Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Diem Perdidi


Cavid Ramazanov


Azərbaycanda mütaliə səviyyəsinin aşağı olmasının, kitaba biganəliyin əsas səbəblərindən biri, valideynlərin öz öhdələrinə düşən vəzifəni yerinə yetirməmələridir.

Onlar öz uşaqlarına ya normal tərbiyə verə bilmirlər, ya da tərbiyəni düzgün istiqamətdə qurmurlar. Halbuki, uşaqlıq, yeniyetməlik dövründə oxunan kitablar çox vacibdir.

İnsanda oxumaq vərdişi bu yaş dövründə formalaşmağa başlayır. Əgər bu dövrdə mütaliə vərdişi formalaşmadısa, sonradan çox çətin olacaq.

Orxan Pamuk “Öteki rənglər” əsərində, 12 yaşı olarkən qəzetlərdəki köşə yazılarını daim izlədiyindən bəhs edir.

Mən bu faktı biləndə çox təəccübləndim və öz-özümə sual verdim: “Bəs onun valideynləri hara baxırdı?..”.

Yadımdadır, 12 yaşım olanda kitabxanadan Mark Tven, Ernest Seton Tompson, Ekzüperi kimi yazarların kitablarını götürürdüm, amma onları evdə mütaliə etməyə qorxurdum.

Valideynlərimdən, böyüklərimdən hansısa biri mənim bədii əsər oxuduğumu görəndə, gəlib başıma bir qapaz vururdu ki; “Boş-boş şeyləri oxuma, ondansa get dərslərini oxu”.

Halbuki mən müəllim, ziyalı ailəsində doğulmuşdum, nəslimizdə az qala hamı ali təhsilliydi və onlar ziyalı olduqlarını təkrarlamaqdan zövq alırdılar.

Mən də pis oxumağı şənimə sığışdırmayıb dərslərimi yaxşı oxuyurdım. Amma yenə də qapaz gəlirdi.

“Boş-boş şeyləri oxuma, ondansa get dərslərini oxu” ifadəsi, uşaqlığımda valideynlərimin mənə qarşı elan etdikləri müharibənin əsas şüarıydı.

Əslində məqsədim, nə uşaqlıqda balaca dahi olduğum, nə də valideynlərimin pis olduğu kimi ucuz söhbətlər eləmək deyil.

Demək istədiyim, ümumiyyətlə Azərbaycanda valideynlərin öz uşaqlarını düzgün tərbiyə etməməsi, onların kitabın əhəmiyyətini başa düşməməsidir.

Bu ölkədə nə qədər valideyn övladına doğum günündə, bayramlarda, lap elə adi günlərdə kitab bağışlayır? Kitab mədəniyyəti, ənənəsi yoxdu bu ölkədə, bütün bəlalaların səbəbi də budur.

Və buna görə əsas məsuliyyəti valideynlər daşıyır. Ziyalı-ziyasız, varlı-yoxsul, yaşlı-cavan fərq etməz, onların əksəriyyəti bütöv bir nəsli uçuruma yuvarladıqlarını dərk etmirlər.

Kitab hər yerdədir, onlarla pulsuz kitabxanalar, ucuz kitab satan bukinistlər var - sadəcə alıb oxumaq, oxutmaq və oxutdurmaq lazımdır.

Ölkədə kitab oxumaq, mütaliə məsələsini aktuallaşdırmaq istəyənlər ilk növbədə valideynlərlə işləməlidirlər, yoxsa nə qədər istəyirsən müsabiqələr keçir, şagirdləri, tələbələri danla ki, kitab oxumursuz xeyri yoxdu.

Kitabın önəmini əsasən valideynlərə çatdırmaq lazımdır.

Təsəvvür edin 12 yaşlı Orxan Pamuk qəzetdə köşə yazısı oxuyur, birdən atası gəlib onun başına bir qapaz vurur və deyir: “Get öz işinlə məşğul ol, qəzet-məzet sənlik deyil”.

Ona görə də Azərbaycan Azərbaycan, Türkiyə də Türkiyədir. Orxan Pamuk da öz yerində...

***

Yuxudan gec durdum. Gələcəyim üçün vacib olan işlərimi həll etməliydim. Özümə söz verdim ki, bu gün evdən çölə çıxmayacam. Bu arada telefonuma mesaj gəldi. Köhnə tanışım mənlə görüşmək istəyirdi.

Geyinib evdən çıxdım.

Axşamtərəfi dostumla sağollaşıb evə yollanmaq istəyirdim ki, AFU-da Emin Milliylə, Adnan Hacızadənin mühazirəsi olduğu yadıma düşdü. Ora yollandım.

Adnan Hacızadə çıxışında dünyanı dəyişdirən adamlardan bəhs edirdi. Müxtəlif məşhur şəxslərin həyatından misallar gətirib, onların məqsədlərinə çatmasında çalışqanlığın xüsusi əhəmiyyətinin olduğunu vurğulayırdı.

Bir insanın öz məqsədinə çatması üçün on min saat gərəkirmiş.

Əgər uğurlu biri olmaq, məşhurlaşmaq, dünyanın səni tanımasını, mövcud şəraitin dəyişməsini və ən əsası 10 il ərzində bu ali məqsədə çatmaq istəyirsənsə, gününün 3-4 saatını mütləq öz işinə sərf etməli, çalışmalısan.
Mühazirədən çıxanda saat 9 olardı.

Evə gedib, öz məqsədimə çatmaq üçün, 10 000 saatdan 2-3 saatını işimə sərf etmək istəyirdim. Amma dostların birlikdə çay içib, söhbət etmək təklifi daha cəzbedici gəldi- getdik çay içməyə.

Evə çatanda artıq gecəydi. Saata baxdım - 12-yə az qalırdı. “Diem Perdidi” - dedim.

Bu söz latıncadan tərcümədə “günün itirilməsi” deməkdi. Roma imperatoru Tit gün ərzində faydalı iş görmədiyində “Diem Perdidi” deyərmiş.

Bütöv bir gün ərimişdi, ömrümün bir gününü də boş yerə xərcləmişdim. Zamanı geri qaytarmaq mümkün deyildi. Daha bir gün məğlub olmuşdum...
Uşaqlıqda valideynlərim, valideynlərimiz, tarix, şərait günahkarıydı, bəs indi?

Ən qorxuncu bütöv bir ömrü yaşayandan sonra, saçların ağarıb, ayaq üstə durmaqda çətinlik çəkdiyin zaman, bir gün kimi tez keçən həyatına nəzər salıb, “Diem Perdidi” deməkdir. Ona görə də...

www.abzas.net
XS
SM
MD
LG