Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:53

«Sığorta şirkətlərinin kefidir»


Sahib Məmmədov
Sahib Məmmədov
«SIĞORTA ŞİRKƏTLƏRİNİN KEFİDİR»

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov belə deyir. Gələn ildən bütün işəgötürənlər işçilərini sığortalamalıdırlar. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanunun tələblərinə görə.

Sığortanı iki sığorta şirkəti - «Atəşgah» və «Qala Həyat» aparacaq. «Paşa Həyat» sığorta şirkətisə gələn ilin əvvəlindən bu işə start verəcək. Şirkət qeydiyyatdan keçsə də, lisenziyası yoxdur. Bu haqda şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov AzadlıqRadiosuna deyib.

Sahib Məmmədov deyir ki, əslində, belə yanaşma, yəni sığorta işini sadəcə iki-üç şirkətə tapşırmaq düzgün deyil:

«Qərbdə belə deyil. İşəgötürən sığorta şirkətlərini seçməkdə sərbəstdir. Bizdə belə əsaslandırırlar ki, sığorta sistemi inkişaf etməyib. Həyat sığortası ilə məşğul olanların hamısı ora cəlb olunmayıb. Bəllidir ki, sığorta şirkətlərini elə-belə adamlar yaratmır. Onların arxasında da elə-belə adamlar durmur. Onsuz da bu sığorta şirkətlərinin kefidir. Mən burda sığorta şirkətlərinə lobbiçiliyi də istisna etmirəm».

NİYƏ «PAŞA HƏYAT»?...

Sualı bu cür qoyan Neftçilərin Hüqularını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıdır. O da bu fikirdədir ki, rəqabətə imkan yaradılmalı, işəgötürənə seçim verilməlidir.

«Paşa Həyat»ın rəhbərlərindən biri Niyaz İsmayılov «müştərilər seçimlərində sərbəstdirlər» deyir.

«Atəşgah» Sığorta Şirkətindən Şahsənəm Əmircanova da bu cür yanaşma ilə razılaşmır:

«Düzdü, sığorta şirkəti sığorta haqqı alır. Amma bunun müqabilində on qat, on üç qat artıq da sığorta ödənişləri
Namiq Xəlilov
edirlər».

NAMİQ XƏLİLOV: «LOBBİÇİLİK ÜÇÜN ZƏMİN YOXDUR»

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov isə suallarımızı yazılı cavablandırdı. Cavabda deyilir ki, sığortalılar şirkət seçməkdə azaddırlar. Lobbiçilik üçün heç bir zəmin və imkan yoxdur.

Namiq Xəlilov yaranmış vəziyyəti onunla izah edir ki, Azərbaycanda həyat sığortasını həyata keçirmək üçün lisenziyası olan iki şirkət var. Amma yaxın zamanlarda bir neçə həyat sığortası şirkətinin fəaliyyətə başlaması gözlənir və həmin şirkətlərin də sözügedən icbari sığorta növü üzrə fəaliyyət göstərmək hüququ olacaq.

KİMDİR ONLAR


Şirkətlər haqda qısaca arayış verək. Başlayaq «Qala Həyat»dan.

«Qala Həyat» sığorta şirkəti bir qədər əvvələdək «Qala Sığorta» kimi fəaliyyət göstərib. Amma bu ilin dekabrında şirkət adını və profilini dəyişib - həyat sığortası ilə məşğul olmağa qərar verib. Beləcə, «Qala Həyat » olub.

«Atəşgah Sığorta» şirkətinin səhmdarları «ISR Holding» (49%), Dövlət Neft Şirkəti (30%) və «Ran Exim» şirkətləridir (21%).

«İSR Holdinq»in iş adamı İsgəndər Xəlilova mənsub olduğu deyilir.

Yeri gəlmişkən, səhmdarlarından biri Neft Şirkəti olan «Atəşgah» həm də neftçiləri sığortalayır.
«Paşa sığorta» «Paşa» Holdinq şirkətlər qurpuna daxildir. Holdinqə Paşa Bank, Paşa Tikinti və Paşa Turizm kimi şirkətlər daxildir. WikiLeaks-in məlumatına görə, bu holdinq Paşayevlər ailəsinə məxsusdur. Yada salaq ki, ölkənin birinci xanım Mehriban Əliyeva da paşayevlərdəndir.

SƏNDƏN SƏNƏ ŞİKAYƏTİM VAR


Mirvari Qəhrəmanlı
Qayıdaq «Atəşgah»a. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı «Atəşgah»ın bəzən neftçilərin haqqını tanımadığını deyir:

«Dövlət Nefti Şirkəti guya işçilərini sığorta etdirib. Amma bilinmir kim kimi sığorta etdirib. Bunun şərtləri nədir? Heç bilinmir ki, bədbəxt hadisə zamanı adama nə qədər pul veriləcək. Dövlət Neft Şirkəti «Atəşgah»la işləyir. «Atəşgah»ın bir tərəfi də Dövlət Neft Şirkətidir...».

Mirvari Qəhrəmanlı deyir ki, burda xalq mahnısı yada düşür: «Yar, səndən sənə şikayətim var».

37 yaşlı Sahib Şahmarov iddia edir ki, işlədiyi neft şirkətiylə sığorta şirkəti əlbir olub. Beləcə onun haqqını yeyirlər.

Dediyinə görə, bir il əvvəl işdə xəsarət alıb. Bunu təsdiqləyən şahidləri, sübutları da var. Şahidlərdən biri rəisidir. İş artıq məhkəmədədir:

«İşdə zədələnmişəm. Səkkiz nəfər şahidim var. «Mediclub» da bunu təsdiqləyir. Amma işdə olduğumu sübut edə bilmirəm. Haqqımı tapdalayırlar. Sığortayla bir yerdə əleyhimə gedirlər. Bilmirəm sığortanın miqdarı nədir. Sığorta şirkətinin nümayəndəsi ilə danışmışam. Onlar deyir ki, qardaş, sənin işlədiyin firma deyir ki, işdə olmamasın».

«Atəşgah»dan Şahsənəm Əmircanova deyilənlərlə razılaşmır:

«Mən statistikaya baxıram. Hansısa neft şirkətini sığortalayaq və onu ödəməyək... Belə hal olmayıb. Zəhmət olmasa, desinlər hansı şirkətdir, hansı ildə bağlanıb».

Bu bir nümunədir. Amma qanun qüvvəyə minəndən sonra belə hallar kütləviləşə də bilər. Sahib Məmmədov belə deyir. Onun sözlərinə görə, məcburi sığortalanmadan sonra işəgötürənlə şirkət arasında çoxsaylı problemlər yaşanacaq. Münasibətlər sərtləşəcək. Hətta bəzən tərəflər işbirliyinə gedərək işçinin haqqını yeyəcəklər. Buna hazırlıqlı olmaq lazımdır. Üstəlik də şirkətin müqaviləsinə, ordakı sətiraltı şərtlərə diqqətlə baxmaq yaxşı olar.
XS
SM
MD
LG