Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Rafiq Tağı: “Şeytan da maraqlıdır”


Yazıçı Rafiq Tağının "Cənub xəbərləri" qəzetinə müsahibəsi


- Rafiq bəy, nə vaxtdan çərçivələrə sığmamağa, az qala hər şeyə qeyri-standart baxmağa başladınız?


- Özlüyündə hər bir insan ülgüsüz və çərçivəsizdir.

Sadəcə, onu lüzumsuz çərçivələrə pərçimləyirlər. Azadlığı Allah, çərçivələri insan fikirləşib.

Allah yaratdığına görə, nəinki insan, hətta həşəratlar, lap eşşək belə, maraqlı və gözəldir. Qoturluq gənəsinə mikroskopda baxsanız, gözləriniz qarşısında incə və zərif, olduqca qəşəng, əsrarəngiz bir mənzərə açılar.

Allah yaradıb: Şeytan da maraqlıdır. Şeytanın şübhələri elm kimi bir şeydir.

Şeytanın daşlanması əslində Allahın inkarıdır.

İnsan özününkünü yox, kütlənin fikrini əsas tutdusa, maraqsız olacaq.

Belədə yaradıcılıq mənbələri könüllü qapadılır.


"Nizamidə illüzor ədalət şahların sifarişi idi.

Bəzi klassiklərimizi lüzumsuz tərzdə mifolojiləşdirmişik".
İş elə gətirib ki, hələ uşaqlıqdan iradəmin əksinə olan şeyləri rədd etmişəm. İnsan təkcə ekoloji təmiz qidalarla yox ki - zorakılıqlara “yox” dedikcə də böyüyür.

Mən həmişə kiçik qüsurdan yox, böyük şərdən yapışmışam. Kiçik insanı böyükdən qorumuşam. Böyüklərə kiçikləri xatırlatmışam.

Yeganə sirr budur: sifətimi itirmədiyimdən “qeyri-standart” görünürəm.

- Vaxtilə din mövzusunda söylədiyiniz fikirlərə görə peşimansınız, ya...


- Din mövzusunda həqiqətləri ədəbiyyat klassikləri, filosoflar bəşəriyyətin arxada buraxdığı zaman boyu durmadan deyiblər. İndilikdə bu missiya mənim boynumdadır.

Həqiqəti deyən peşiman olmaz. Əlbəttə, ifadələrimdə bəzi yanlışlıqların olmasını istəməzdim.

Bax, onlar millətin qəlbini qırıb. Ancaq bu yanlışlıqlar, məsələn, Sankt-Peterburq qurularkən uca binanın kəlləsindən hər hansı fəhlənin yıxılıb ölməsi kimi bir şeydir. Fəhlənin ölümü I Pyotrun ayağına yazılırdı.

Aleksandr Puşkin “Tunc atlı” poemasında buna bənzər incə bir problemi açir.

İş görülən yerdə səhv olar. Yalnız meyitlər səhvsizdir.

- Belə fikirlər də dolaşır ki, sizi sionistlər maliyyələşdirir və siz onların sifarişi ilə belə danışırsınız.


- Dəvənin boynu kimi düz deyirlər: məni sionistlər “maliyyələşdirir”. Keçən yay 20-30 manat göndərmişdilər, 1990-da Moskvadan bura köçəndən bəri divarları ala-bula qalmış mənzilimdəki iki otaqdan birinin keçəllərini “oboy”latdım.

Otaqlarımızda çılpaq “İliç lampaları” bərq vurur. Kostyum və paltomu qardaşlarım həbsdən sonra məni aparıb “Binə” Ticarət Mərkəzində alıblar. Hər paltara görə bir qardaşıma təşəkkürüm var. ...

Beləliklə sağ olsun sionistlər.
Qoy hamı bunu da bilsin ki, mən qardaşlarım və “sionist”lərdən, hə, bir də Amerika imperialistlərindən savayı heç kəsdən maddi yardım almıram.

Yəqin bunlar barədə “etibarlı mənbələr” olan İran yazılı-elektron KİV-lərindən qədərincə informasiya almısınız.

Yeri gəlmişkən, mən “Avropa və biz” yazıma görə həbsdə olanda, əməlləri ilə Allaha qarşı çıxıb, özləri mürtəd olanların “mürtəd Rəfiq Təqi” barədə İrandan püskürdüyü məlumatların 99,99%-i yalan idi.

Məncə, İranda xalqlara ancaq yağlı yalan və yavan iman yedirdilir.

Yaxşı bir kartofunu görmədiyimiz bu dövlətin qüdrəti də xəbərləri kimi yalandır. İran bir dövlət olaraq elmi dəlillərə tab gətirməyəsi mifologiyadır.

Keçənlərdə mən aptekdən İran istehsalı olan antiallergik bir dərman preparatı almışdım; allergiyam azalmaq əvəzinə daha da artdı.

Molla İranının qüdrəti Səddam İraqının qüdrəti kimi boşdur. Novruz bayramını “islama uyğun gəlmədiyinə görə” rədd edən bir dini rəhbərin, zəlzələləri hicabsızlıqla əlaqələndirən ayətullahların elmi bizim gözümüzdə qiymət kəsb edə bilməz.

Sevgililər gününü rədd edən rejim qəddardır.

Biz hələ indiki nöqsanlı azadlıq və demokratiyamızla İran rejimindən yüz il qabaqdayıq.

Bu saat İran bəşəriyyətin ziyanvericisinə çevrilmişdir. Yəhudiləri yer üzündən silməyi qarşısına məqsəd qoymuş bir dövlət sağlam ola bilməz. Xolokostu rədd edən bir dövləti faşist

Almaniyasının taleyi gözləyir.

- Arabir klassik yazıçılarımıza da ilişirsiniz. Onların ömür yolunda sizi narahat edən nədir?


- 5-6 gün qabaq yazarlardan biri üzümə dirəşir: “Sizin ədəbiyyatdakı uğurlarınız demaqoqluğu bacarmağınızdandır”.

Ona etiraz edirəm: “Mən demaqoq deyiləm. Uğurlar mənə söylədiyim həqiqətlər səmtindən gəlir”.

Paradoksa bir bax: bizdə hamı həqiqəti sevir, lakin məhz həqiqəti söyləyənlərə də demaqoq deyirlər.

Demək, cəmiyyətimiz sağlam deyil. İşdə həqiqətə meylli deyilik. İndi də siz - “...klassiklərə ilişirsiniz...” Bu nə sözdür? Rafiq Tağı haqqında istilahlar heç vaxt düzgün seçilmir. Daim çalışıblar da məndən düşmən obrazı yaratsınlar, alınmayıb.

Tərslikdən, düşmən obrazına yaramıram.

Məndən Azərbaycana düşmən istehsalı mümkünsüzdür.

Rafiq Tağı (solda) "Avropa və biz" məqaləsinə görə mühakimə edilir. 19 mart 2007
Başqalarından fərqli olaraq, klassiklərə büt kimi baxmıram. Klassiklərə tənqidi baxışları tərəqqi ünsürü sayıram.

Bəziləri deyir ki, poeziya Füzulidə bitdi.

Mən deyirəm yox, elə şey ola bilməz və oluram pis adam. Klassiklərə münasibətlərimiz metodoloji səhvlərlə doludur.

Axundovdan üzü bəri maarifçi-demokrat ədəbiyyatımız əslində ortaçağ klassik poeziyaya tənqidi baxışdan doğmuşdur.

Mən ortaçağ klassik poeziyamızı islam tərəfindən boğulmuş halda görürəm. Nizamidə illüzor ədalət şahların sifarişi idi.

Bəzi klassiklərimizi lüzumsuz tərzdə mifolojiləşdirmişik.

Miflərdəsə həyat yaratmaq enerjisi sıfır həddindədir. Miflər bəşəriyyəti yalanlara sövq edir.
Söz çoxdur.

- Dostlarınız sizi ən çox nələrdə qınayır? Eləcə də, əksinə, daha çox hansı cəhətlərinizi dəyərləndirirlər?

- Səmimiliyimi dəyərləndirir, sadəlövhlükdə qınayırlar. İnsanların cikini-bikini bilə-bilə tez də aldanıram. Mən canini aurasından tanıyıram.

Lakin bəzən özüm absurda yol verir, aldanmasam, aldadanın xətrinə dəyə bilər deyə, aldanıram.

- Başınıza gələn ən qəribə hadisə?

- “Bayıl”da eyni vaxtda islamofobiya və qoturluğa tutulmağım. Qoturluq islam dünyasının mənə hədiyyəsi idi.

Orda bizim korpusun təbabətdən başqa hər şeydən başı çıxan, cəllada oxşar bir həkimi var idi; dustaqlara onqat bahasına, bir ovuc udanda eyforiya törədən, baralgin satmaqla məşguldu.

Gördüm bu danadan mənə kömək olmayacaq, özüm-özümü sağaltdım.

- Böyük bir auditoriyada çıxış etmək şansınız olsa, xalqa öncə nələri çatdırmaq istəyərdiniz?

- Böyük auditoriyalarda çıxış etmək mənlik deyil. Bu şansı istəmirəm. KİV-lər mənim “böyük auditoriyalar”ımdır.

Bax, elə burdan, indicə xalqa çatdırıram ki, azadlığa biganə qalmasın, pozitiv enerji ilə yüklü olsun, dini xurafata uymasınlar. Daim tərəqqi mexanizmləri axtarışında bulunsunlar.

Tacir xalq adını götürüb də alıcıları tərəzidə aldatmasınlar. “Düzgün çəki”, “halal mal” ifadələrini gözə soxmasınlar.

Cinayətə vaxt sərf etməsinlər. Vətəni də namusdan saysınlar.

Sualınız elədir ki, cavabı sonsuzluğa qədər uzatmaq olar. Ancaq Rafiq Tağının xalqa tövsiyələri də nə dərəcədə doğrudur?

- Bu gün ölkədə, xüsusən əyalətlərdə mədəniyyətə gedən yol nədən başlayır? Biz Şərq və Qərb mədəniyyətlərinin sintezindən nələri udub, nələri uduzmuşuq?


- Son dövrdə mədəniyyətə baxışlarımda təbəddülatlar baş verib. Artıq mədəniyyətlərin qurucu energetikasına şübhəylə yanaşıram. Müharibələrin mövcudluğu mədəniyyətlərin acizliyinin bariz sübutudur.

Mədəniyyət – vəhşilərin əyləncəsidir.

Görün, İran boyda məmləkətdə mədəniyyət yəhudilərin qırılmasını məqbul sayır. İslam mədəniyyəti insanlara kafirlik damğası vurub yox etməyə xidmət edir.

Erməni xalqının mədəniyyəti son yüzilin vandallarını törətmədimi? Alman mədəniyyəti faşizm törətmişdisə, ona şübhələrim yenə qalmaqdadır. “Almanlar haqqında” adlı essemdə bunu araşdırmışam.

Şərq-Qərb mədəniyyətlərinin sintezi dərin və həm də geniş mövzudur.

Bunu inkar etmək yersiz olar ki, Qərb mədəniyyəti bütün dünyada aparıcı rola malikdir. Bu saat Qərb Allah sirlərinə daha yaxındır.

Onsuz da bəşəriyyət mədəniyyətlərin sintezinə məhkumdur. Lakin bugün Avropa müsəlman Şərqindən heç nə götürə bilmir.

Şərqdə mədəniyyət sayılmayası neftdən başqa heç nə yoxdur. Şərq hələ də yalançı əxlaq kompleksindən qurtula bilmir.

Əxlaqlı olan məhz elə Qərbdir ki, bircə insanından ötrü dəridən-qabıqdan çıxır. Əxlaq Avropadadır ki, heç bir ölkəsinin bir qarışına göz dikmək olmaz.

