Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:15

Jurnalistin təzminatı dondurulmuş hesaba köçürülüb


Emin Fətullayev
Emin Fətullayev
Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə həbsdə olan jurnalist Eynulla Fətullayevə verilməli olan 28 min avro məbləğindəki təzminatı onun ailəsi hələ də ala bilmir.

Jurnalistin atası Emin Fətullayevə Beynəlxalq Bankdan bildiriblər ki, təzminat Eynulla Fətullayevin üzərinə həbs qoyulmuş hesabına keçirildiyindən həmin məbləği ala bilməz.

Emin Fətullayev deyir ki, Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov vəkil İsaxan Aşurovun vasitəsilə ona bankda hesab açdırmasını, kompensasiyanın da bu hesaba köçürüləcəyini bildiribmiş:

BU HESABA 4 İL ƏVVƏL HƏBS QOYULUB

«Mən də bunu etdim. Noyabrın 4-də hesabı mən Prezident Aparatına verdim. Bunlar isə pulu Eynullanın həbs qoyulmuş hesabını axtarıb-tapıb ora keçiriblər. İndi bankda deyirlər ki, bu hesaba 4 il əvvəl həbs qoyulub. Ona görə verə bilmərik».

Məsələ ilə bağlı ombudsman Elmira Süleymanova da araşdırma aparıb. Ombudsman Aparatı pulun ötən il dekabrın 22-də köçürülməsi ilə bağlı Çingiz Əsgərovdan məlumat aldığını deyir. Yanvarın 12-də Emin Fətullayev ombudsmanla da görüşüb:

«OYUN QURUBLAR»

«Mən bu gün ombudsmanın yanında oldum. Ona göstəriblər ki, biz Eynullanın hesabına pul köçürmüşük. Mən də sənədləri göstərdim ki, bəli, Eynullanın adına pulu keçiriblər. Ancaq biz oradan pulu götürə bilmirik. Ona görə ki, hesaba həbs qoyublar. Oyun qurublar ki, pulu ala bilməyək, bu, kiminsə göstərişidir».

Elmira Süleymanova
Eynulla Fətullayev 2007-ci ildə məhkum olunandan sonra hesabında saxlanılan vəsait dondurulub. Bundan başqa, məhkəmə Fətullayevi vergidən yayınmaqda ittiham edib. Jurnalistin atası güman edir ki, hakimiyyət bilərəkdən pulu bağlı hesaba köçürüb ki, sonradan müsadirə barədə məhkəmə qərarına əsaslanaraq onu dövlətin xeyrinə götürsün.

«ÜZƏRİNƏ HƏBS QOYULMUŞ HESABDAN PUL GÖTÜRÜLƏ BİLMƏZ»

Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev AzadlıqRadiosuna bildirir ki, üzərinə həbs qoyulmuş hesabdan pul götürülə bilməz:

«Həbsdə olan hesaba pul köçürmək qanunsuz deyil. Bu hesab hesablığında qalır. Ona görə həbs qoyulur ki, ora köçürmələr olduqca məhkəmənin qərarına əsasən silinmələr həyata keçirilsin. Bu məhkəmə icraçılarının nəzarəti ilə həyata keçirilir».

Hüquqşünas Fuad Ağayev isə deyir ki, həmin məbləğ Avropa Məhkəməsi tərəfindən müəyyən edilmiş təzminat kimi heç bir vergi tutulmadan, heç bir digər ödənişə cəlb edilmədən ərizəçiyə, yaxud onun etibar etdiyi şəxsə təqdim olunmalı idi:

«BU, BAŞA DÜŞÜLƏN BİR ŞEY DEYİL»

Fuad Ağayev
«O məbləğdən nə vergi tutula bilər, nə də başqa icbari ödənişlərə cəlb edilə bilər. Həmin məbləğ ərizəçinin göstərdiyi hesaba köçürülməli idi. Həmin məbləğ hansı əsasla bağlı hesaba köçürülüb? Bu, başa düşülən bir şey deyil».

Bəs, təzminat nə üçün həbsdə olan hesaba köçürülüb?

Bu sualı Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova vermək istədik. Ancaq gün ərzində telefonuna etdiyimiz zənglərə cavab verən olmadı.

Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanov isə bildirir ki, məsələnin onlara aidiyyatı yoxdur:

«BİZİM SƏLAHİYYƏTİMİZƏ AİD OLAN MƏSƏLƏ DEYİL»

«Eynulla Fətullayev bizdə cəzaçəkmə müəssisələrində cəza çəkib, istintaq təcridxanasında olub. Ancaq onun təzminatının hansı hesaba keçirilməsi bizim səlahiyyətimizə aid olan məsələ deyil».

Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və ona pul kompensasiyasının ödənilməsi haqda qərar çıxarıb.

2007-ci ildə Eynulla Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il yarım azadlıqdan məhrum ediləndə onun üzərinə vergidən yayınmaya görə 200 min manatdan çox cərimə, keçirilən ekspertizaya görə isə 3 min manat ödəməyi qoymuşdu. Ancaq ötən il Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına baxaraq bu ittihamları jurnalistin üzərindən götürüb.

2010-cu ildə jurnalistə həbsdə narkotik saxlama ittihamıyla kəsilmiş 2 il yarımlıq cəzanı isə saxlayıb.
XS
SM
MD
LG