Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

Orxan Pamuk "Qara kitab"ını anladır


Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk "Başqa rənglər" kitabında öz romanlarını anladır. Bu yazıda roman haqda Pamukun müxtəlif KİV-lərə dedikləri toplanıb.

Əvvəli burda

“QARA KİTAB”

Bütün kitablarım əvvəlki kitabın içindən doğur. Oradakı bir detaldan, bir cümlədən.

“Cövdət bəy və oğulları”ndakı gənclərdən bir anlamda “Səssiz ev” doğdu.

“Səssiz ev”dəki tarixçi Farukdan “Bəyaz qala” yarandı.

“Bəyaz qala”nın xəyali mühitindən oradakı kimi tarixi səhnələrdən, əsrarlı mavi gecə deyə biləcəyim qaranlıq səhnələrdən “Qara kitab” çıxdı.

(M.Ç.Nöqtə)

***

Romanın içində bir köşə yazarı var. Bu köşə yazarının həyatının sonuna doğru bir anlamda vintləri boşalır.

Onun bu boşalma içərisində yazdığı bəzi parçaları romanıma qoymaq lazım idi.

Mən də vintləri boşalmış bir köşə yazarının yaza biləcəyi şeyləri yazmağa çalışıram.

Bu da çox xoşuma gəlir, çünki ümumi olaraq bir romançı bir səhifədə ondan öncəki olaylarla ondan sonrakı olaylara bağlayan cümlələr yazar.

Əlbəttə, roman bir başı və sonu olan bir şeydir.

Bu son romanda içinə diqqətlə yerləşdirəcəyim o köşə yazıları hadisələri bir ölçüdə irəli aparacaq.

Amma bir yandan mənə bir rahatlıq və azadlıq verir, vintlərim bir az boşalsaydı, əcəba, necə yazardım şəklində bir xəyal qurma azadlığı....

(M.Ç.Nöqtə)

***

Köşə yazarları həyatımda önəmli bir yer tutar. 12 yaşından etibarən köşə yazarlarını oxumağa başladım.

Onlara çox əhəmiyyət verirdim. Siyasi və aktual dünyamın koordinatlarını meydana gətirdilər.

Türkiyədə köşə yazarlarının, dünyanın çox az ölkəsində nəsib ola biləcək bir yerləri olduğunu düşünürəm.

Onlar hər şeyin professorudurlar.

Oxuyucusunun dünyaya baxışını mənalandırırlar; onu əsir alırlar. İnsanların dərində yatan bəzi ehtiyaclarına cavab verən bir vərdişdir köşə yazarını oxumaq.

Bizim dünyamızı bəlli ölçülərdə quran bu insanlar sonradan bir növ tanrıya dönürlər.

(M.Ç.Nöqtə)

***

Köşə yazarı Cəlalı kitabın önəmli qəhrəmanlarından biri olaraq seçərkən, yaşayan, diqqətə çarpan bir nümunəm qətiyyən yox idi.

Oxucu da Cəlalın “Qara kitab”da verdiyim bəzi köşə yazılarından çıxış edərək hər hansı bir gerçək köşə yazarını göstərməsini istəmədim.

Yəni romanımdakı köşə yazarını bizdəki zəngin köşə yazarları qalereyasından hər hansı birinə oxşadılmasını istəmədim.

Digər tərəfdən “Qara kitab”dakı Cəlalda bizim köşə yazarlığı tariximizin bir çox tarixi rəngləri vardı.

Çox siyasi və aktual olanları ayırd elədim, gündəlik həyatın detallarına, romandakı sirli atmosferə, bizim qəribəliklərimizə, yazı həyatımızın gülünclüklərinə uyğun gələn detalları, zarafatları seçdim.

Cəlalın köşə yazıları sayəsində yalnız oxumanın zövqlərinə deyil, populyar mədəniyyətimizin, populyar mədəniyyətlə üst mədəniyyət arasında yer alan məşhur yazılı mədəniyyətimizin rənglərinə görməyə çalışdım.

Oxumaq mənim üçün zövqdür, amma bu hər zaman “ən ədəbi” yazıları oxumaq anlamına gəlməz.

Töküntü yazı parçacıqlarını, unudulmuş köşə yazarlarını, kimsənin maraqlanmadığı köhnə kitabları, pis tərcümə olunmuş üçüncü dərəcəli dedektiv romanları, həvəskarların yazdığı qrammatik xətalarla dolu dini risalələri də sevərəm.

Türk ədəbiyyatında dedektiv romanı yox, olması gərəkli deyə bir bir zərurət də yoxdur.

Mənim üçün bu kitabda önəmli olan axtaranın, aşığın, yəni Qalibin arvadının arxasından, izlərin ardınca getməsiydi.

