Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:02

«Azərpoçt»la «Azərenerji»nin mübahisəsi abonentlərin başında çatlayır


Şirvan şəhərində elektrik smart-kartlarının yüklənməsi ilə bağlı böyük növbələr yaranıb
Şirvan şəhərində elektrik smart-kartlarının yüklənməsi ilə bağlı böyük növbələr yaranıb
- Bizim indi burda işıqpulu köçürmə yeri var, Şəbəkənin binasındadır, özü də yaman gündədir, üstüörtülü yeri yox, həm də palçığın içi. Növbə uzandıqca uzanır, 2 saatdan artıq gözləməlisən, çoxu da qoca adamlardır.

«AZƏRPOÇT»DAN QƏFİL ADDIM

Şirvan şəhərində elektrik smart-kartlarının yüklənməsi ilə bağlı böyük növbələr yarandığını deyən abonentlər narazılıq edirlər. Onlar bildirirlər ki, şəhərdə enerji təminatı smart-kart sayğacları ilə həyata keçirildiyindən, bir neçə gün əvvələ qədər bu kartlar şəhər poçtamtlarında yaradılmış ödəmə məntəqələrində yüklənirdi.

Ancaq Yeni il ərəfəsində poçtamtlardakı ödəmə məntəqələri qəflətən ləğv olunub, köçürmə aparatları Şirvan şəhər Elektrik Şəbəkəsinin inzibati idarəsinə köçürülüb. Nəticədə inzibati binanın qarşısında kartları yükləmək üçün uzun-uzadı növbələr yaranıb. Hər gün 250-300 nəfərlik növbələrdə huşunu itirənlər, növbə üstündə bir-biriylə üz-göz olanlar var.

Şirvan Regional Enerji Təchizat Şəbəkəsinin satış üzrə direktor müavini Oktay Quliyev yaranmış vəziyyəti «Azərenerji» və «Azərpoçt» arasındakı mübahisə və nəticədə enerji qurumunun «Azərpoçt»un xidmətindən müvəqqəti imtina etməsi ilə izah edir:

«Yerli poçt şöbələri bizə heç bir xəbərdarlıq etmədən müqavilə şərtlərini pozaraq abonentlərdən pul qəbulunu dayandırıblar. Abonentlər əziyyət çəkməsinlər deyə, şəbəkənin binasında açmışıq qəbul mərkəzini. Bu günlərdə problem həll olunmalıdır».

NÖVBƏLƏRDƏ HUŞUNU İTİRƏNLƏR...

Əhali indiyədək 5 məntəqədə qəbul edilən enerji haqlarını indi yalnız bir məntəqədə - enerji şəbəkəsinin inzibati binasında ödəməli olur
Oktay Quliyev deyir ki, indiyədək 5 poçt məntəqəsində quraşdırılmış ümumi sayı 6 olan kart yükləmə aparatları inzibati binaya köçürülüb. Nəticədə əhali indiyədək 5 məntəqədə qəbul edilən enerji haqlarını indi yalnız bir məntəqədə - enerji şəbəkəsinin inzibati binasında ödəməli olur. Bu da binanın qarşısında iri növbələrin yaranmasına səbəb olur.

Şirvanda fəaliyyət göstərən «Aran» İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əlibəy Zeynalov deyir ki, çox əziyyət çəkirlər:

«Bu gün növbədə bir qadının ürəyi gedib, vətəndaşlar şüşələri vurub sındırıblar. Soyuqda hər adam orda dayana bilməz, 5-6 saat növbəyə durmaq lazımdır».

Əlibəy Zeynalovun sözlərinə görə, «Azərpoçt» xidmət haqqını artırmaq, «Azərenerji» isə xərclərini azaltmaq istədiyinə görə də iki qurum arasında müqavilə imzalanmayıb.

«Azərpoçt» Dövlət Şirkətinin direktor müavini Sübhan Kazımovsa problemin yaranma səbəbini həmin məntəqələrə xidmət üzrə müqavilə müddətinin başa çatması ilə əlaqələndirib.

«AZƏRENERJİ» XƏRCLƏRİNİ AZALDIR, CƏZASINI ABONENTLƏR ÇƏKİR

«Azərenerji» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev APA-ya bildirib ki, «Azərpoçt»la müqavilənin uzadılıb-uzadılmayacağı sual altındadır. Çünki Səhmdar Cəmiyyət öz xərclərini azaltmaq fikrindədir. Onun deməsinə görə, Şirvan şəhərində kartlar əvvəllər də 6 aparatla yüklənirdi, indi də həmin qayda ilə yüklənir. Sadəcə, ünvan dəyişib.

Ələkbər Ağasıyev
Azad İstehlakçılar Birliyinin Kommunal Xidmətlər Komissiyasının sədri Ələkbər Ağasıyev deyir ki, «Azərenerji»nin «Azərpoçt»la yaranmış problemi abonentin işıqsız qalmasına səbəb olmamalıdır:

«Hər iki qurumun bu cür məsuliyyətsiz hərəkətlərinin cəriməsini sıravi istehlakçı çəkir. Əgər vəziyyət belə davam etməli olsa, abonentlər kütləvi şəkildə məhkəmələrə müraciət etsinlər və enerji təchizat idarəsindən təzminat tələb etsinlər. Çünki ilin-günün bu vaxtında heç bir səbəb olmadan əlində pulu olub haqqını ödəmək istəyən vətəndaşı işıqsız qoymaq ən yumşaq şəkildə desək, məsuliyyətsizlikdir».

«Köçürüblər 2 kilometr aralıya, əziyyət çəkirik, növbələrdə dayanırıq, dayanmağa da yer yoxdur».

Bunu isə səhərdən axşama kimi növbədə dayanmaqdan əsəbləri pozulduğunu deyən, ancaq smart-kartına pul yükləyə bilmədiyindən hələ də işıqsız qalan təqaüdçü deyir.
XS
SM
MD
LG