Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:59

Azərbaycanlı tələbələr ABŞ-da necə “küçədə qaldılar”?


İqtisadi böhran adamı tualet üçün nəzərdə tutulmuş suyu da içməyə məcbur edərmiş... Söhbət dünyaca məşhur “Work and Travel” proqramıyla ABŞ-a səyahət edən azərbaycanlı tələbə Emindən gedir.

Emin Əlisoy 2010-cu ilin yayında Amerika dövlətinin həyata keçirdiyi işləmək və səyahət proqramı olan "Work and Travel"-la ABŞ-a səfər edib. Eminin və onunla birlikdə səyahətə çıxan dostlarının Amerika macəraları haqqında bir az sonra...

“WORK AND TRAVEL” NƏ VƏD EDİR?

“Work and Travel” proqramı yalnız tələbələr üçün və ancaq yay tətilində nəzərdə tutulub. Tələbələr yay tətili müddətində Amerikada işləyərək həm təcrübə qazanırlar, həm də ingilis dilini inkişaf etdirirlər.

Azərbaycanda “Work and Travel” proqramını təşkil edən 10-12 yerli şirkət fəaliyyət göstərir. Şirkətlər müraciətçi tələbəyə ABŞ-da işin tapılması, orda işlə təmin olunması və digər sığorta xərclərini həyata keçirirlər.

Belə şirkətlərdən birinin təmsilçisi Rəşad Nurəliyev deyir ki, bu proqramla ABŞ-a səfər
Rəşad Nurəliyev
edən tələbə yol xərci ilə birlikdə hardasa 2200-3000 dollar civarında pul ayırmalıdır. Yol xərcini çıxsaq, proqram xərci 1000-1100 dollar olur. “Work and Travel” proqramında saatı 7-8 dollardan başlayıb saat hesabıyla yuxarıya doğru gedəcək işlərdə çalışır tələbələr. Xidmət sahələrində çalışırlar. Xidmət sahəsi deyəndə restoranlarda ofisiant, əyləncə parklarında, əyləncə parklarında oyun zallarında, McDolands, Burger King kimi yerlərdə satıcı qismində və ya otellərdə, turizm-əyləncə mərkəzlərində işlər olur bu proqramda. Menecer və s. kimi böyük işlər deyil”, Rəşad Nurəliyev deyir.

SAXTA İŞ SƏNƏDİ?

Proqram iştirakçılarından Emin Əlisoy onu göndərən şirkətlə müqavilə bağlayıb, proqramın pulunu ödəyib. Sonrakı mərhələ isə iş təkliflərini nəzərdən keçirmək idi.

“Mən yanvar ayında qeydiyyatdan keçmişdim, mənə hər ayın sonunda iş siyahıları gəlirdi. Mübadilə etdiyim şirkətə inandığımdan iş siyahılarını şirkətin rəhbərliyinin ixtiyarına verirdim. Biz getməzdən əvvəl iş təklif olundu və iş üçün müqaviləyə imza atdıq. Biz konsulla viza müsahibəsinə gedəndə məlum oldu ki, bizə təklif edilən iş təklifi saxtadır. Konsul həmin iş təklifi sənədini qəbul etmədi və vizanın alınması 1 həftə də uzandı. Şirkət yeni bir saxta iş sənədi düzəltdi və vizanı aldıq. Mən buna göz yumdum ki, əsas burdan getməkdir, orada iş taparam. Getdim və pis nəticələrini gördüm”.

ÖLKƏSİNDƏN BEZƏNLƏR...

Eminin fikrincə, 3-cü dünya ölkələri üçün nəzərdə tutulmuş bu proqramda təklif edilən iş çox aşağı səviyyəlidir:

Emin Əlisoy
“Öz ölkəsindən bezmiş insanlar gələ bilər bu proqrama, bir də pul qazanmaq məqsədilə. Bu da ona görə ki, sənin ölkəndə yaşayışın aşağı səviyyədədir. Burda da sən işlədiyin iş saatına və aldığın pula heç bir amerikalı işləmir”.

Rəşad Nurəliyev isə Eminin bu narazılığını əsassız sayır. O, saxta sənəd ittihamını rədd edir və Azərbaycandan göndərilən tələbələrin ABŞ-da işsiz qalmasını o, iqtisadi böhranla əlaqələndirir:

“İTTİHAMLAR YALANDIR”

“Bu, tək bizim şirkətdə yaşanan bir şey deyil, istənilən bir şirkətdə ola bilər. Bu il belə bir hal yarandı ani. Heç kim gözləmirdi belə bir şey olacağını. Krizis var idi, amma bu həddə gəlib çıxmasını heç kim gözləmirdi. İşdən atılmalar, işin getməzdən əvvəl təxirə salınması krizisin bu proqrama göstərdiyi təsir idi. Qaldı ki saxta sənədlərə, heç bir şirkət konsulluğu saxta sənədlə ələ ala bilməz. Heç nə nəzarətdən qaçmır”.

Bu il ABŞ-da işləməyə göndərilən tələbələrdən Əsmər Ramazanova da Eminlə həmfikirdir:

DOSTLARIM OLMASAYDI...

“Mənim orada dostlarım var idi, əgər orada olmasaydılar, yəqin ki, küçədə qalacaqdım. Özümlə çox az pul aparmışdım, dostlarım kömək edirdi mənə. Ora gedəndən 1 ay sonra iş tapdım. Orada da iş verən türk idi. O da mənə dedi ki, ancaq 1 həftə işləyə bilərsən, həmin işə başqa adam gələcəkdi. Biz orada nə sponsor gördük, nə qarşılayacaq adam. Şirkət rəhbərliyi bizimlə çox az maraqlandı. Bizim getməyimizə az qalmış dedi ki, iş yoxdur, amma orada bəzi adamlar olacaq ki, sizə kömək edəcək. Mən dostlarımın sayəsində 3 ay qaldım orada”.

Əsmərə Amerikadakı dost-tanışı kömək etsə də, Eminin dediyinə görə, o, bundan da məhrum idi:

“TUALETƏ VERİLƏN SUDAN İÇDİM”
Əsmər Ramazanova


“Pulum müəyyən müddətdən sonra qurtardı, mən ac da qaldım, tualetə verilən sudan da içdim, leysan yağışına da düşdüm, başqa ştata getmək istəyəndə isə avto-stopdan istifadə edirdim”.

“Araçı şirkət tələbəyə iş tapmağa məsuldur. Əgər mən son anda tələbələri yığıb deyirəmsə, orda krizisdir, getməyin Amerikaya, bu, tələbələrdə qorxu yaratmırsa, onda araçı şirkət nə edə bilər?”, deyə Rəşad Nurəliyev sual verir.

ŞİRKƏT MƏSULİYYƏT DAŞIMIR

Onun sözlərinə görə, Amerikada baş verən hər hansı hadisəyə görə, araçı şirkət məsuliyyət daşımır, iş tapmayan tələbəyə isə ödənişi geri qaytarılmır:

“Məsuliyyət daşıyacaq şirkət yalnız sponsor şirkətdir, proqrama ödəniləcək məbləğ isə sponsor şirkətə ödənilir. Orda yaşanan işsizliyin məsuliyyətini araçı şirkət daşımır. Krizisdən dolayı sözsüz ki, bu il işsizlik yaşandı. Bu, yalnız Azərbaycandan gedən tələbələrin deyil, dünyanın bir çox tələbələrinin rastlaşdığı bir hadisə oldu. Şirkətin iş tapmayıb qayıdan tələbəyə pulu qaytarmaq kimi öhdəliyi yoxdur.

“AZƏRBAYCAN SƏFİRLİYİ KÖMƏK ETMƏDİ”

Bu yay Amerikaya iş dalınca gedib, çətinliklə üzləşənlər təkcə Azərbaycan tələbələri olmayıb. Emin Əlisoy:

“Bu problemlə üzləşən türkiyəli tələbələr də vardı, onlara Türkiyə səfirliyi kömək etmək üçün səylə çalışırdı, amma Azərbaycan səfirliyi isə heç bir səy göstərmədi”.

“HEÇ KƏS QAZ VURUB QAZAN DOLDURMUR”

Rəşad Nurəliyev:

“Bu proqramla ABŞ-a gedən tələbələr elə bilirlər ki, qaz vurub qazan dolduracam. Bu proqram bunun üçün deyil, bu, mədəniyyətlər mübadiləsidir. Heç kim varlanmır bu proqramda, yalnız proqram xərcini çıxartmaq imkanı əldə edir. Bu proqramda minus da ola bilər, plyus da ola bilər. Tək Azərbaycanda deyil ki?”

Müzakirədən bütünlüklə xəbərdar olmaq üçün, verilişi dinləyin.

XS
SM
MD
LG