Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:08

Həkimlər imtahana çəkilir


Yanvarın 5-də həkimlərin və orta tibb işçilərinin attestasiyasına başlanıb
Yanvarın 5-də həkimlərin və orta tibb işçilərinin attestasiyasına başlanıb
«KİTAB OXUMAQDAN YORULMUŞDUQ»

«Axır günlər kitab oxumaqdan yorulmuşduq». Səhiyyə Nazirliyi 14 saylı tibbi-sanitar hissənin həkimi Gülnarə Müstafayeva həkimlərin imtahanına çox ciddi hazırlaşdığını deyir. O bildirir ki, həmişə ixtisasına uyğun kitablar oxuyub, amma bu dəfə konkret suallar olduğu üçün təxminən mindən çox test sualının cavabına uyğun hazırlaşıb. Amma həmin suallardan həkimlərə yalnız yüz sual verilib:

- Neçə suala cavab verdiz?

- Ümumilikdə yüz sual idi, yüzünə də cavab verdim.

Həmin tibbi hissənin başqa bir həkimi Ofeliya Cəfərli isə sualların asan olduğunu bildirir:

- 1200 suala hazırlaşmışdıq, yüz suala cavab verdik. Ola bilər cavablarımızda səhvlər çıxsın, amma sualların hamısına cavab verdim.

- Mən özümə güvənirəm, imtahandan keçəcəm.

İLK İMTAHAN GÜNÜ 24 HƏKİM BİLİYİNİ SINAYIB


Yanvarın 5-də həkimlərin və orta tibb işçilərinin attestasiyasına başlanıb. İlk olaraq mama-ginekologiya və terapevt ixtisası üzrə 24 həkim Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının binasında imtahan verib.

İmtahanın gedişini səhiyyə naziri Oqtay Şirəliyev də izləyib. Amma o, imtahanla bağlı AzadlıqRadiosunun suallarına cavab verməyib,
İmtahan zalı
sualları həkimlərə ünvanlamağı məsləhət görüb:

«Burda həkimlər var, onlardan soruşun, onlar sizə deyəcəklər necə keçdi imtahan».

İKİNCİ DƏFƏ İMTAHANDAN KEÇMƏYƏN HƏKİM HARA GEDƏCƏK?

Nazir Sertifikasiya Komissiyasını tərk edəndən sonra suallarımıza Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli cavab verdi. Onun dediyinə görə, 60 sualdan aşağı cavab verən həkimlər, orta tibb işçiləri, iş yeri və maaşı saxlanmaqla altı aylıq təkmilləşdirmə kurslarına göndəriləcək. Bu müddət bitəndən sonra həmin şəxslərə özünü sınamaq üçün ikinci şans veriləcək:

«İkinci dəfə imtahanlardan keçməyən həkimin praktik tibb fəaliyyəti dayandırılacaq. Yalnız həmin şəxslər özləri nə vaxt istəsələr onda sertifikasiya prosesinə qoşula bilərlər. Yəni məhdudiyyət yoxdur, 10, 20 dəfə də imtahan verib özünü sınaya bilər. Amma indi imtahana cəlb olunma könüllü yox, icbaridir».

BƏZİ HƏKİMLƏRƏ GÜZƏŞT OLACAQ

Anar Qədirlinin dediyinə görə, immuniteti olan bəzi həkimləri, tibb işçilərini çıxmaq şərti ilə bütün həkimlər beş il ərzində hamısı attestasiyadan keçməlidir:

Anar Qədirli
«Tibb məktəblərinin, tibb universitetlərinin rezidentura məzunları, hamiləliyə görə məzuniyyətdə olanlar və üç yaşına qədər uşağını tək böyüdən həkim və orta tibb işçilərinin beş il ərzində immuniteti var».

Nazirlik rəsmisinə görə, sertifikasiya həkim və orta tibb işçilərinə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Anar Qədirli hesab edir ki, keçirilən attestasiya həkimlərin iş fəaliyyətində keyfiyyət dəyişikliyinə səbəb olacaq.

Hazırda Azərbaycanda 30 minə yaxın həkim, 60 minə yaxın da orta tibb işçisi var.

SINAQ İMTAHANININ QİYMƏTİ?

Səhiyyə Nazirliyi həkimlərin attestasiyasının ancaq müsbət tərəflərindən danışsa da, bəzi media orqanlarında imtahandan keçmək üçün həkimlərdən pul istənilməsi barədə informasiyalar yer alır. Hələ bir neçə ay əvvəl AzadlıqRadiosunun elektron poçtuna göndərilmiş bir məktubda da belə bir iddia vardı.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə imtahanın şəffaf keçirildiyini deyir:

Azər Mehtiyev
«Məndə elə bir məlumat yoxdur, imtahan tam şəffafdır. Nazir də görüşdü imtahan verən həkimlərlə, burda hər yerdə kameralar qoyulub, test sualları kompyuter vasitəsi ilə analiz olunur. İkinci - müsahibə mərhələsi də adlı-sanlı, tanınmış tibb mütəxəssisləri tərəfindən keçirilir. Bu baxımdan şəffaflıq tam təmin olunur».

Səhiyyə ilə bağlı layihələr həyata keçirmiş İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə bu iddiaların əsasız olmadığı qənaətindədir. O hesab edir ki, ölkədə rəqabət mühiti olmadığından, insanların bilik və bacarığı düzgün qiymətləndirilmədiyindən belə məqamlarda aparılan attestasiyalardan insanların şübhələnməyə əsası olur:

«Bir çox hallarda hamı bu kimi mexanizmlərin bir korrupsiya aləti kimi tətbiq olunmasının zaman-zaman şahidi olmaqdadır. Mənə elə gəlir ki, indi həkimlərin və cəmiyyətin narahatlığı bu kimi məsələlərdən doğur».

Cəmiyyətdə belə fikirlər də var ki, indi həkimlər imtahanın gedişindən tam razı olduqlarını bildirib, problemlərdən danışmasalar da, imtahanın nəticələri açıqlanandan sonra danışanlar çox olacaq.
XS
SM
MD
LG