Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:14

«Aləmi qarışdıran» Assanj həbs olundu


WikiLeaks təşkilatının rəhbəri Culian Assanj dekabrın 14-ə qədər həbsdə qalacaq

Bu barədə qərarı dekabrın 7-də London məhkəməsi verib. WikiLeaks təşkilatının rəhbəri özünü London polisinə elə həmin gün təslim edib.

Polislə görüşü onun vəkilləri təşkil ediblər. Vəkillər Assanjın zaminə buraxılması üçün məhkəmə qarşısında vəsatət qaldırıblar.

Amma vəsatət təmin edilməyib. İndi məhkəmənin 28 günü var ki, Assanjın İsveçin xahişi ilə oraya ekstradisiya olunmasına razılıq verib-verməməsi haqda qərar çıxarsın.

Assanjın həbsinə orderi İsveç verib.

Onu zorlamada ittiham edirlər

WikiLeaks-in rəhbəri bu ittihamları rədd edir və deyir ki, bu, onu susdurmaq və ləkələmək üçün böhtan kampaniyasıdır.

Axır günlərdə Assanj və onun təşkilatı ətrafında tor daralırdı.

Onun İnternet saytı Amerika, Fransa və bir sıra başqa ölkələrdə qapadılmış, həmçinin bəzi bank hesablarına həbs qoyulmuşdu.

Assanj bildirir ki, bütün bunlar onun açıqladığı məxfi sənədlərə cavabdır.

WikiLeaks dünya boyu Amerika diplomatlarının Vaşinqtona ünvanladığı gizli teleqramların mətnini dərc edir.

250 min belə sənəddən yalnız cüzi bir hissə mətbuata açıqlanıb

Assancın vəkili Mark Stefens London məhkəməsi qaşısında jurnalistlərin suallarını cavablandırır. 7 dekabr 2010
Bu məlumatlarda diplomatların - xidmət göstərdikləri ölkələrin rəhbərləri haqda dəyərləndirmələri, Amerikanın dünya boyu strateji saydığı obyektlərin siyahısı və digər məqamlar əksinmi tapıb.

Bir çox ölkələrin rəsmiləri bu sənədlərdən sonra Amerikanı kəskin tənqid ediblər.

Amerika isə bəzi sənədlərin – məsələn strateji obyektlərin siyahısının açıqlanmasını “terrorçulara yardım edəcək” bir addım adlandırıb.

Amma Assanjın həbsinə baxmayaraq onun yoldaşları bildiriblər ki, teleqramları açıqlamaqda davam edəcəklər.

Son açıqlanan teleqramlarda deyilir ki, Rusiya 2008-ci ildə Gürcüstana hücum edəndən sonra NATO qərara gəlib ki, Baltik dövlətləri və Polşanın Rusiyadan müdafiəsini gücləndirən gizli plan hazırlasın.

Həmin plana görə, belə bir hücum olarsa, Amerika, Britaniya, Almaniya və Polşaya məxsus 9 hərbi birləşmə həmin hücumu dəf etməyə cəlb ediləcək.

Bundan başqa hərbi donanmadan istifadə ediləcək

Amerika təklif edib ki, Baltik limanlarında xüsusi hərbi dəniz qüvvələri yerləşdirilsin, Polşada isə F-16 təyyarələri..

Teleqramda deyilir ki, Rusiya-NATO münasibətlərində gərginliyi artırmamaq üçün həmin plan gizli saxlanmalıdır.

“Guardian” qəzetinin məlumatına görə, plan NATO-nun bu yaxınlarda baş tutan Lissabon sammitində səssizcə təsdiqlənib.
XS
SM
MD
LG