Hicab əxlaq atributu sayıla bilməz. Qardaşlarım, əxlaq içdə olur, beş metr qara parçayla yaranmır. Özü də ona qalsa, hicab erotik duyğuları daha da alışdırır.

Allahın hicab buyurması kökündən yalandır. Allahı insan ağlında görmək ona hörmətsizlikdir.

Bir də ki, İran ayətullahlarının Azərbaycanın işlərinə qarışmağı yolverilməzdir. Hər hansı ayətullah hicabı yalnız öz ailəsində tətbiq etmək səlahiyyətindədir.

Onlar İrandakı silahlı-vəhşi güclərə arxalanmasın, Azərbaycanı VII əsrə yuvarlatmağa cəhd göstərməsinlər. Qurani-Kərimi gecə-gündüz oxuyub ədalətdən uzaqlaşmasınlar.

Azərbaycan islam ölkəsi deyil, çoxkonfessiyalı dünyəvi bir dövlətdir. Azərbaycanda əsl müsəlman barmaqla sayılacaq qədərdir.

Qarabuğdayı doğulmaq müsəlman adlanmağa əsas vermir. İslam bu məkana zorla yeridildiyindən, insanlar indinin özünəcən onu qəlb dışında saxlayır.

İslam Azərbaycanda butaforiya effektlidir.

İslam Azərbaycanda ondan biznes marağı güdənlərin hesabına mövcuddur.

- Azərbaycan ədəbiyyatı bu gün nələrdən qurtulmalıdır?

- Mühafizəkarlıq, yalançı millilik və dinçilikdən, şahpərəstlik, kütlə arxasınca sürünməklik və ədəbiyyatın pula konvertasiyası istəklərindən, ədəbi bütpərəstlik, həqiqətdən uzaqlıq və yeniliyə nifrətdən.

Ədəbiyyatımızın xəstəliklərini saymaqla qurtarmaz.

- Əksər hallarda qəribə məqalələrinizlə fərqlənmisiniz. Onların hansındansa imtina etmək fikriniz varmı?

Rafiq Tağı (sağda) Azadlıq Radiosunun Bakı bürosunda
- Əsla. “Avropa və biz” essem fundamental işlərimdəndir.

Mən imtina etsəm belə, cəmiyyət ondan bərk yapışmalıdır, çünki Azərbaycanın taleyi barədə düşünməyə əsas verir.

“İki Tağıyev İlqar” adlı yazımda epizodik olaraq göstərmişdim ki, dövlət başçısı “alkaş” ola bilməz.

Qaragüruh üstümə yeridi. Bəlkə səhv demişəm?

Buna görə AXCP-nin klassiklər qanadının Gənclər Təşkilatı qərar qəbul etmişdi ki, Rafiq Tağını qətlə yetirsinlər.

Bunu öz gözlərimlə demokratik sayılan mətbuatımızda oxumuşdum.

Ümumiyyətlə, bu partiyada qarayaxalıq çoxdur. Bu yaxınlarda Mirmahmud Mirəlioğlu da bəyan etmişdi ki, Mixail Qorbaçov Azərbaycana gəlsə, onu qətlə yetirəcək. Görün, seyid-peygəmbər övladı da belə söz danışar?

O, ən azı siyasətçi olaraq bilməli idi ki, buna “terrora cəhd” adı qoya bilərlər. Bir də belə ucuz şou, yalançı qəhrəmanlıq nəyə lazımdır?

Guya onu Qorbaçovun həndəvərinə buraxacaqdılar ki, bu da onu qətlə yetirəydi?

Nəhəng Mixail Qorbaçovun sayəsində müstəqil olmadıqmı, yoldaş Mirəlioğlu?

“Tarix müqəddəs ölülərdən qiymətlidir” adlı yazımda göstərmişdim ki, unitar bir dövlətdə, başqa millətlərin gözü qabağında “Tanrı türkü qorusun!” deməklik tərbiyəsizlikdir.

Belə çıxır, Tanrı digər Azərbaycan vətəndaşlarının başına daş salsın? Biz mərkəzdənqaçma meyllərini niyə gücləndirməliyik? Onda bir jurnalist mənə sual vermişdi: ”Rafiq müəllim, siz talışsınız?” Dedim yox, dağ cuhuduyam.

“Mirzə Cəlillə ayrılıq məqamı”, “Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun) adlı esselərimdə də mən insanlarımızı həqiqətə səsləmişəm.

Yazıçının borcu səsləməkdir, zorakı yolla insanı azadlıq səmtə sürütləmək deyil.

- Hekayələrinizdəki qəhrəmanlardan özünüzə oxşayanı varmı?


- Əslində onların ümumiləşmiş obrazı mən özüməm. Mən əksər qəhrəmanlarımın prototipiyəm. “Müəllifin ölümü” deyimi kökündən səhvdir.

Başa düşmürəm, müəllif durduğu yerdə niyə “ölməlidir”? Yaxud hər hansı əsərdə müəllifin görünməsində hansı qəbahət ola bilər?

Əsərdə “müəllifin ölümü” ideyasını özünü yazmağı bacarmayanlar qabarda bilər.

- Sizin neçə faiziniz şair, neçə faiziniz nasir, neçə faiziniz həkimdir?..

- Həkimlik ömrümdən kəsilən vaxtdır. Poeziya mənim nəsrimin tərkib hissəsidir. Belə çıxdımı ki, mən yüz faiz nasirəm?..

- Özünüzə nələri bağışlamırsınız? Yaxud elə əməliniz olub ki, ona görə hələ də utanırsınız?

- Məncə, belə əməl bilərəkdən, ya təsadüfən hamıda ola bilər. Fikirləşsəm, hökmən taparam.
Söz verirəm, müqəddəslər adi adam olmalarını gizlətməkdən utananda, mən də bəzi əməllərimdən utanacağam.

- Həmişə görmək istədiyiniz, lakin görə bilmədiyiniz yuxular varmı?

- Mən belə problemlərdən uzağam. Toxqarına gördüyün yuxularla həyat qurulmaz ki.

- Elə sual var ki, həmişə gözləyirsən, lakin onu sənə vermirlər?

- Suallar həmişə narahatlıq doğurur. Gözlədiyim sual olmur.

- Ən imkanlı vaxtınız haçan olub? Ümumiyyətlə, var-dövlət, bayramlar, təmtəraq sizin üçün nə deməkdir?

- Maaş aldığım günlər ən imkanlı vaxtlarımdır. Var-dövlət yox, bir tək yaradıcılıq mənə sevinc gətirir. Bayramlar həyat ritmimi pozur deyə, onları çox da xoşlamıram.

Bu anlamda hələ də sovet adamıyam. Onda bayramlar hardasa burjua vərdişləri kimi aşılanırdı. Təmtəraqı da sevmirəm. İndiyəcən heç bir kitabımın təqdimatını keçirməmişəm.

Yubileylərdə də bir məna görmürəm; hətta 60 illiyimi də keçirmədim.
Məna yaradıcılıqdadır. Mənimki budur.

- “Cənub Xəbərləri” qəzetini izləyirsinizmi?”

- Açığı, mütəmadi yox. Yayım mükəmməl deyil. Ancaq üslubunuza yaxşı bələdəm. Qəzet mübarizdir.

Bircə şey nəzərə alınmır ki, axı, qarşı tərəfdəki düşmən yox, Azərbaycan insanıdır. Mövzular rəngarəngdirsə də, həddən artıq məhəllidir.

Region insanını yalnız rayonlardakı məişət problemləri düşündürürmü?

Rayonda yaşamaq küt olmaq deməkdirmi? Azərbaycanın cənubunda çıxan qəzet təkcə Cənub camaatı üçün maraqlı olmamalıdır.

Tənqidim bu. Xətrinizə dəymədi ki?

Söhbətləşdi: Zahir Əmənov

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG