Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 21:54

“Azərbaycan müxalifəti iqtidara oxşamağa başlayıb”


İqbal Ağazadə
İqbal Ağazadə
“Mən hakimiyyətdə olmaq üçün çalışıram”. Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib. Partiya sədri bildirib ki, müxalifətin imkanları məhduddur:

“Azərbaycan müxalifəti, bütövlükdə demokratik qüvvələr ictimai-siyasi münasibətlərə və ölkədə baş verən hadisələrə bacardığı qədər reaksiya verir. Təəssüflər olsun ki, bundan artığını etmək təşkilatların gücü və bugünki strukturları baxımından qeyri–mümkündür. Hakimiyyətin uzun illər apardığı siyasət çox təəssüf ki, özünü doğrultdu. Siyasi partiyaları siyasi institut kimi məhv etmək siyasəti. Və bu gün siyasi partiyaların cəmiyyətdə yeri və rolu olduqca aşağıdır. İctimai-siyasi proseslərə hətta jurnalistlərdən sonrakı mərhələdə qiymət vermiş kimi görünürlər”.

İqbal Ağazadə deyir ki, müxalifətin KIV məhdudiyyəti var, efir imkanı yoxdur. Amma əslində hamı mövqe də ifadə edir, bəyanat da verir. Sadəcə, fəaliyyəti kütləviləşdirmək üçün resurslar olduqca azdır. Amma müxalifət tam sıradan çıxarılmayıb:

ÇƏTİN DƏ OLSA DURUŞ GƏTİRƏ BİLİRLƏR

“Siyasi qüvvələrin tam sıradan çıxarılması prosesi baş vermədiyinə görə yerinə kimsə gəlməyib. Amma tam sıradan çıxarılma prosesi baş versə, yəqin ki, ayrı-ayrı qruplar yerini tuta bilər. Amma hələlik siyasi partiyalar çox ağır şəraitdə də olsa, çətin də olsa duruş gətirə bilirlər. Siyasi sistemin içərisində hələ pis-yaxşı yerlərini qoruyub saxlaya bilirlər”.

Deputat deyir ki, əgər müxalifət sıradan çıxarılsa, bunun yerini tuta biləcək kifayət qədər qüvvələr ortaya çıxa bilər. Ağazadə müxalifətin birləşə bilməməsinə də aydınlıq gətirib. O deyib ki, bir neçə dəfə seçki öncəsi müxalifət birləşib, amma duruş gətirə bilməyib. Şəxsi maraqlar, yanaşmalar, siyasətə baxışlar bu birlikləri dağıdıb. İqbal Ağazadə deyir ki, bəzi müxalifət qüvvələri artıq iqtidara bənzəməyə çalışır:

MƏSƏLƏYƏ ELƏ HAKİMİYYƏT KİMİ YANAŞIRLAR

“Azərbaycan müxalifəti yavaş-yavaş iqtidara oxşamağa başlayıb. Əslində, kommunist olmayanlar, mahiyyətcə kommunist idarəçiliyinin dəyərlərini mənimsəməyə başlayıblar və məsələyə elə hakimiyyət kimi yanaşırlar.”.

Son vaxtlar İslam Partiyası ətrafında baş verənlərə, o cümlədən hicab məsələsinə münasibət bildirən partiya sədri deyib ki, bu etirazları hakimiyyət özü bilərəkdən təşkil edir:

“Onların etirazı bu gün hakimiyyətin işinə yarayır. Hakimiyyət onu təşkil edir. Hakimiyyət bilir ki, dindarlar tutaq ki, etiraz edə bilən, ən azı bir-birinə dəstək verən təbəqədir. Hakimiyyət bəzən hətta lazım olmayan yerdə o qrupu sıxaraq radikallıq etməyə stimul verir. Məqsəd Qərbdən, inkişaf etmiş dünyadan fərqli dəstək almağa nail olmaqdır”.

İqbal Ağazadə deyib ki, onun və partiyasının məqsədi daim müxalifətdə qalmaq deyil:

“MƏN MÜXALİFƏT OLMAQ ÜÇÜN ÇALIŞMIRAM”

“Mən müxalifət olmaq üçün çalışmıram. Mən hakimiyyətdə olmaq üçün çalışıram. Mənim müxalifətdə heç bir işim yoxdur. Kiminsə yeri uğrunda da mübarizə aparmıram. Çox açıq da mövqeyimi artıq uzun illərdir deyirəm. Bu hakimiyyətin yerinə şəxsən özüm və rəhbərlik etdiyim partiyanın gəlməsi üçün qanunun imkan verdiyi bütün mübarizə vasitələrindən istifadə edəcəyəm”.

İndidən 2013-cü il prezident seçkilərinə hazırlaşdığını deyən partiya sədri bildirib ki, 2011-2013- cü illər üçün partiyanın üçillik proqramını tərtib ediblər. Və artıq bir aydan çoxdur ki, proqram partiyanın strukturlarında müzakirə olunur. Əgər bu proqramı reallaşdıra bilsələr, onda seçkidə qələbəni əldə edə biləcəklər.

İqbal Ağazadə İctimai Palataya da münasibət açıqlayıb. O deyib ki, bu palatanı yaradanlar onu da bu işə cəlb etmək istəsələr də, sonradan dairəni daraldıblar:

NƏYƏ NAİL OLACAQSINIZ?


“Adamlar prosesə daha çox insan cəlb etmək, siyasi prosesi daha çox insanla aparmaq əvəzinə dairəni kiçik cızırlar. Buyurun cızın. Nəyə nail olacaqsınız, nəyi qazanacaqsınız?”.

İqbal Ağazadə deyib ki, o Ümid Partiyasının sədri olaraq kimsənin cızdığı dairədə oynayan adam deyil.


XS
SM
MD
LG