaradıcı insanlardan gedir.

Əlbəttə, yas yerinə yığılıb boşboğazlıq eləyənlərdən, metroda rast gəlib bütün yol boyu “nəvar-nəyox”la adamı boğaza yığanlardan bacardıqca qaçıram.

Bu mənada, çox olub ki, məndən də qaçıblar, yəni mən də hamının adamı deyiləm.

Ancaq süni şəkildə gizlənmək, az görünüb çox hörmətli olmaq mənim stilim deyil.

Adam var, ömrü boyu sakitçilik gəzir, mən əksinə, şəhərin gur yerlərini çox sevirəm.

Hətta, əlyazma yazan vaxtlarda, bir ara yazılarımı çayxanalarda, kafelərdə yazırdım.

Elə olub, yazını bir dostla söhbət eləyə-eləyə, səs-küylü kafenin birində yazmışam.

Ya, məsələn, şeir dinləməyi sevənlərə yeni şerlərimi kafelərdə içki məclislərimizdə çox oxumuşam.

– İnsanlar səninlə dərdləşirmi?

– Elə bu yaxınlarda bir neçə gənc xanım internetdə məktublaşaraq dərdini mənimlə bölüşüb.

Çox gəncdilər, deyirəm, xeyir ola, nə yaxşı ürəyini mənə açırsan? Yazır ki, səni tanıyıram.

Murad Köhnəqala (sağda) və yazıçı Seymur Baycan
Yazıram ki, hardan? Məsələn, biri yazır, sən olan məclisdə bir dəfə olmuşam, bilirəm ki, belə insana sirr vermək olar.

Nə bilim, biri deyir, səni uzaqdan görmüşəm, biri deyir, sənin haqda filankəs danışıb, biri deyir, yazılarından bilirəm ki, sənə sözümü deyə bilərəm.

Başa düşürəm, ola bilsin onlar başqa imzalarla yazışır, hər halda mənə könül qızdırırlar. Hamısının da dərdi şərqli insanın qapalı həyatıdı.

Məsələn, biri yazır ki, mən bir oğlanı sevirəm, hiss eləyirəm ki, o da məni sevir, ancaq hələ də əllərimiz bir-birinə dəyməyib.

Soruşuram, neçə yaşınız var? Yazır ki, ikinci kursda oxuyuruq.

Deyir, qorxuram, ona birinci mən yaxınlaşsam haqqımda yüngül qadın kimi fikirləşib məndən ayrıla. Deyirəm, onda qoy o sənə əlini uzatsın.

Deyir, bunu mən çox istəyirəm, yəqin o da fikirləşir ki, belə eləsə, mən inciyib ondan ayrılaram.

Deyirəm, elə bir rəfiqən yoxdumu, sənin arzunu ona çatdırsın?

Deyir, heç kimə deyə bilmirəm, qorxuram, kiməsə deyəm, bizi lağa qoyalar, hər şey pozula... Nə bilim, uzun məsələ...

– Darıxan adamsanmı?

– Bir də görürsən iki-üç gün şəhərə çıxmadım, o saat dalbadal zənglər başlayır, hardasan, darıxırıq, sən də qaçıb gizlənmisən. Özüm də çox darıxan adamam, gizlənə bilmərəm...

– Artıq 50 yaşı keçmisən, bundan sonra sən həyatdan, həyat səndən nə gözləyir? Bir vaxtlar təsəvvür edərdinmi 50 yaşı keçəcəksən?

– Yaş elə bir şeydi, o heç kimdən yan ötmür. Düzdü, yaş hərədə bir cürə görsənir, məsələn, çox arzu eləyərdim, yaşlı olsam da, xəstə olmayım, kifir yox, nurani olum.

Bu 50 yaşımda çox işlər görmüşəm, söhbət, əlbəttə, yaxşı işlərdən gedir.

Sən zarafat eləmə, elə adamlar var heç ömründə yaxşı bir iş görməyib, qoy beləsi ağlasın, mənim əlli-məlli vecimə deyil.

Hərdən yad yerlərdə mənə cavanlar “əmi, dayı” deyəndə fikirləşirəm, doğurdanmı, mən burdayam.

Çünki mənim daxilimdəki yaşa özüm hardasa 27 yaş verirəm.

Bəlkə də bütün yaşlılarda belədi, bilmirəm. Bəzən yaşlılar cavanlara elə öyüd-nəsihət verir, onlar da təsirlənib 20 yaşında az qalırlar qoca kişi olalar.

– Bəs gənclərə nə məsləhət görürsən, sənətkar?

– Mən cavanlara heç nəyi veclərinə almamağı nəsihət edərdim. Gənc öz ömrünü parlaq yandırmalıdı, onsuz da bu ömür qocalıqda çox tüstüləyəcək.

Yəni gənc su düşmüş nöyüt kimi yox, təmiz spirt kimi yanmalıdı. Ancaq öz aramızdı, elə gənc də var, baxırsan, elə indidən təzək kimi tüstüləyir.

Qaldı sənin sualına, 50 yaşa gəlməyimi təsəvvür eləyirdimmi, deyim, mən sağlam adam olmuşam.

Sibirin şaxtasında başıma papaq qoymurdum.

Kimə də bir yumruq vururdum, yıxılırdı. Araq içib siqaret çəkməsəydim çox yaşayardım.

Ancaq araqsız bacarmıram, içəndə şən oluram, maraqlı şeylər danışmağa ərinmirəm. Bu da mənim dopinqimdi.

– Buna görə səndən qaçanlar olubmu?

– Yaxınlarda bir tay-tuş yazar dostum içkili olduğuma görə məndən qaçdı, guya bu mələk həyatı yaşayır.

Başa düşmürəm, araq içmədən, siqaret çəkmədən, hələ nəşəni demirəm, bunlar necə yazıçı olmaq istəyirlər?

Əgər sən araq içib zibilləyəcəksənsə, demək, daxilən təmiz deyilsən, onda yazıçılıq da sənlik deyil, get, heç olmasa kamil palançı ol.

Bağışla məni, demək, yazıçı həyatını mən yaşamalıyam, yaxşı əsəri sən yazmalısan?

Elə şey ola bilər? Mən yazıçıyam, bu mənim həyatımdı, şirniyyat yeyib çay içəndən yazar çıxdığını görən olubmu, bilmirəm.

– Hər kəs səni zarafatcıl, deyib-gülən və yeyib-içən şair kimi tanıyır, amma mən həmişə sənə fikir verəndə, gülərkən belə gözlərində kədər görmüşəm. Doğrudanmı belədi?


– Hə, araq içəndə mən çox şən oluram. Özü də bizim kəndin adamlarının hamısı içəndi.

Şerlərim harda çap olunsa tapıb oxuyurlar, bizim zona aşıq üstə köklənsə də, hamısı mənim sərbəst şerlərimi sevir, anlayır, qəzetlərdən kəsib ciblərində gəzdirirlər. Məclislərdə, toylarda şerlərimi oxuyurlar, Rusiyadakılara göndərirlər.

Kənddəki badə dostlarım da çox maraqlı, mənalı və safdılar.

Bir də gördün, yığışdılar, biri araq gətirir, biri yemək gətirir, biri turşu gətirir, biri stəkan gətirir.

Bizim kəndə gedən dostlarım o insanları heç vaxt unutmurlar. Mən kəndə getdimmi, toy-bayramdı, yığışırıq, orda olmadığım vaxtların əhvalatlarını danışırlar, hərəsi bir əsərdi.

Kəndimizin adamları haqda çox yazmışam, çox danışmışam. Rusiyaya çox getdiklərindən rus pijon həyatını özlərinə çökdürüblər.

Şukşinin kəndi bizim kəndin yanında çox sönük olardı. İnsanlar zarafat-məzə ilə birtəhər başlarını girləyir.

Əlbəttə, bir də araqla!..

– Bəs gözlərindəki kədər?

– Gözlərimdəki kədər? Özümün xəbərim yoxdu, bəlkə də dərinliyində belə bir şey var. Yəni heç kimin həyatı yalnız kefdən tikilməyib.

Məsələn, sonuncu ən böyük kədərimdən bir az danışa bilərəm. Məndən kiçik bir qardaşım vardı, Moskvada oxuyanda dostuyla yanıma gəlmişdi. Onları Asfaltzavodda işə düzəltdim.

Qardaşım Bakıda Politexnik İnstitutundan kəsilmişdi, ancaq çox savadlı, ziyalı və həyalı bir oğlan idi. Mənim yanımda yemək yeməyə belə utanırdı. Nə isə,

Moskvada işləyə-işləyə orada Politexnik institutunun gecə kursuna qəbul oldu.

Üçüncü kursa keçəndə mənə dedi, çatdıra bilmirəm, istəyirəm institutu atam. Mən də dedim, at getsin.

Nə isə uzun sözün qısası, axır ki, Rusiyanın müxtəlif şəhərlərindən sonra kəndə gəldi.

Uzun müddət bunu evləndirə bimirdik. Nəhayət, evləndirdik. Torpaq alıb özünə ev tikmişdi.

Evin üstünü örtməyə pulu çatmamışdı. Moskvaya köhnə dostlarının yanında işləyib biraz pul qazanmağa getdi. Heç üstündən ay yarım keçməmişdi, zəng vurub məni təcili Moskvaya çağırdılar. Qardaşımı maşın vurub öldürmüşdü.

Yoldaşı kənddə hamilə, anamgilin də xəbəri yox...

– Murad, doğrudan, çox sarsıdıcıdı, Allah rəhmət eləsin...

– Hə. Kənddəki dostlarımla danışdım, istəyirdik uşaq olana qədər yoldaşı bilməsin. Sən demə, onlar hər gün zəngləşirmiş.

Yoldaşı da şübhəli qalıbmış, bu niyə mənə zəng eləmir. Mən yoldaşını aldatmağa çalışırdım: “

Fikrət ayrı şəhərə gedib, ordan zəng tutmur, gələn kimi sənə zəng eləyəcək...”

Nə isə, ortaya çox suallar çıxırdı, birtəhər yozurdum. Morqdan bunun tabutunu Gəncəyə, Gəncədən də evə gətirdim. Adamların tabutu gözləməyi, mənim maşını həyətə verdirməyim, qışqırtı, bağırtı...

Mən keyimişdim.

Yoldaşının anası müdrik adamdı, məsləhət bilib ki, olanı demək lazımdı, qoy bilsin, nolar olar.

Hamilə gəlin qışqırır ki, açın, mən baxmaq istəyirəm onun üzünə, bəlkə yalandı...

Nə isə, dəfndən 20 gün sonra qardaşımın bir oğlu dünyaya gəldi. İndi yeriyib-yüyürür, danışır... Bilmirəm sən gördüyün budumu?

– Hə, Murad, gözlərim doldu...

– Bu hələ sonuncusudu, əvvəlində çox şeylər var... Ancaq mən o günləri yada salmaq istəmirdim.

Heç qəbr üstə getməyi də sevmirəm, insan qəlbdə yaşayır, qəbiristanlıqda yox...

– Sağ ol, sənətkar...

Söhbətləşdi: Əsəd Qaraqaplan
Qafqazinfo.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG