Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:35

Azərbaycan gənclərinin «glamour» davası...


Elmin Həsənli, Gülarə Əzimzadə və İlkin Hüseynov
Elmin Həsənli, Gülarə Əzimzadə və İlkin Hüseynov
“Qlamurların kafesi”, “Yaman qlamurlaşmısan haa”, “Qlamur olub, daha bizi bəyənmirsən”... ifadələrinə axır vaxtlar şəhər gəncləri arasında tez-tez rast gəlinir. Kimdir qlamur? Niyə gənclər arasında yayğın olan bu ifadə daha çox neqativ yük daşıyır? Gənclər üçün “14-24” proqramının müzakirə masasında bloqqer Gülarə Əzimzadə, köşə yazarı Elmin Həsənli və fotoqraf İlkin Hüseynov bu haqda fikir mübadiləsi aparıb.

AZ OLSUN, BAHALI OLSUN

Gülarə Əzimzadə: “Glamour” sözü “glam” sözündən əmələ gəlib, şarm, parıltı deməkdir. Orta əsrlərdə hətta “glam” sözünü istifadə edib ovsunlar edirmişlər. İndi isə bir qədər dəyişik mənada işlənir. Qlamurluq əsasən qadınlara adidir, geyim tərzinə, daha sonra kosmetikaya, əyləncəyə aid edilir. Bir şey var ki, nə ucuzdursa, o, qlamurluqdan çıxır. Qlamurların bir prinsipi var ki, az olsun, amma bahalı olsun. Burda medianın da rolu böyükdür. Onlar tendensiya yaradırlar qlamurluq üçün. Azərbaycana bu anlayış, “glamour” sözü 2000-ci ildən sonra gəlib. Qlamur faşizm də var, fotomodellər də var, hətta qlamur rock da var, pop musiqiyə daha yaxındır. Anlayışlar get-gedə o qədər dəyişir ki, hətta mən özüm də səhv salıram. Bir insan “stilni” geyinə bilər, amma bu, onların daxili aləmi ola bilər və biz onları əsl qlamurlarla səhv sala bilərik”.

AZƏRBAYCANDA PSEVDO-QLAMURLAR VAR

İlkin Hüseynov: “Qlamurluq həyat tərzidir. Yüksək səviyyədə olan adamların həyat tərzi. Azərbaycanda qlamur demək olar ki, yoxdur, Azərbaycanda psevdo-qlamur adlanan bir şey var, kirli-qlamur. Azərbaycanda qlamurun əsas cəhəti bir-birinin qarşısında
İlkin Hüseynov
özünü göstərməkdir. İnsanlar var ki, qlamur kimi göstərir, əslində isə elə deyil. Bahalı restoranlara gedir, bahalı geyimlər geyinir, amma iş mühiti, şəxsi mühiti ona imkan vermir ki, qlamur həyata qovuşsun. Adamlar var ki, imkanları çox yüksəkdir, amma onu hələ qlamur saymaq olmaz. Jurnallarda olan fotolara baxıb özünü elə aparmaq hələ qlamur demək deyil”.

QLAMUR İNTELLEKTİN DÜŞMƏNİDİR?

Elmin Həsənli: “Azərbaycanda mənə elə gəlir ki, bu, saxta həyat tərzidir. Yüksəkdə deyilsən, amma ora can atırsan. Bu da heç bir intellektual əsasla deyil, geyimlə, bahalı restoranlarda oturmaqladır. Adamlar tanıyıram ki, heç bahalı restoranda xərcləyəcək pulu yoxdur, amma can atır ki, orda otursun. Bir dostumun fikri var: qlamur intellektin düşmənidir. Mən bununla razıyam. Özünə qlamur deyən biriylə görüşdüm, soruşdum kitab, qəzet oxuyursan? Dedi yox, vaxtım yoxdur.

İNTELLEKTLİ QLAMURLAR DA VAR

İlkin Hüseynov: “Hər insanın öz seçimi var necə həyat tərzi qurmaq istəyir. Xarici filmlərdə gördüyümüz həyat tərzi o insanların statusuna uyğundur. Bizdəki tamamilə başqa məqsədlədir: yüksək cəmiyyətə qalxmaq. Bunun üçün də özünü çox saxta aparır. Fikri odur ki, necə çox pul qazanım, bahalı kafedə xərcləyim. Fikri bununla bağlıdır. Elmin bir şəxsi nümunə gətirdi, amma bu o demək deyil ki, bütün insanlar belədirlər. Yüksək təbəqədən olan elə insanlar tanıyıram ki, onlara qlamur demək olar, intellektləri də, hər şeyi də öz yerində”.

“MƏNİM AZADLIĞIMI BOĞUR O”

Elmin Həsənli: “Mənim qulağımda “qlamur” sözü həmişə “saxta tip” kimi səslənir. Biri var kökdən gəlmə bir əsilzadəlik, məsələn, Türkiyədə Orxan Pamuk var. Həmişə elitar olublar, ailəsi, ata-anası və indi o da elədir. Mən buna qlamurluq demirəm. Ailəlikcə elitar olmayan, amma buna can atanlara qlamur deyirəm. Mən qlamur həyatdan sıxılıram, iyrənirəm, zövq ala bilmirəm. Ucuz bir kafedə mən özümü daha rahat hiss edirəm, nəinki bahalısında, hər şeyin qaydaları, çəngəli bu əllə tutmaq, filan yerdə oturmaq və s. Mən sıxılıram bu yerdə. Mənim şəxsən azadlığımı boğur o”.

BU HƏYATI SƏN SEÇMİRSƏN, O SƏNİ SEÇİR

İlkin Hüseynov: “Əsl qlamur həyatını heç kim seçmir. Sən həyatını sürürsən, sən deyə
Elmin Həsənli
bilməzsən ki, bu həyatı mən seçmişəm. Bu həyata səni öz həyatın gətirib. Bu, sənin xarakterindən asılıdır. Mən özümü qlamur saymıram, amma kateqorik olaraq da yanaşmıram buna. Heç fikirləşmirəm ki, bunun haqqında bu qədər söz-söhbət etmək olar. Zövqlərlə mübahisə etməzlər”.

SOVET DÖVRÜNDƏN SONRAKI MEYL


Gülarə Əzimzadə: “Qlamur özünə baxan insandır, lakin hər özünə baxan qlamur deyil. “Bahalılıq” qlamurun təməl prinsipi olduğu üçün o insanlar bir qrup şəklindədir. Burjualıq bu millətin də canında var. İstəyirlər hər şey dəbdəbəli olsun, bahalı maşınlara can atırlar. Niyə bizdə bu saxta qlamurlar var? Sovet dövründən sonra elə bil zəncirdən buraxıblar və istəyirlər belə görünsünlər. Kompleksləri var, ona görə istəyirlər görünsünlər”.

QLAMUR – REJİM DİSKURSU

Elmin Həsənli: “Azərbaycanda böyük bir qlamur dəstəsi şou-biznesdə olan müğənnilərdir, bir dəstə rusdilli saytlardadır və s. Bunlar hamısı Azərbaycandakı avtoritar rejimin tərəfində dayanırlar həmişə, dəstək olurlar onlara. Mən çox az qlamur tanıyıram ki, onlar Azərbaycandakı rejimə qarşı çıxsınlar. Barmaqla saymaq olar. Əksəriyyəti yaltaqlanırlar Azərbaycan hakimiyyətinə. Cəmiyyətə ziyanları bax burdadır”.

İlkin Hüseynov: “Tamamilə doğrudur, çünki elə də olmalıdır Azərbaycanda. Əslində qlamur cəmiyyət sub-mədəniyyət olmamalıdır, amma Azərbaycanda belədir. Sub-mədəniyyətin də öz yolu var, öz qayda-qanunları var. Ona görə də mən hansısa sub-mədəniyyətin nümayəndəsini tanımıram ki, hansısa rejimə, həyat tərzini dəyişməyə qarşı çıxsın”.

MEYDAN VƏ UZUN DIRNAQ

Gülarə Əzimzadə: “Qlamurun axı nəyinə lazımdır durub meydana çıxsın? Gəlib onu vurarlar, onu dırnağı sına bilər, bahalı paltarı cırıla bilər. O, özünə sığışdırmaq polis bölməsinə getməyi. Onların ən müxalif fikirlisi neytral mövqedədir”.

Elmin Həsənli: “Görünür, qlamurun da müxalif olması üçün demokratiya lazımdır”.

Gülarə Əzimzadə: “Yox, onların prinsipinə daxil deyil. Son dəbli palto harda çıxacaq - onların maraqlandığı mövzu budur”.

DEMOKRATİYADAN QLAMURLARA DÜŞƏN PAY...

Elmin Həsənli: “Qlamur olmaq üçün pula sahib olmalısan, bunun üçün də hakimiyyətin yanında olmalısan və ya ona qarşı çıxmamalısan. Buda ona gəlir ki, əgər demokratiya olsa, qlamur olub müxalif də ola bilərsən. Məsələn, Türkiyədə ən böyük qəzetlərin redaktorları, holdinqlərin prezidentləri var ki, qlamurdurlar, amma hakimiyyətə qarşıdırlar, müxalifdirlər, tənqid edirlər”.

Müzakirədən daha ətraflı xəbər tutmaq üçün verilişi bütünlüklə dinləyin.
XS
SM
MD
LG