Klassik dedektiv romanlarında bu izlər, bu həyat ayrıntıları hüzün işarələrinə çevrilməzlər heç. “Qara kitab”da isə Qalib arvadını göz yaşları ilə axtarır.

((Atık-Milliyət 2)

***

“Qara kitab” ilə etdiyimə İstanbulda həyatın şiddətinə, rəngarəngliyinə, qarmaqarışıqlığına uyğun bir hekayə çeşnisi tapmaq da deyə bilərəm.

Romanın uzun cümlələri, öz oxu ətrafında fırlanan başgicəlləndirici, barokko üslublu cümlələr mənə şəhərin qarmaqarışıqlığından, tarixindən və bu günkü zənginliyindən, qərarsızlığından və enerjisindən çıxmış kimi gəlir.

“Qara kitab” İstanbula bağlı hər şeyi bir anda söyləyə bilmə həyəcanı ilə yazıldı və kitab bir anda çox-çox şeyi söyləməyə çalışır.

Min bir gecə nağıllarını İstanbulda yaşatmağa çalışmaq da kitabın bir iddiasıdır. İstanbulu gördüyüm və yaşadığım kimi anlatmaq istədim.

Öz sirlərini tükəndirə bilməyən bir yer olaraq, kitabı yazanda Qərb tənqidçilərinin “Ceyms Coysun Dublinlə bağlı etdiyi şeyi Pamuk İstanbulla bağlı edib” deyəcəklərini bilirdim.

Elə də dedilər. Amma mən Coysun dil iddialarını özümdə daşımıram:

Bu bənzətmə şəhərin topoqrafiyasına, detallarına, dükanlarına, tarixinə salam vermək və sevgi duymaq anlamında doğrudur.

Mənim yazdığım şəxsi İstanbul ensklopediyası da sayıla bilər. Mayasında isə yenə Nişantaşı, apartman (bina ev –red.) həyatı,

Əlahəddinin dükanı kimi gerçək məkanlar yer alır. Bu nöqtədən kitab Bəyoğluna və bütün İstanbula açılır.

Oradan da Şərqin hekayəçilik ənənəsinə, təsəvvüf hekayələrinə, məsəllərə, Movlanayə və Şeyx Qalıibə, Rüya və Qalibin eşqini, Qalibin İstanbulda gəzişmələrini yazanda Şərq Şeyx Qalibin “Hüsnü-eşq”ini də fikrimdə tuturdum.

Amma bütün bunlardan da qıraqda “Qara kiab”ın gördüyü əsas şey İstanbulda yaşamağın, küçələrdə yeriməyin, uşaqlığımın, 1970-ci illərdə Nişantaşıda necə bir şey olduğunu ortaya qoymaqdır.

“Qara kitab” həm mənim öz həyatımın, sevdiyim dükanların, şeylərin, Əlaəddinin hələ də açıq olan dükanı, Nişantaşı polis bölməsinin, Taksim meydanı və Bəyoğlunun, eləcə də buraya bağlı çoxlu xatirəmin bir tarixçəsidir, həm də bu nöqtələrdən çıxış edərək bütün İstanbulu tarixi ilə birgə qucaqlamaq cəhdidir.

Bu ikisinin birləşdiyi yer mənim qorxularım, həyata sevgim və bəzən əsrar, bəzən də sayıqlama sandığım yarıqaranlıq bölgədir.

***

“Qara kitab”da illər boyu etmək istədiyim şeyi ən sonda etdim.

Buna bir növ kollaj da deyə bilərəm. Tarix parçacıqları, gələcək parçacıqları, indiki zaman, bir-birinə yabançı kimi görünən müxtəlif hekayələr...

Bunları yan-yana düzmək sezdirilməsi, bəlli-bəlirsiz göstərilməsi lazım olan, bir mənaya işarə vurmaq üçün yaxşı bir üsuldur.

Rəsm sənətində kollajın çətinliyi perspektiv problemi üzündən üçüncü ölçünün itirilməməsindəndir.

Romanda kollaj isə dümdüz gedən hər hansı bir hekayənin monotonluğundan qorumaqla qalmaz, ona üçüncü bir ölçü verir deyə düşündüm.

Tarix, gələcək, ya da indiki zaman ölçüsü...

(Hami-gösteri)


***

“Qara kitab”da “olub keçənlər” yaddaşı qaranlıq künclərindən bir-bir çıxarılıb yan-yana düzülür.

Köhnə, qırıq bir oyuncaq uşağın qolu öz-özlüyündə heç nə deyil; maraqlı olan onun yaddaşımızda tutduğu yerdir.

O nöqtədən bi bağçaya girə bilər, oxucuya göstərmək istədiklərimi zövqlə təsvir edə bilərəm.

Eynən bir əntiq dükanında olduğu kimi bütün zamanlara aid əşyalarla dolu yaddaşımız “hamar” bir hekayədən qaçınmaq istəyən hər yazıçı üçün əvəzsiz bir xəzinədir.

Bu yaddaş həm də yazıçının bütün gücü ilə söykənə biləcəyi yaxşı bir saxlanc, əvəzsiz bir qaladır.

(Hami-gösteri)


***

Xatırlatmaq istədiyim hər şey vardı. Bir deyil, bir neçə şeydir.

Marksist fraksiyalarından, bəktaşilərdən, ya da hürufilərdən söz açarkən hər zaman belədir bu: Amma bu elementlər romanın təməl daşları da deyil.

Ən önəmlisi bu mövzulardan başqa məsələlərdən danışan kimi, sözgəlişi, maşın markalarından, ya da film ulduzlarından söhbət edirmiş kimi yaza bilməkdir.

Bu gün, İstanbulda səhər qızarmış çörək qoxusu içində qəzetini açan bir vətəndaş altı-yeddi dəqiqə ərzində terrorist İslamçılardan tutmuş kompüterçilərə, çinsi məsləhətlərdən iş elanlarına qədər bir yığın obrazla, kəlmə ilə qarşılaşır.

Bir yandan öz gündəlik həyatının dərdləri ilə dumanlı ağlından bu obrazları tez-tez keçirərkən, bir yandan da olub bitənləri mənalandıracaq bir hekayəni axtarır.

Bu qeyri-müəyyənlik, bu qarışıqlıq, bu obrazlar çevrəsi mənim marağımı çəkər.

Əlbəttə, saf bir hekayə, yaxşı bir hekayə axtarıram, amma bu hekayəni günümüzün qarmaqarışıqlığının içinə yerləşdirmək istəyirəm.

(Hamı-göstəri)

***

- «Qara kitab»da şəxsən sizin, daha ən başında xoşbəxtlik imkanının Qalibin əlindən aldığınız söylənə bilərmi?

- Düzdür, bu mənim ağlımdakı qadınlara da bağlıdır əslində. Edgar Allan Poenin (Edqar Po) «Quzğun» şeirini necə yazdığını açıqlayarkən «Ən poetik, ən təəccüblü mövzu nədir deyə düşündüm və tapdım» deyə bir sözü vardı: «18 yaşında gənc, gözəl bir qadının ölümü».

Ən çox istənən ədəbi obraz isə gənc və gözəl bir qadın, ən acıqlı obraz də onun yox olmasıdır. «Qara kitab»da mən belə bir şey elədim.

Mətbəxdə, paltar şkafının başında, ya kamodun yaxınlığında yırğalana-yırğalana gəzinən və bizə vücudunu hiss elətdirən, dərrakəli söhbətilə bizi təəccübləndirən bir qadın adamı maqnit kimi özünə cəzb edir və bu hissi Qalib yaşayır, elə bu üzdən də Röya üçün bu qədər acı çəkir.

Bəzən Röyanı kitabda yetərincə anlada bilmədiyimi düşünürəm.

(Alı-demokrası)



- Uşaqlıq eşqi kitabda önəmli yer tutur?

- Röya-Qalib eşqində, ya da Qalibin Röyaya sevgisində məni həyacanlandıran şey bizə xas olmasıdır.

Bizim sevgi həyatımızda əbədi bir fəqirlik, ruhi bir zənginlik görürəm.

Röya-Qalib eşqi bütün həyatı boyunca tək bir adamı, tək bir qadını sevən bir kişinin hekayəsidir.

Düşündüm ki, belə bir sevginin mükəmməl olması üçün gərək o, uşaqlıqdan başlaya.

- Bizə xas dediyiniz şeyə, romanınızda tez-tez sözünü etdiyiniz “sirlə» bağlılığına bir açıqlama gətirə bilərsizmi?


- Roman həyatımızdakı sirri göstərməlidir. Nədir bu sirr dediyim şey? İçində yaşadığımız, amma yaşadığımızın fərqində olmadığımız bir bağlılığın şüuru, şübhəsi, hissi...

Bunu ancaq ədəbiyyat, hətta ancaq roman göstərə bilir.

Dərinlərdə bir yerdə bütün həyatımızı daha mənalı, anlaşıla bilən bir bilginin, bir sehrli açarın varlığı...

İnsan bu duyğuya qapılır: ancaq bu bilgi ilə sanki özümüz ola bilirik, ancaq bu bilgi ilə qovuşduğumuz zaman sanki hüzur tapa bilərik.

- Bəli, Qalib İstanbulda yalnız arvadını deyil, bu biliyi də axtarır.

- Bəli, kitabıma bir ara bu üzdən «İtkin sirr» deməyi düşünmüşdüm, amma bir qədər dedektiv romanı xatırladırdı.

(Mürşüt-Cümhuriyyət)


(ARDI VAR)

Çevirəni Səadət Akifqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG