Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:21

İran və Çin mediaya qənim kəsilib


Həbsdə olan jurnalistlərin sayı 1996-cı ildən bəri dünyada ən yüksək səviyyəyə çatıb. Buna təkan verən isə İranda tənqidi fikrə qarşı davamlı təzyiqlər və Çində jurnalistlərin sıxışdırılması olub.

Jurnalistləri Müdafiə Komitəsinin xüsusi hesabatına görə, hazırda 145 müxbir, redaktor və fotoqraf barmaqlıq arxasına atılıb. Bu isə ötən illə müqayisədə 9 nəfər çoxdur.

TƏKCƏ 2 ÖLKƏDƏ 68 JURNALİST HƏBSDƏDİR


İran və Çin – hər biri 34 jurnalisti həbsdə saxlamaqla dünya birinciləridir. Az qala həbsdə olan jurnalistlərin yarısı bu iki ölkənin payına düşür. Daha sonra siyahıda Eritreya, Birma və Özbəkistan gəlir.

Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Simon bildirib ki, dünyada həbs olunan jurnalistlərin sayının artması “sarsıdıcı inkişafdır”. “Bu, az sayda ölkələrdir ki, informasiyanın özü ilə müharibədədir və sistemli olaraq jurnalistləri həbs edirlər”.

İrana gəlincə, təşkilat qeyd edir ki, jurnalistləri təkcə 2009-cu ilin mübahisəli prezident seçkilərindən sonra deyil, hazırda da tənqidi fikrə görə tuturlar. Son iki ayda İran rəhbərliyinin 4 jurnalisti həbs etdiyi bildirilir.

Həbs olunanlar arasında beynəlxalq səviyyədə tanınan yazıçı, həm də köşə yazarı olan İssa Saharkhizdən tutmuş, qadın hüquqlarından yazan 18 yaşlı bloqqer Navid Mohebbi də var.

JURNALİSTLƏR DAHA ÇOX XƏYANƏTDƏ GÜNAHLANDIRILIR


Çində isə həbslərin sayı 2009-cu illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Uyğur və tibetli jurnalistlərinin ötən ilin sonundan başlayan həbsi bu il də davam edib. Onlar rəsmən qadağan olunan etnik məsələlər və regionda baş verən iğtişaşlar barədə yazdıqlarından həbs ediliblər.

Həm Çin, həm də İran jurnalistləri tutmaq üçün dövlət əleyhinə ittihamlardan yararlanıb. Jurnalistləri Müdafiə Komitəsi yazır ki, bütün dünya üzrə jurnalistləri daha çox xəyanət, çevriliş cəhdi və ya milli maraqlara zidd hərəkətlərə görə həbs ediblər. Azı 72 jurnalist bu ittihamlarla tutulub. Onların arasında Qazaxıstanda qəzet redaktoru, Tunisdə televiziya jurnalisti, Burundidə xəbər saytının redaktoru, Vyetnamda bloqqer də var.

Məsələn, tunisli jurnalist Fahem Boukadous “ictimai asayişi pozduğuna” görə həbs olunub. Səbəbsə ucqar dağlıq bölgədə fəhlələrin etirazı barədə reportaj hazırlaması olub. Qazaxıstanda isə Ramazan Yesegepov təhlükəsizlik xidmətinin səlahiyyətlərindən sui-istifadə etdiyinə dair məlumat yaydığına görə “dövlət sirri” ittihamı ilə azadlıqdan məhrum edilib.

2010-cu ildə azı 1 jurnalist həbsdə ikən vəfat edib.

Jurnalistləri Müdafiə Komitəsi inanır ki, jurnalistlər fəaliyyətlərinə görə həbs olunmamalıdırlar. Təşkilat həbsdə jurnalisti olan ölkələrə məktub göndərərək öz narahatlığını ifadə edib.

Ötən il ərzində təşkilatın təşəbbüsü ilə azı 46 jurnalist vaxtından əvvəl azadlığa buraxılıb.

Hazırda Azərbaycanda 1 jurnalist həbsdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG