DAYAN, ZAMAN
Pərdələri külək darayır,
saçlarımı barmaqların...
ruhumu sevgin,
ətrimi nəfəsin
Buludlar pambıq barmaqlarıyla
qulağıma pıçıldanan kəlimələr qədər
həzin serenada çalar pəncərədə
Çarpayı bəxtəvərlik şərqisi ilə
rəqs edər,
divardakı rəsmdə
mənə daha çox sarılarsan,
gerçəkdə mən səni içimə qataram...
Beləcə axar gedər zaman,
durdura bilmədiyim
anların arxasınca ağlaram,
bir az da ağrıdan...
Dayan, zaman,
nolar dayan,
DAYAN...
DUL QADIN
Tumara həsrət tellərə
qıymayacaqmış kimi
çiyinlərinə düşdü
qara yaylıq
Qara, qapqara qolları ilə
qoynuna aldı onu
O isə
buz tutmuş əllərilə
köksünə sıxdı
ölüm müjdəçisini
Saatdan çıxdı
tənhalığın acısını
əqrəblər artıq
qapının döyülməyəcəyi anı
göstərirdi.
Zamanı divardakı portretin
bounubükük xatirəlıri ilə
başa vurdu
Yuxusu gəlməyən gecə
Çarpayının üşüyən tərəfi
üşüyən qadının qollarında
yuxuya getdi
SON ÜMID
Həzm edə bilməyəcəyim arzunun
son ümidi yalvarırdı arxası ilə
...bəlkə getmədi?
Şahlıq iddiasında olan
sərxoşlara bənzəyirdim
...bəlkə qayıtdı?
Bir ovuc su kimi
çiləndi arxasınca baxışlarım
...yaxşı yol.
Və...
bəyaz bir dəsmal .
hıçqırırdı əllərimdə